Bakı, 25 yanvar, AzərTAc
İlkin məlumata görə, 2014-cü il ərzində ölkədə 59 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, ÜDM-in hər nəfərə düşən həcmi 6264,1 manat təşkil edib və 2013-cü illə müqayisədə 1,5 faiz artıb. Bu dövrdə ölkə rezidentləri tərəfindən cari qiymətlərlə 87,9 milyard manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildəkindən 2,8 milyard manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 28,9 milyard manat təşkil edib.
Yola saldığımız ildə sənayedə 24,5 milyard manatlıq, yaxud ÜDM-in 41,5 faizi qədər, kənd təsərrüfatı, meşə və balıqçılıqda 3,1 milyard manatlıq, tikintidə 7,4 milyard manatlıq əlavə dəyər yaradılıb. ÜDM istehsalının 33,4 faizi xidmət sahələrinin, o cümlədən 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinə və digər xidmət sahələrinin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.