Ankara səfəri: strateji əməkdaşlığın yüksək nümunəsi

Ankara səfəri: strateji əməkdaşlığın yüksək nümunəsi
20:18 23 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+


Azərbaycan Prezidentinin Türkiyəyə son səfəri dünya mediasının diqqət mərkəzindədir. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın apardıqları danışıqların, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının, imzalanan sənədlərin, bütövlükdə əldə olunan razılaşmaların təhlili çox maraqlı nəticələr çıxarmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın digər nümunə yoxdur. Ancaq bunun təməlində hansısa amillər deyil, konkret taktika və strategiyaya malik siyasət durur. Xüsusilə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət qeyd edilməlidir. İndi ölkə regional və qlobal əhəmiyyətli layihələrin fəal iştirakçısıdır. O, bu yoluna dönmədən davam edir. 
Siyasi və iqtisadi yaxınlıq: dünyanı heyrətləndirən reallıq
Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğuna heç kəsin şübhəsi yoxdur. Bu iki dövlət bütün sahələr üzrə bir-birinə çox yaxındırlar – onlar qardaşdırlar. Lakin dövlət miqyasında sıx əlaqələr qurmaq siyasi ustalıq tələb edir. Bunun əsasını ulu öndər Heydər Əliyev qoyub. Məhz həmin işi indi Azərbaycan və Türkiyə rəhbərliyi uğurla davam etdirir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu il ilk səfərini Türkiyəyə etdi. Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirildi. Türkiyə tərəfi Azərbaycan Prezidentini böyük təntənə ilə qarşıladı. Bunun xüsusi əhəmiyyəti var. Rəsmi Ankara Azərbaycana bir dövlət kimi yüksək qiymət verdiyini növbəti dəfə dünyaya nümayiş etdirdi.
Gözlənildiyi kimi, Prezident İlham Əliyevin Türkiyədə apardığı müzakirələr çox uğurlu oldu. Bütün sahələr üzrə əməkdaşlığı yeni səviyyəyə qaldırmaq haqqında razılıq əldə olundu. Hazırda iki ölkə arasında iqtisadi-ticari əlaqələrin həcmi 5 milyard dollar təşkil edir. Müxtəlif sferaları əhatə edən əlaqələrin 2020-ci ilə qədər inkişaf dinamikası ətrafında çox səmərəli danışıqlar aparıldı. İqtisadi sahədə həmin müddətdə Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşunu 20 milyard ABŞ dolları həcminə çatdırması gözlənilir. Hazırda Türkiyə tərəfi Azərbaycana 10 milyard ABŞ dolları miqdarında sərmayə yatırıb.
Bunların fonunda TANAP layihəsinin icrası məqsədilə 45 milyard dəyərində vəsaitin xərclənməsinin nəzərdə tutulması kifayət qədər maraqlı görünür. Ankaradakı görüş zamanı vurğulandığı kimi, neft və qaz sahəsində həyata keçirilməli olan layihələrlə yanaşı, nəqliyyat sferasında da nəhəng işlər görülməlidir. Bunun nəticəsində İstanbul-Pekin dəmir yolu xətti işə salınmalıdır. Bu marşrut Azərbaycan ərazisi üzərindədir. Deməli, ölkəmiz faktiki olaraq Şərqlə Qərbi birləşdirəcək əməkdaşlığın mühüm məntəqələrindən biri olacaq.
Faktları təsadüfən vurğulamırıq. Biz ayrıca qeyd etmək istəyirik ki, Türkiyə-Azərbaycan əlaqələri indi yalnız iki ölkə və regionun miqyası ilə deyil, bütövlükdə dünya səviyyəsində əhəmiyyət kəsb edir. Bu, olduqca vacib bir nəticədir. Çünki hazırda qlobal miqyasda böhranların vüsət aldığı, bir sıra regionlarda ixtilafların dərinləşdiyi, hətta inkişaf etmiş dövlətlərin belə ziyanlar gördüyü, böyük itkilər verdiyi şəraitdə Türkiyə və Azərbaycanın möhtəşəm proqramlar həyata keçirməyə başlaması strateji əhəmiyyətli amillərdəndir.
Həmin kontekstdə Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanla həmrəy olduğunu xüsusi vurğulaması məmnunluq doğurdu. Prezident Rəcəb Tayyib Ərdoğan açıq bildirdi ki, "bu mövqedən geri çəkilmək mümkün deyil". Göründüyü kimi, hər iki ölkə geosiyasi tendensiyalardan asılı olmayaraq bu münaqişənin həllində öz prinsipial mövqelərini saxlayacaq. Digər mənaları ilə yanaşı, bu, bir sıra qüvvələrə mesajdır. Onlar son zamanlar Türkiyə və Azərbaycanın böyük dövlətlərin təzyiqi ilə problemin nizamlanmasında mövqe dəyişikliyi edə biləcəkləri barədə informasiyalar yayırdılar. Xüsusən qondarma erməni soyqırımının "yubileyi" ilə bağlı Ankaranın nələrəsə məcbur ediləcəyini yazırdılar.
Əslində, bütün bu iddiaların cavabını R.T.Ərdoğan Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbiri aprelin 24-ü tarixinə təyin etməklə vermişdi. Həmin tədbirə Azərbaycan Prezidentinin də dəvət edilməsi ortaq maraqların böyük təntənəsini ifadə edir.
Strateji hədəflər: müstəqil siyasətin üstünlükləri
Bütün bunlar Ankarada imzalanan sənədlərin konkret məzmunu ilə strateji məqsədlər arasında sıx əlaqənin olduğunu təsdiqləyir. Tərəflər siyasi, enerji, hərbi, nəqliyyat sahələri ilə yanaşı, maliyyə və gömrük sferalarında da əlaqələri yeni səviyyəyə yüksəltmək barədə ortaq mövqeyə gəliblər.
Burada maliyyənin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, terrorun maddi qaynaqlarına qarşı birgə fəaliyyət nəzərdə tutulur. Həmin aspektlərin indi nə qədər aktual olduğu məlumdur. Belə görünür ki, iki ölkə daim strateji hədəflərə uyğun hərəkət edir, əməkdaşlığa çox ciddi məzmun verirlər. Bu baxımdan hərbi sahədəki əlaqələr də maraq doğurur.
Azərbaycan Prezidenti Ankarada açıq bəyan etdi ki, "Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, öz hərbi sənayemizin inkişafına da böyük diqqət yetirilir". Bu, o deməkdir ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı yalnız silah satışı ilə məhdudlaşmayıb, həm də qarşılıqlı şəkildə hərbi qüdrətin artmasına xidmət edir. Daha təcrübəli dövlət kimi Türkiyə tərəfi həmin sahədə Azərbaycana istənilən dəstəyi verir. Cənubi Qafqazda ikinci elə bir ölkə yoxdur ki, böyük güclərlə analoji məzmunda hərbi əməkdaşlıq strategiyasına malik olsun.
Yuxarıda vurğulanan məqamlardan aydın görünür ki, Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri zamanı nəinki bu gün aktual olan, eyni zamanda, strateji əhəmiyyət kəsb edən məsələlərə toxunulub. Bu səfərin region üçün çox ciddi müsbət nəticələr verəcəyi şübhəsizdir. Burada əsas olaraq iqtisadi, enerji, nəqliyyat, elm, mədəniyyət və təhlükəsizlik sahələrini qeyd etmək lazımdır. Çünki söhbət iki qonşu dövlətin regionun sabitliyi və sürətli inkişafı üçün gəldikləri razılıqdan gedir. Onlar Gürcüstanı da bu proseslərdən kənarda qoymurlar. Ankaradakı müzakirələrdə epizod kimi bu məsələ də xatırlanılıb. İstisna yalnız Ermənistandır.
Türkiyə və Azərbaycanın İrəvanın təcavüzkarlıq planlarından əl çəkməyəcəyi halda onunla əlaqə yaratmayacaqlarını bir daha bəyan etmələri təhlükəsizlik aspektinə çox böyük önəm verildiyini göstərir. Bu, həm də iki dövlətin sistemli və ardıcıl olaraq əməkdaşlıq kursu yeritdiklərini sübut edir. Həmin kontekstdə bir vacib məqamı da vurğulamaq yerinə düşər.
Türkiyədə aparılan danışıqlar Prezident İlham Əliyevin dövlətçilik, milli maraqların qorunması, Azərbaycanın hər zaman müstəqil ölkə kimi tanınması istiqamətində böyük zəhmət sərf etdiyini növbəti dəfə təsdiqlədi. Məsələ burasındadır ki, dövlət başçısının qarşılanma mərasimindən tutmuş nail olunan razılıqların məzmununa qədər bütün detallar İlham Əliyevin dövlətçiliyə yüksək sədaqətini nümayiş etdirirdi. Türkiyə Prezidentinin ifadə etdiyi fikirlərdən də bunu açıq duymaq mümkün idi. Düşünürük ki, məhz bu səbəbdən, mütəxəssislərin də ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın olan ikinci nümunə tapmaq mümkün deyil.
Həmin müstəvidə Türkiyə rəhbərliyinin Azərbaycan tərəfini bu il keçiriləcək "Böyük iyirmilik" (G-20) sammitinə dəvət etməsini qürurla xatırlamaq yerinə düşərdi. Doğrudan da, müstəqilliyini əldə etmiş bir ölkə kimi dünyanın ən güclü 20 iqtisadiyyatı sıralarına qatılmaq şansı yüksək qiymətləndirilməlidir.
Əgər Azərbaycan rəhbərliyi müstəqil xarici siyasət yeritməsəydi, böyük enerji layihələrinin təşəbbüskarı olmasaydı, regionda səmimi əməkdaşlığa can atmasaydı bu gün heç kəs onu etibarlı tərəfdaş kimi qəbul etməzdi. Bunun fonunda, mövzuya birbaşa aidiyyəti olmasa da, bir faktı xatırlamağa ehtiyac duyuruq. Biz son vaxtlar ABŞ-ın siyasi dairələrindən Azərbaycana qarşı qərəzli fikirlərin, ittihamların səslənməsini nəzərdə tuturuq. Prezident İlham Əliyevin Türkiyəyə səfəri tam sübut etdi ki, bu kimi ittihamlar tamamilə süni xarakter daşıyır və əks tərəfin səmimi olmadığını göstərir.
Beləliklə, dövlət başçısının son Türkiyə səfəri yalnız iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsini ifadə etmir. Onun geosiyasi əhəmiyyəti qlobal miqyasda özünü göstərməkdədir. Belə demək mümkündür ki, artıq regionda müxtəlif istiqamətlərdə cərəyan edən proseslərə Azərbaycan-Türkiyə tandeminin təsiri daha da artacaqdır. Türkiyə mediasının yazdığı kimi, Prezident İlham Əliyevin Ankaraya səfəri regionda gələcəyin inkişaf strategiyasını müəyyənləşdirdi. Bu, hamıya nəsib olmayıb tarixdə xüsusi hallarda baş verir. Bu gün Azərbaycan rəhbərliyi buna nail olubsa, deməli, çox möhtəşəm bir uğura imza atıb.
Newtimes.az

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ankara_seferi_strateji_emekdasligin_yuksek_numunesi-827146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR