Davos Forumunda Azərbaycanın dünya dövlətləri üçün əhəmiyyətli ölkə olduğu vurğulanıb

Davos Forumunda Azərbaycanın dünya dövlətləri üçün əhəmiyyətli ölkə olduğu vurğulanıb
19:43 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Samirə Quliyeva, AzərTAc
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun “Yeni qlobal kontekst” mövzusunda 45-ci iclası keçirilir. Dünyanın aparıcı ölkələrinin liderləri, ən tanınmış şirkətlərin və kooperasiyaların rəhbərlərinin iştirak etdiyi forumda qlobal iqtisadi proseslər, maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı iqtisadi təhlillər aparılır. Ən mühüm məqamlardan biri Azərbaycanın böyük iqtisadi potensialı, həyata keçirilən islahatlar, dünyanın enerji təchizatındakı rolunun müzakirəsi olub. Xüsusilə də Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi qlobal əhəmiyyətə malik mühüm fikirlər iştirakçıların dərin marağına səbəb olub.
Davos Forumunu şərh edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov AzərTAc-a bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri və regional əməkdaşlıqla bağlı fikirləri olduqca mühüm əhəmiyyət kəsb edən, region dövlətlərini geniş birgə əməkdaşlığa dəvət edən çağırışlar kimi qiymətləndirilə bilər: “Prezident İlham Əliyev Azərbaycanın bütün ölkələr üçün qlobal layihələrdə iştiraka açıq olduğunu və respublikamızın bu istiqamətdə atdığı addımların beynəlxalq əməkdaşlığa geniş imkanlar açdığını bəyan edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan qlobal əhəmiyyət daşıyan layihələrə imza atmaqdadır, xüsusilə də bütün Avropa ölkələrini əhatə edən “Cənub” qaz dəhlizi kimi nəhəng layihəyə start verilib və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələri üçün hərtərəfli imkanlar yaradılıb. Bu, onu göstərir ki, Azərbaycan dünya dövlətləri üçün vacib və əhəmiyyətli ölkədir. Qlobal enerji məsələləri ilə bağlı aparılan müzakirələrdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir”.
Aydın Hüseynovun sözlərinə görə, Davos Forumunda dünya iqtisadiyyatı ilə bağlı çoxsaylı fikir müxtəlifliyi nəzərə çarpsa da, Azərbaycanın sabit və dayanıqlı iqtisadi inkişafı da təqdir olunub. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişafını davam etdirir, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı düşünülmüş siyasət nəticəsində artıq ölkəmiz neftdən asılı olmadığını təsdiq etməkdədir. Hazırda ölkə iqtisadiyyatının inkişafını təmin edən əsas mənbələr qeyri-neft sektorunda cəmləşib.
Həmçinin bir neçə il əvvəl uzaqgörən siyasətin nəticəsi kimi neft gəlirlərinin insan kapitalına çevrilməsi siyasəti öz uğurlarını göstərməkdədir. Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb.
YAP-ın iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib ki, Azərbaycan dövlət başçısının Ermənistanın işğalçılıq siyasəti ilə bağlı mövqeyi də dünya birliyini qısa zamanda münaqişənin sülh yolu ilə həllinə dəvət edən qətiyyətli və prinsipial çağırış idi. Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də keçmiş SSRİ məkanındakı bütün münaqişələr eyni yanaşma yolu ilə həll olunmalıdır. Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq hüquq normaları BMT-nin nizamnaməsində, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əksini tapıb. Yalnız beynəlxalq hüquq normalarına əməl edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar.
Aydın Hüseynov onu da əlavə edib ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur və bu bir neçə istiqamətdə özünü göstərir: “Dünya İqtisadi Forumunun 2014-2015-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə mövqeyini daha da yaxşılaşdıraraq 148 ölkə arasında 38-ci pillədə qərarlaşıb. Əvvəlki hesabatla müqayisədə mövqeyini daha da yaxşılaşdıran respublikamız Şərqi Avropada ən çox rəqabətə davamlı iqtisadiyyat qurmağa nail olan ölkə kimi səciyyələndirilir. Azərbaycan bu indeks üzrə MDB və türkdilli dövlətləri arasında birinci yerdə qərarlaşıb. Respublikamız makroiqtisadi sabitlik indeksi üzrə mövqeyini son bir ildə 10 pillə yaxşılaşdıraraq 8-ci yerdə qərarlaşıb. Bu, dünya ölkələri üzrə ən yaxşı göstəricilərdən biridir”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Davos_Forumunda_Azerbaycanin_dunya_dovletleri_uchun_ehemiyyetli_olke_oldugu_vurgulanib-827136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR