Yol biabırçılığı: "piyada" sürücülərimiz, əhlikef piyadalarımız

Yol biabırçılığı: "piyada" sürücülərimiz, əhlikef piyadalarımız
10:17 25 Yanvar 2015
148 Sosial
Ölkə mətbuatı
A- A+

Son zamanlar yollarımızda piyadalara münasibətdə hərəkət qaydalarını pozan sürücülərin cərimələnməsi halları çoxalıb. Hətta bəzi küçə və prospektlərin konkret piyada keçidlərinin yaxınlığında DYP naryadlarının dayanaraq orada qaydanı pozan sürücüləri məsuliyyətə cəlb etməsi halları da müşahidə olunur.

Belə yanaşma müəyyən mənada başadüşüləndir. Çünki statistikaya əsasən, 2014-cü il ərzində Bakı şəhərində törədilmiş cinayət xarakterli yol-nəqliyyat hadisələrinin 51 faizini piyadaların vurulması təşkil edir.

Məsələnin mahiyyətinə nəzər saldıqda isə sürücü-piyada münasibətində biabırçı vəziyyəti görürük. Özü də belə vəziyyət rəsmi statistikada göründüyünün tam əksinə olaraq heç də təkcə sürücülərin günahı ucbatından yaranmayıb (rəsmi statistikaya əsasən, piyada vurulması hallarının 90%-dən çoxunda sürücülər təqsirlidir, lakin bu, həqiqətdən çox uzaqdır). Apardığımız müşahidə və araşdırmalar göstərir ki, piyadaların vurulması halları aşağıdakı səbəblərdən baş verir:

1. Piyadaların yol hərəkəti qaydalarını pozması;

2. Sürücülərin yol hərəkəti qaydalarını (bəzən həm də nəqliyyat vasitəsinin istismarı qaydalarını) pozması;

3. Həm piyadaların, həm də sürücülərin yol hərəkəti qaydalarını pozması;

4. Yol hərəkətinin təşkilindəki problemlər (gecə vaxtı küçənin işıqlandırılmaması, piyada keçidlərində nişanların və nişanlanma xətlərinin normal olmaması və s.).

Açığı, piyadaların vurulması hallarının bu səbəblərdən hansı ilə daha çox bağlı olmasını söyləmək çətindir. Çünki təqsirlə bağlı rəsmi statistika real vəziyyəti əks etdirmir. Amma görünən odur ki, yollarımızda həm piyadaların, həm də sürücülərin hərəkət qaydalarına və təhlükəsizliyə münasibəti qənaətbəxş deyil. Bu münasibət kökündən dəyişməlidir.

Hesab edirəm ki, piyada vurulması hallarının yuxarıda göstərilən səbəblərinin hər birini ayrıca izah etmək lazımdır. Bu yazımda həmin səbəblərdən birincisi, yəni piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı bəzi məqamlara toxunmaq istəyirəm.

Ölkəmizdə piyadaların yol hərəkəti qaydalarına münasibəti çox acınacaqlı vəziyyətdədir. Hətta bəlkə də yüz minlərlə vətəndaşımız elə bilir ki, yol hərəkəti qaydalarının piyadaya heç bir aidiyyəti yoxdur. Cəmiyyətdə əksəriyyətin düşüncəsi belədir ki, yol hərəkəti qaydaları elə sürücülər üçündür. Piyada isə yollarda nə istəsə, edə bilər. Elə həmin yanaşmanın nəticəsidir ki, ölkəmizdə sürücülər (sürücülük vəsiqəsi olan şəxslər) də yol hərəkəti qaydalarını daha çox yollarda məhz piyada qismində hərəkət edərkən pozurlar. Düzdür, son vaxtlar qayda pozan piyadaların da bəzən cərimələnməsi piyadalar üçün də qaydaların mövcud olduğunu cəmiyyətin yadına salır. Amma hələ ki, yalnız yeraltı və ya yerüstü piyada keçidlərindən istifadə etməyən piyadaların cərimələnməsinin şahidi oluruq. Başqa yerlərdə qaydaları pozan piyadaların xətrinə hələ ki, heç kim dəymir.

Yol hərəkəti qaydaları yollarda hər kəsin – piyadanın, sürücünün, sərnişinin, velosipedçinin, hətta atlının da hərəkətini tənzimləyir. Bu zaman çox məntiqi bir yanaşma var. Hərəkət iştirakçısının hərəkətinin təhlükəlilik dərəcəsinə uyğun olaraq onun üçün hərəkət qaydaları müəyyən olunur. Bu səbəbdən ən sadə və asan başa düşülən hərəkət qaydaları məhz piyadalar üçün nəzərdə tutulur. Yol hərəkəti qaydaları piyadalar üçün cəmi iki məsələni tənzimləyir:

1. Piyada yolboyu necə hərəkət etməlidir?

2. Piyada yolun bir tərəfindən o biri tərəfinə necə keçməlidir?

Hər iki məsələnin tənzimlənməsində isə belə bir qızıl qayda var: yolun hərəkət hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçündür, ona görə də piyada yolun hərəkət hissəsində yalnız müstəsna hallarda ola bilər. Özü də yolun hərəkət hissəsində olan piyada ən qısa vaxtda yolun hərəkət hissəsini tərk etməlidir.

Bu məsələlərin hər ikisini növbəti yazılarımda daha təfərrüatlı təhlil etməyə çalışacağam.

Ümumiyyətlə, yollarımızda həqiqi təhlükəsizliyin təmin olunması üçün hər kəsin - piyadanın, sürücünün, sərnişinin və s. intizamına nail olmalıyıq. Bunun ən sadə yolu isə qaydaları öyrənmək və onlara hər zaman riayət etməkdir.

Ərşad Hüseynov
avtosfer.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR