Baxış: iti, kor və düz bucaqdan (VİDEO)

Baxış: iti, kor və düz bucaqdan (VİDEO)
23:56 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hərdən mənə elə gəlir ki, azərbaycanlılar neçə yaşın var sualının cavabında göz yaşını deməlidir. Belə saysaq çox qoca olmalıyıq. Amma bu lazımdırmı? Və ya biz doğrudanmı elə başa düşürük ki, yaşamaq sözünün kökü məhz qurunun antonimi olan yaşdı? Bəlkə ağlamağı bitirək? Daha qürurlu, daha dəyanətli və daha möhkəm olaq… Daha ürəkli olaq. Vahid Mustafayevin “Qanlı Yanvar” filminin qəhrəmanları kimi. Qəhrəman sözü qəhr sözündəndir. Qəhr yəni məhv. Qəhrəman. Yəni qəhr edən, məhv edən adam. Bu filmdə məhz millət düşməni məhv edənləri qəhrəmanların tanıyır. Yeri gəlmişkən Siz onları tanıyırsınız? Mən qurbanları demirəm a, məhz şəhidləri sovet tanklarını yandıran, sovet əsgərini məhv edən qəhrəmanları... amma tanış olmağınıza yəqin ki, onlar şad olardılar...

Elə proseslər var ki, ona bu gün tamamilə başqa bucaqdan baxılmalıdır. 20 Yanvar 1990-cı il. Azərbaycanın müstəqillik yolunda ən həll edici təkanlarından biri. Xudavəndi aləm, 25 ildə nə qədər gözı yaşı olar. Bu yazıq Kami Cəlilovun Zəminxarəsi neçə yüz min qaboyluq dolub boşalar, nə qədər mərsiyə deyilər, nə qədər nə qədər… Dinc insanları qırğına verdilər, ağla qərənfil ağla, xəlqimi millətimi gülləbaran eylədilər… Ayaz Mütəllibov hələ bu gün də içinin Sovet Hədəqəsində oturub milli azadlıq mübarizlərini məsuliyyətsiz adlandırır, adını çəkmədiyimiz möhtəşəmvari yazıçılarımız isə buyurur ki, rejissor xalqa onun layiq olmadığı qalibiyyəti müncər edib… bir başqa dostumuz deyir ki, indi necə olacaq, bundan sonra ağlamayaq day?? “Qanlı Yanvar” filmini mən ekran işi kimi yox, fəlsəfi görüş, yanaşma tərzi, millətin, xalqın tarixinə qiymət verməyin zorla qəbul etdirilmiş formasından kənar üsulu kimi təhlil edəcəyəm. Əlbəttə milli kinomatoqrafımızda hadisə sayıla biləcək iş kimi “Qanlı Yanvar” öz obyektiv peşəkar təhlilini gözləyir, resenziya olmalıdır, müzakirələr açılmalıdır, filmin vəziyyətləri araşdırılmalıdır… Bütün bunlar öz yerində. Amma bunu mən etməyəcəm. Mən daha çox faktın tarixi dəyəri üzərində dayanmaq, aktyorlar və aktrisaların yox, ümumilikdə filmin özünün milli dünya görüşü üçün oynayacağı rol ətrafında danışmaq istəyirəm. İlk növbədə film Azərbaycanın Ən Yeni tarixinin araşdırdığı hadisəni bütün çılpaqlığı ilə nümayiş etdirdiyi üçün əhəmiyyətlidir. İlk dəfədir ki, millət müəllifin təbirincə desək, himnimizin “Səndən ötrü qan tökməyə cümlə qadiriz!” sətrinin əslində necə yarandığını bu filmdə görə bilir. Molotov kokteylləri hazırlayan, sonra onları sovet tanklarının tırtıllarına çırpan insanlar himni əbədiyyətə belə köçürürlər… Yeniyetmələr, dünənki məktəblilər, vətən üçün düşmən qanı tökməyə hazır olduğunu nümayiş etdirərək gözümüzün qabağında sakindən vətəndaşa çevrilirlər. 20 Yanvar hadisələrini bir imperiyanın öz ərazisində qayda yaratmaq planının bir parçası tək qiymətlənidirərək onun miqyasını və məqsədini kiçiltmək doğru olmazdı. Bəlkə də Sovet İttifaqı reallağında bu yanaşma tərzi anlaşılandır. O zaman Moskvanı məhkum etmək, Sovet İttiqanının amansız bir imperiya olduğunu sübut etmək üçün bu məntiq işə yarıya bilərdi… Hətta insanları yalın əllə tankların qabağına göndərənlərin burnu da qanamadı deyənləri belə Moskva vaxtı ilə başa düşmək olur. Amma bu gün müstəqil dövlətimizin pəncərəsindən boylananda belələri miskin və haqsız görünürlər.

“Qanlı Yanvar” filmi Azərbaycan xalqına müstəqilliyi Moskva verib deyənlərin qarşısına çıxaraq xeyr müstəqilliyi Azərbaycana azərbaycanlılar alıb deyənlərin məntiqini qoruyur. “Qanlı Yanvar” 20 Yanvara Vahid baxış təklif edir. Bu Azərbaycan xalqının Sovet imperiyası ilə barikadalarda açdığı qovğa idi. Bu milli mücadilə idi. Biz indiyədək Kamil Cəlilovun qaboyundan göz yaşı kimi axan Zəminxarənin müşaiyyəti ilə o günlərin qurbanlarını anmışıq, bu film isə bizdən indi şəhidlərə baxmağı, onları görməyi, zavallı qurbanlardan fədakar şəhidləri ayırmağı təklif edir. Gənc nəslin həqiqəti bilməsi üçün bu filmin dəyəri misilsizdir. Milli Mücadiləni bir cüt qərənfil və göz yaşına bağlayıb, hər ilin eyni gününün ölkəni böyük bir mərsiyəxanaya çevirməklə nə istəyirik? Bax sual budur və buna görə də “Qanlı Yanvar” filmi müstəqilliyi Azərbaycana qızıl nimçədə verdilər deyənlərin qulaqlarına çırpılan bədii həqiqətdir. Bu mənada rejissor Vahid Mustafayevin “Qanlı Yanvar”ı milli fədakarlığın simvoludur. Burda insanlar qeyri-bərabər döyüşdə xalqa azadlıq və müstəqillik daşıyırlar. Onları güdürlər, onları güllələyirlər, işgəncələr verirlər. Amma onlar tuşladıqları hədəfdən yayınmırlar… Və sonda bir məntiq qalib gəlir… Azərbaycan müstəqil dövlət olmalıdı və olacaq. Bu filmin aşıladığı əsas ideya da elə budur: Bir daha müstəqilliyimizi əldən verməcəyik. Bu torpaq bir də yad ayaqlarının tapdaq yeri olmayacaq! İndi filmə az-çox dəxli olan adamlardan biri kimi bəzən filmin vəziyyətlərini müzakirə edənlərdən guya bütün bu hadisələrin əslində baş vermədiyi barədə də eşidirəm. Onlar arasında cəmiyyətin ziyalı hesab etdikləri işıldabögəclər də var. Ola bilər. Ola bilər ki, belələri 20 Yanvara Mütəllibov - Vəzirov pəncərəsindən baxır. Onlar dəvəquşu kimi başlarını quma soxub və yalnız bir zamanlar Moskvanın göstərdiklərini görürlər. Özü də gündəyməzləri ilə. Ona görə də günəşi başqa bir əşlə oxuyurlar… “Qanlı Yanvar” millət və onun tarixi arasında tikilmiş səddin o üzünü uzun müddət qalmış hadisələri açıb göstərir. O üzdə Molotov kokteyli düzəldib sovet tanklarına hücum edən, sovet zabitini binamusluğuna görə edam edən, qanına qəltan olsa da, əlini silahdan çəkməyib sonadək döyüşən azərbaycanlılar var… O sədd bizim üzümüzə həmişə bağlı olub. Düz 25 il. O səddi götürməklə “Qanlı Yanvar” ilk dəfədir ki, millətə millətdən gizlədilmiş fədakarlıq parçasını nümayiş etdirir. İlk dəfədir ki, xalq görür ki, onun dinc balaları tankların altında baldırğan kötüyü rolunu oynamayıb, quzu yerinə qurban ketməyib, onlar vuruşub. Döyüşüb, şəhid olublar…

“Volqoqrad şəhərindən Müdafiə Komitəsinin xəttilə mənim köməkliyimlə “Valeri Koveriçkin” adına gəmi ilə Bakıya 61 ədəd odlu silah gətirdik. Mənim özüm hərbi dənizçi olmuşam. Volqoqradda yaşayan bir azərbaycanlı Nuriyev Nazimin köməkliyilə biz o silahları əldə edib Bakıya gətirdik” – deyə1990-cı ildə Ümumxalq Müqavimətinin iştirakçısı Kamil Mehdiyev bildirib.

“Təzə bazardan düz yuxarı qalxanda körpünün üstünə gələn küçəni tinindən qıra-qıra gəlirdilər. Bunun qabağında əlində silah dayanmayacaqdın ki. Orda biz iki güllə atdıq. Güllərdən biri bir əsgərə dəydi. Bu zaman Müdafiə Komitəsinin növbətçi maşınını, yəni bizim avtomobili vurdular. Görəndə ki, bizi vuracaqlar. Biz ordan çıxdıq. Orda biz belə atışdıq”, - deyə1990-cı ildə Ümumxalq Müqavimətinin iştirakçısı Nurəddin Xoca vurğulayıb.

Sovet əsarətində olduğumuz zamanlarda bizi elə öyrədiblər ki, artıq bir xalq olaraq biz öz nailiyyətlərimizdən qorxuruq. Mən şəxsən təvazökarlığın, xüsusilə milli təvazökarlığın, ümumxalq təvazökarlığının ona görə əleyhinəyəm ki, bunu bizə əxlaqsız sovet rejimi aşılayıb. O zaman bizdən tələb olunurdu ki, heç bir kəs özü haqqında müsbət düşünməsin, heç kəs öz uğurundan danışmasın… Özündən deməsin. Özündən demək ifadəsi Azərbaycanda uzun müddət neqativ məna daşıyıb. Baxmayaraq ki, özündən demək bir müəlliflik, bir imza, bir məxsusluq ünvanı kimi həm də məsuliyyətə işarə vurur. Ona görə də sovet azərbaycanlıları yanvar hadisələrində həlak olan şəhidlərə yox, qurbanlara daha çox diqqət yetriblər. Və ən qəribəsi də budur ki, Azərbaycanda Sovet Hakimiyyəti artıq 24 ildir yıxılıb. Amma bir sıra azərbaycanlılarda onların içində sovet hakimiyyəti qalmaqdadır. Xüsusilə yaşlı və orta nəsil təmsilçiləri bəzən Müstəqil Azərbaycan dövlətinin movcud olduğunu unudur və millətin müstəqillik uğrunda göstərdiyi fədakarlıqlara da necə deyərlər çerez Mavzoley baxırlar… Məsələn, deyirlər: o zaman küçələrə çıxmasaydılar, belə də olmazdı… O zaman dövlətlə dövlətcilik etməsəydilər bu hadisə də baş verməzdi… Davam edək. Tutaq ki, Vilnusdə də, Alm-Atada da, Tiflisdə də belə hadisələr olmasaydı… Onda xeyir ola Sovet İttifaqı niyə dağılmalıydı?! Ona görə də belə axmaq söhbətlərə son qoymaq üçün əla fürsət var. Bu filmə baxın. Ölkənin bütün kinoteatrlarında “Qanlı Yanvar” gedir.. “Qanlı Yanvar” müstəqillik üğrunda mücadilə edənlər üçün əyani vəsaitdir. Bu film hər bir ailənin mənzilində olmalıdır. Ona görə ki, ailə dövlətin kiçik şəklidir…

Mənbə
Hesabat: Mir Şahin



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR