Məhəmmədli kəndinin "göy üzündən doğan" problemləri

Məhəmmədli kəndinin "göy üzündən doğan" problemləri
20:17 23 Yanvar 2015
295 Sosial
Ölkə mətbuatı
A- A+

İlin hər fəsli gözəldir. Buna görə də hər fəslin heyranı, yolunu gözləyənləri var. Qış fəslini isə daha çox uşaqlar sevirlər. Ətrafı ağ örpəyə bürüyən qış gəlişi ilə uşaqlara sevinc gətirir. Qar adam düzəltməyi, qartopu oynamağı, Şaxtababa, Qarqızla əylənməyi uşaqlar daha çox sevirlər. Uşaqların qış fəslinə olan sevgisini Azərbaycan şairi, xalqımızın maariflənməsinə böyük xidmətləri olan Abdulla Şaiq daha dolğun tərənnüm edib:
 
Saqqalı ağ, saçı ağ,
 
Əlində zorba çomaq
 
Gəldi qocalmış baba
 
Şaxtababa, qışbaba.
 
Gurladı boğuq səsi
 
Uğuldadı nəğməsi:
 
“Ay uşaqlar, mən qışam,
 
Burda mənzil salmışam.
 
Mən gələndə qar yağar,
 
Onu sevər uşaqlar.
 
Qardan adam yaparaq,
 
Oynarlar qar-topalaq.
 
Soyuq qış axşamında
 
İsti ocaq başında
 
Nağıl deyir nənələr,
 
Qulaq asır nəvələr”.
 
Çöldə ayaz, boran, qar,
 
Qışın da bir dövrü var...
 
Təbii ki, qış fəslini uşaqlarla yanaşı, böyüklər arasında da sevənlər çoxdur. Təəssüf ki, “əlində zorba çomaq” gələn şaxtalı, çovğunlu qışbabanın gəlişi şeirdə deyildiyi kimi, hər kəsi sevindirmir. Düzdür, bizim ölkəmizdə iqlim o qədər də soyuq deyil. Amma yenə də qışın gəlməsi ilə ənənəvi olaraq əhali qaz, işıq, su problemlərini yaşayır. Qar əridikdən sonra isə fəlakət vəziyyətinə düşən şəhərləri, kəndləri xatırladıqda düşünmək nə qədər də xoş olmasa da, istər-istəməz fikirləşirsən ki, bizə qış yaraşmır. Qışbabanın əlindəki “zorba çomaq”dan əziyyət çəkənlərdən biri də böyüklü-kiçikli Abşeron rayonu Məhəmmədli kənd sakinləridir. Onların sözlərinə görə, qışın gəlişi ilə Məhəmmədli kənd sakinlərinin məişət qayğıları daha da çoxalır. Nə uşaqlar qışı qış kimi yaşayır, nə də valideynləri.
 
Məhəmmədli kəndinin Nəsrəddin Tusi küçəsinin sakini Əsədov Mahirin sözlərinə görə, havalar soyuyan gündən etibarən kəndin işıqları çox zəifləyir: “Normal işıq verilmədiyi üçün soyuducum, televizorum sıradan çıxıb. İşığın zəif olması ilə əlaqədar olaraq məişət əşyaları xarab olanların sayı kifayət qədərdir”. “Göyün üzünə bulud gələn” kimi işıqlarımızı söndürürlər deyə gileylənir Əsədov Mahir: “Digər vətəndaşlar kimi biz də istəyirik ki, normal işıqdan istifadə edək. Bir az külək əsən, qar yağan kimi işığı söndürürlər. Demək olar ki, hər qış fəslində ayın on gününü işıqsız qalırıq”.
 
“Bəzən sutkalarla kəndə işıq verilmir”
 
N.Tusi küçəsində yaşayanların öz vəsaiti hesabına evlərinə işıq çəkdirdiklərini qeyd edən Əsədov Mahir bildirdi ki, onların yeni transformatora ehtiyacları var.
 
3 ildir ki, Məhəmmədli kəndinin N. Tusi küçəsində yaşadığını dilə gətirən Həmidov Rahil isə bunları dedi: “Ölkəmiz günü-gündən inkişaf edir. Efirlərdən izləyirik ki, ucqar kəndlərin belə işıq, qaz, su problemi sürətli şəkildə həll olunur. Amma bizim kəndin uzun illərdir ki, işıq problemi, su problemi qalmaqdadır”. Yaşlı ata-anası və körpə nəvəsi olan Həmidov Rahil qış aylarında işığın zəif olması və ya olmaması ucbatından çox əziyyət çəkdiklərini dilə gətirdi: “İşıqlarımız çox zəifdir. Axşam düşəndə, demək olar ki, közərir. Bəzən sutkalarla kəndə işıq verilmir. Sakinlərin çoxu evlərini isitmək üçün kombidən istifadə edirlər. Bu səbəbdən də soyuq qış günlərində işığımız olmadığı üçün evlərimiz soyuyur, körpələrimiz, qocalarımız xəstələnirlər. Onu da qeyd edim ki, bizim küçənin su xətti də yoxdur. Suyu maşınla alıb, boçkalarla doldururuq. İşıq olmadıqda və ya zəif olduqda isə su motoru işləmədiyi üçün sudan da istifadə edə bilmirik”.
 
“6 tonu 20-25 manata başa gəlir”
 
Üzləşdiyi məişət problemləri ilə bağlı "Zaman Azərbaycan"a danışan Məmmədov Qələndərin sözlərinə görə, Məhəmmədli sakinləri uzun illərdir ki, su və işıq problemi yaşayırlar: “Havaların soyuması ilə əlaqədar işıqlarımız tez-tez sönür, uşaqlar da dərslərinə hazırlaşmaqda çətinlik çəkirlər. Onu da qeyd edim ki, işıqlarımız sönməsə belə, axşamlar o qədər zəifləyir ki, göz-gözü seçmir, uşaqlar kitab oxuya bilmirlər”. Küçənin su xəttinin olmaması barəsində də danışan Q. Məmmədov bunları dedi: “Küçəmizin su xətti olmadığı üçün suyu sifarişlə gətizdiririk. Bunun da 6 tonu 20-25 manata başa gəlir. Ay ərzində isə azı iki dəfə su sifarişi verməli oluruq. Əgər su xəttimiz olarsa, suya verdiyimiz 50-60 manat pulu başqa ehtiyaclarımız üçün xərcləyərik”. Qapısındakı işıq dirəyinə bağlanan və hörümçək torunu xatırladan işıq xəttini göstərib bizə işarə edən müsahibimiz aidiyyəti dövlət qurumlarına səslənərək, onların bu problemini həll edəcəklərinə ümidlərini ifadə etdi.
 
“Şikayətçi abunəçilərin hamısının sayğacı var, amma...”
 
Məhəmmədli kəndinin işıq problemi ilə bağlı “Azərenerji” ASC-nin Sumqayıt Regional Elektrik Şəbəkəsinin rəisi Saleh Məmmədli ilə əlaqə saxladıq. Mövzumuzla bağlı suallarımızı cavablandıran S. Məmmədli bunları dedi: “Havaların soyuması ilə bağlı əhalinin elektrik enerjisindən istifadəsi çoxalır. Bu da xətlərin davam gətirməməsinə, müxtəlif qəzaların baş verməsinə səbəb olur”. Müsahibimiz onu da əlavə etdi ki, sakinləri kommunal xidmətlərlə icra hakimiyyəti orqanları təmin etməlidirlər: “Məhəmmədlidə bəzi vətəndaşlara texniki şərt də verilib, onların elektriklə təchizi öz hesablarına olmalıdır. Əgər yeni tikilən evlərdirsə, icra hakimiyyəti orqanları vətəndaşları bütün kommunal xidmətlərlə təmin etməlidirlər”. Vətəndaşların özləri işıq çəkiblərsə, biz onları dəyişə bilmərik deyən S. Məmmədli fikirlərini belə davam etdirdi: “Ola bilməz ki, bizim idarənin əməkdaşları transformator olmadan, texniki şərtlər gözlənilmədən vətəndaşlara elektrik xətti çəkib, sayğac quraşdırsınlar. Bəzən vətəndaşlar işıq xətlərini özləri çəkirlər. Belə kustar üsulla çəkilən işıq xətlərini dövlət nə vaxt vəsait ayırarsa, onda dəyişə bilərik”. “Şikayətçi abunəçilərin hamısının sayğacı var. Bəs onlar sayğacı necə əldə ediblər?” sualına isə S. Məmmədlinin cavabı belə oldu: “Sayğacı o nöqteyi-nəzərdən qoyuruq ki, vətəndaşlar elektrik enerjisi istifadə edirsə, onun pulunu ödəsinlər. Elə hal olur ki, elektrik xəttini yaşayış mənzilinə vətəndaşın özü çəkir. Amma bizim tərəfdən bildirdikdə ki, sizin xətt texniki şərtə uyğun deyil, şikayət edirlər”. S.Məmmədli onu da əlavə etdi ki, elektrik xətlərinə onun rəhbərlik etdiyi idarə cavabdehlik daşımır: “Kommunikasiya xətlərinin vəziyyətinə icra hakimiyyəti orqanları cavabdehlik daşıyırlar”. 
 
İcra Nümayəndəliyindən və “Azərsu”dan açıqlama
 
S.Məmmədlinin sözügedən problemlə bağlı icra hakimiyyəti orqanlarını qınadığına görə Məhəmmədli kəndinin icra nümayəndəsi Şahmalı Həsənovun da fikrini öyrəndik: “Kənddəki transformatorlar kənd sakinlərinin elektrik enerjisinə olan tələbatını ödəmir. Elektrik xətlərinin çəkilməsi, transformatorların quraşdırılması və s. məsələlərlə “Azərenerji” ASC məşğul olur. Bu yaxınlarda bələdiyyənin hesabına bir transformator alıb, vətəndaşların istifadəsinə verdik. Bələdiyyənin büdcəsi imkan verən kimi çalışacağıq ki, yeni transformator da alaq”.
 
Adıçəkilən yaşayış məntəqəsinin su problemi ilə bağlı suallarımızı isə “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Anar Cəbrayıllı cavablandırdı: “Məhəmmədli qəsəbəsi, Nəsrəddin Tusi küçəsinin bir hissəsində su şəbəkəsi var. Yerdə qalan hissəsinin su ilə təmin edilməsi üçün isə layihəmiz hazırdır. Bildiyimiz kimi, “Azərsu” ASC su xətlərinin çəkilişini dövlət vəsaiti ilə reallaşdırır. Bizə həmin su xəttini çəkmək üçün vəsait ayrılan kimi həmin layihənin icrasına başlayacağıq”.

Milli.Az

 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR