Azərbaycan prezidenti Rusiyanın Şimali Qafqaz respublikalarının din xadimlərini qəbul edib

19:32 26 Dekabr 2014
73 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 19:28 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açılışında iştiraklarına görə təşəkkür edib və bunu xalqlarımız arasında dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirib.

 

Belə tədbirlərin Qafqaz müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdığını və regionda sülhə və sabitliyə xidmət etdiyini deyən Azərbaycan prezidenti qonaqların təmsil etdikləri Şimali Qafqaz respublikalarında gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymətləndirən prezident İlham Əliyev tarix boyu xalqımızın öz dini–mənəvi dəyərlərinə sadiq qaldığını vurğulayıb.

 

Dövlət başçısı dinin azad olduğu müasir dövrdə mövcud olan digər təhlükənin – müəyyən dairələrin gəncləri öz tarixi köklərindən ayırmaq cəhdlərinin olduğunu söylədi və bu prosesin qarşısının alınmasında, eləcə də gənc nəslin milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında dini liderlərin rolundan, həmçinin dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyev qonaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni məscidin açılışında iştiraka dəvətə görə minnətdarlığını bildirib. Qonaq Heydər məscidinin çox gözəl tikildiyini və öz əzəməti ilə ulu öndər Heydər Əliyevin adına layiq olduğunu söyləyib.

 

İsmayıl Berdiyev isə qeyd edib ki, Azərbaycanda belə bir möhtəşəm məbədin istifadəyə verilməsi Heydər Əliyev müdrikliyini yaşadan prezident İlham Əliyevin xidmətləri sayəsində mümkün olub. Belə məscidlərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün Tanrıya dua etdiklərini və dualar zamanı işğal altındakı Qarabağ torpağını unutmadıqlarını bildirən İ. Berdiyev, bu məsələnin tezliklə həllini tapacağına əminliyini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR