Gənclərin kənd təsərrüfatı sahəsində fəaliyyətləri dəstəklənəcək

17:48 24 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay 24 yanvar, Şahnəzər Bəşirov, AzərTAc 
Yanvarın 24-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin “Uğur Akademiyası” layihəsi çərçivəsində gənclərin məşğulluq forumu keçirilib.
AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan forumda Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin, Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Göyçay, Ağdaş və Ucar rayonlarından 250-yə yaxın fəal gənc iştirak edib.
Tədbirdə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, bu forumun əsas məqsədi gənclərin kənd təsərrüfatı sahəsində fəaliyyətlərinin dəstəklənməsi, məşğulluğunun təmin edilməsi, regionda fəaliyyət göstərən təhsil müəssisələri ilə istehsalat arasında daha sıx əlaqələrin yaradılması və gənclərin məşğulluq probleminin həll olunması üçün təkliflərin hazırlanmasıdır. O, “Uğur Akademiyası” layihəsinin gənclər üçün perspektivi və bu istiqamətdə təşkil olunacaq gələcək tədbirlər barədə ətraflı məlumat verib.
Forumda çıxış edənlər Prezident İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli Sərəncamı əsasında bu ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsindən və aqrar sektorda gənclərin məşğulluq forumunun təşkilinin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, forumun davamı olaraq Göyçay, Ucar və Ağdaş rayonlarından seçiləcək 50 nəfər gəncə sahibkarlıq və kənd təsərrüfatı sahəsində təlimlər keçiriləcək və onlar üçün müxtəlif fermer təsərrüfatlarına və istehsal müəssisələrinə öyrənmə səfərləri təşkil ediləcək. Həmçinin layihə çərçivəsində təşkilatın ofisində məsləhət mentorluq xidməti də təşkil ediləcək. Məqsəd gənclərin ixtisas və bacarıqlarına uyğun iş yerləri tapmalarına, bununla da onların məşğuliyyətlərinin artırılmasına, o cümlədən cəmiyyətə daha tez inteqrasiya edilmələrinə yardım göstərməkdir. Eyni zamanda layihədə təlimçilər tərəfindən gənc mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulan “Kənd təsərrüfatı” modulu da keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genclerin_kend_teserrufati_sahesinde_fealiyyetleri_desteklenecek-827314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR