Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilib

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilib
22:13 23 Yanvar 2015
1636 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2014-cü ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin önəmli rolunu diqqətə çatdırıb, bu əməliyyat aparatının nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, bir sıra uğurlu əməliyyat tədbirləri həyata keçirdiyini vurğulayıb.
Baş İdarənin rəisi, polis polkovniki Seyfulla Əzimov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə çıxış edib. S.Əzimov deyib ki, ölkədə cinayətkarlığın vəziyyətinin öyrənilməsi 2011-2013-cü illərdə ifşa olunmuş cinayətkar qruplardan yalnız 55-nin mütəşəkkil dəstə olduğunu göstərib. Bu dəstələrin də böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib. Həmin cinayətlərin 80,2 faizini mülkiyyət əleyhinə faktlar təşkil edib. 2014-cü ildə ifşa olunmuş 5 mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayətlərin 83,3 faizi bu növ cinayətlər olub.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı da mübarizə hesabat dövründə diqqət mərkəzində saxlanılıb, ümumilikdə 30 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində satışa çıxarılmış 300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları məhv edilib.
Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əsginazlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işi də effektiv aparılıb, saxta 37 min 680 Azərbaycan manatı və 32 min ABŞ dollarının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olanların tutulması işində ərazi polis orqanlarına göstərilmiş əməli kömək nəticəsində 2004-cü ildən bağlı qalmış, polis əməkdaşının qətlə yetirilərək tabel silahının ələ keçirilməsi cinayətini törətmiş şəxs ifşa olunub, eləcə də axtarışa elan olunmuş 5 nəfərin yeri müəyyən olunaraq istintaqa cəlb edilib.
Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.
Əməliyyat müşavirəsinə yekun vuran daxili işlər naziri Baş İdarənin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edib, idarəçilik fəaliyyətinin təkmilləşdirilməsinin, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət göstəricilərin daha da inkişaf etdirilməsi məqsədilə əlavə tədbirlər görülməsinin, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə nazirliyin digər əməliyyat xidmətləri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil dəstələrə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsinin zəruriliyini bildirib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daxili_Isler_Nazirliyinin_Bas_Mutesekkil_Cinayetkarliqla_Mubarize_Idaresinde_emeliyyat_musaviresi_kechirilib-827177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR