Ali Hərbi Dənizçilik Məktəbi yubileyini qeyd etdi (FOTO)

Ali Hərbi Dənizçilik Məktəbi yubileyini qeyd etdi (FOTO)
19:01 26 Dekabr 2014
432 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarına Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu çatırıb.

Təbrik məktubunda deyilir: "Yoldaş zabitlər, miçmanlar, çavuşlar, kursantlar və matroslar! Hörmətli professor-müəllim heyəti! Sizi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 75 illik yubileyi münasibətilə təbrik edirəm.

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərdiyi 75 il ərzində şanlı bir yol keçmiş, hərbi donanma üçün minlərlə yüksək ixtisaslı kadrlar yetişdirmişdir. Məktəbin məzunları Böyük Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak edərək böyük fədakarlıqlar göstərmişlər. Məktəbin yetirmələrindən 20 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, müharibə illərindəki fəaliyyətinə görə məktəbə əsgəri şərəf və şöhrət rəmzi olan Qırmızı Bayraq verilmişdir.

Məktəbdə xüsusi fakültələrin mövcud olduğu dövrdə Avropa, Asiya, Afrika və Latın Amerikasının 32 ölkəsinin gəncləri burada təhsil almış və həmin ölkələrin hərbi dəniz qüvvələri üçün 5 mindən çox dənizçi zabit hazırlanmışdır. Məktəb Kuba, Almaniya və Vyetnam dövlətlərinin yüksək ordenlərinə layiq görülmüşdür.

Ali Hərbi Dənizçilik Məktəbi 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyinə verilərək Bakı Ali Hərbi Dənizçilik Məktəbi kimi fəaliyyətini davam etdirmiş, 20 avqust 2001-ci il tarixdə isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı nəzərə alınaraq Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilmiş və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılmışdır.

Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə məktəbə daim diqqət və qayğı göstərmiş, maddi-tədris bazasının möhkəmləndirilməsi üçün səylərini əsirgəməmiş, dəfələrlə buraxılış mərasimlərində iştirak edərək göstəriş və tövsiyələrini vermişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Digər xüsusi təyinatlı təhsil müəssisələri kimi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi də ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Ümidvar olduğumu bildirirəm ki, Siz bundan sonra da xidmətdə, pedaqoji fəaliyyətdə və təhsildə göstərilən etimadı layiqincə doğruldacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin tarixinə yeni-yeni parlaq səhifələr yazacaqsınız".

C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor M.Almazov çıxışında bu məktəbin məzunu olduğundan qürur duyduğunu bildirib.

Mərasimdə Ali Hərbi Dənizçilik Məktəbinin tarixinə dair film nümayiş olunub.

Sonra məktəbin hərbi xidmətdə fərqlənən hərbi qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Tədbir iştirakçıları adından müdafiə nazirinə müraciət qəbul olunub. İştirakçılar məktəbin tarixini əks etdirən muzeylə tanış olduqdan sonra Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının hazırladığı konsert proqramına baxıblar.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=316530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR