Polşadan istehsalçılar komandası Mouse-Box adlı qeyri-adi qurğu təqdim edib. Britaniyanın The Daily Mail qəzeti yazır ki, Mouse-Box qurğusu görünüşcə adi kompüter mausundan fərqlənmir, ancaq cihazın daxilində kompüterin elektron içliyi mövcuddur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sistem blokunu tamamilə əvəz edə bilən qurğu 1,4 GHz takt tezlikli dördnüvəli Cortex prosessoru, 128 Gb tutumunda daxili yaddaş, Wi-Fi, akselerometr, giroskop və 2 ədəd USB 3.0 konnektoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu açıqlanmayıb. Bulud saxlancına qoşulmaqla daxili yaddaşın tutumunu artırmaq olar.
Mouse-Box qurğusunu işlətmək üçün onu HDMI kabelin köməyi ilə monitora qoşmaq lazımdır.
Qurğunun yaradıcıları əmindirlər ki, qeyri-adi maus evdə yerə qənaət edənlər üçün gərəkli olacaq, həmçinin bu qurğunun köməyi ilə təqdimat keçirmək mümkündür. Hazırda istehsalçılar komandası öz qurğusunu bazara çıxarmaq üçün investor axtarır.
Milli.Az