Qubad İbadoğlu: “Bunu dayandırmaq lazımdı”

Qubad İbadoğlu: “Bunu dayandırmaq lazımdı”
12:54 26 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

 “Qərarlar verilir ki, partiyanın ideoloji-siyasi xəttinə zidd mövqe tutduğuna görə üzvlər partiyadan kənarlaşdırılsın. Bu kimi qərarlar vaxtilə Kommunist Partiyası tərəfindən verilirdi. Hesab edirəm ki, bu cür yanaşma düzgün deyil və bunu dayandırmaq lazımdır. Bunun üçün ilk növbədə birgə müzakirələr aparılmalıdır”.


 

Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.

 

Q. İbadoğlu bildirib ki, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə Novxanıda keçiriləcək anım tədbirindən sonra Müsavat Partiyasının qərargahında partiyadakı vəziyyəti müzakirə etmək üçün təkliflə çıxış edib. O, təkliflə bağlı Müsavat Partiyası Mərkəzi İcra Aparatına müraciət etdiyini söyləyib: “Əsas məsələlərdən biri Ənvər Əhmədin partiyadan çıxarılmasıdır. Təkcə bu yox, partiyadaxili demokratiya məsələsi ətrafında da fikir mübadiləsi aparılmasının tərəfdarıyam. Tədbirə sosial şəbəkə vasitəsilə Arif Hacılını, İsa Qəmbəri və digər müsavatçıları da dəvət etmişəm. Mən istənilən halda müzakirələrin bağlı qapılar arxasında deyil, açıq və geniş formada aparılmasının tərəfdarıyam. Hesab edirəm ki, istənilən problemin həlli müzakirələrdən keçir. Hər iki tərəf öz arqumentləri ilə çıxış edə bilər. Bu müzakirə partiyadaxili demokratiya üçün çox əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, təklif normal qiymətləndirilməlidir”.

 

Q. İbadoğlunun sözlərinə görə, birgə müzakirələrə qarşı çıxanlar açıq debatları arzulamayan və eyni zamanda arqumenti olmayan şəxslərdir: “Çünki istənilən halda müzakirələrə hazırdırlarsa, arqumentləri varsa, bu təklifi dəstəkləməlidirlər”.

 

Q. İbadoğlu tərəfdarlarının partiyadan çıxarılmasında Müsavat başqanı Arif Hacılının rolunun olub-olmamasını belə şərh edib: “Arif Hacılının rolu barədə məlumatım yoxdur. Bunu kənarlaşdırılan şəxslərdən soruşmaq lazımdır. Hər halda partiya rəhbərliyi bu qərarlardan məlumatsız olmamış deyil. Ancaq hansı səviyyədə, bunu deyə bilmərəm. Hazırda partiyada tənqidlərə, təkliflərə, fərqli fikrə dözümsüzlük var və fikir, söz azadlığı təmin olunmur”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR