Təranə Səmədova: "Ana olmaq istəyimə görə cəmiyyət məni qınayacaqsa..." - FOTO

Təranə Səmədova: "Ana olmaq istəyimə görə cəmiyyət məni qınayacaqsa..." - FOTO
14:05 26 Yanvar 2015
1482 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, prodüser Təranə Səmədova atvxeber.az saytına müsahibə verib.

- Təranə xanım, sizi necə təqdim edəndə xoşunuza gəlir?

- (Düşünür) Məsələn, qalmaqallı prodüser deyəndə bəyənmirəm. Amma heç vaxt qalmaqala can atmamışam. Daxilən emosional insan olsam da, əslində belə deyiləm. O qədər haqsızlıqlar olub ki mənə qarşı... Haqsızlıqların qarşısında 10 dəfə susanda 11-ci də dilə gəlmişəm. Və dil çıxarmayan insan dil çıxaranda, cavab verəndə artıq qarşı tərəf hücuma keçir. Son zamanlar isə aparıcı, prodüser kimi çəkilir adım... Düzü, hələ o ada tam öyrəşə bilmirəm.
 
- Dediniz ki, sizi olduğunuz kimi tanımırlar. Bu fikrinizə mən də dəstəyəm. Təranə xanım, həyatda olduqca mehriban, səmimi bir insansınız. Nəyə görə özünüzü olduğunuz kimi təqdim etməkdə çətinlik çəkirsiniz?

- Özümə olduqca tənqidi yanaşan insanam. Həyatımda nə baş veribsə, ən birinci günahkar özümü bilmişəm.
 
- Ola bilərmi ki, keçmiş həyat yoldaşınızla evliliyiniz, boşanmağınız buna zəmin yaratdı, imiciniz istəmədiyiniz şəkildə zədələndi?

- Başqa cür tanınmağımda Kərimin də, Rəqsanənin də, sonradan xarakterlərimiz uyğun gəlmədiyi üçün iş birliyinə son qoyduğumuz sənətçilərin də rolu böyük oldu.
 
- Yəni, Kərimin sizinin imicinizə konkret zərər vurması fikri ilə razılaşırsınız?
 
- Razıyam. Nəinki imicimi zədələdi, hətta həyatımı alt-üst etdi. Ancaq uçan quş belə Allahın izni olmadan uça bilməz. Deməli, qismətim idi. Amma belə bir şansım olsaydı ki, keçmiş günlərimi yenidən yaşayım, əlbəttə ki, bu səhvləri heç vaxt etməzdim.
 
- İkinci şans verilsəydi, Kərim və Rəqsanə o həyatda yenə olacaqdılarmı?

- Əgər Allahın qismətidirsə, deməli, olacaqdılar. Amma ki, mən onlara bu qədər yaxşılıq, bu qədər jest etməzdim.
 
- Bəs onlar sənə heç yaxşılıq etməyiblər?

- Deməyəcəm, etməyiblər. Amma mənim onlara etdiyim qədərini qaytarmayıblar. Mən yaxşılığı təmənnasız etmişəm.
 
- Özünüzü 3 kəlmə ilə xarakterizə edə bilərsiniz?

- Əməksevər, dözümlü, xoşbəxt...
 
- Xoşbəxtsiniz sözün əsl mənasında?

- Hər günümə min şükür etmişəm. Ən pis məqamda belə qaranlıq otaqdan içəri sızan o işığı görmüşəm. Niyə xoşbəxt olmayım?! Bəli, xoşbəxtəm.
 
- Prodüser kimi hər kəs işlərinizi, etdiyiniz layihələri görüb, bilib. Bəs qadın olaraq Təranə Səmədova necə qadındır?

- Atamı çox erkən - 14 yaşında itirdim. Anam və mən - iki qadın qaldıq. Övladım dünyaya gələndən sonra evdə kişi funksiyasını mən daşımışam, lakin əvvəllər anam bu missiyanı yerinə yetirirdi. İki qadının arxasında dayanan kişiyə dönmüşəm deyə, “necə qadınsan?“ sualı bir az təəccübləndirdi məni. Öz ayaqlarım üstə dura bilirəm, dostlarıma qarşı həmişə mərd olmuşam, əgər kiməsə nəyisə söz vermişəmsə, onu mütləq etmişəm, küsməyi bacarmıram, güzəştə çox gedirəm.
 
- Ən mənfi cəhətiniz nədir?

- Kinli olmamağım. Bu cəhət başıma bəla olur. Səbirliyəm, amma yaxın insanlara qarşı səbirsizəm.
 
- Qadın üçün, məsələn, elə sizin üçün həyatda ən vacib olan nədir?

- Qadın kimi təmiz adını qoruyub-saxlamaq. 21-ci əsrdə bu o qədər çətindir ki…
 
- Bəs görəsən, siz həmin təmiz adı qoruyub-saxlaya bilmisinizmi?

- Səhvsiz insan yoxdur. Səhvlərimin üstündən xətt çəkə-çəkə qız övladı böyüdürəm deyə, çalışıram ki, adımı qoruyub-saxlaya bilim. Şou-biznesdə olan qadınlara münasibət birmənalı olmur. Elə kişi var, şou-biznesdə olan qadına konkret yaxşı baxmır. Amma bu o demək deyil ki, hər kəs eynidir. Mən, məsələn, təmiz adımı qorumaq üçün çalışaram ki, gecə həyatına üstünlük verməyim, pis vərdişlərim olmasın, ətrafımdakılara fikir verim.
 
- Siqarət çəkmirsiniz?

- Yox. Yaşım az olanda maraqlı gəlib, çəkmişəm. Amma özümü anlayandan sonra konkret anlamışam ki, siqaret mənlik deyil. Heç kim Təranəni bu gün siqaret damağında görə bilməz.
 
- Sevgi sizin üçün nədir?

- Sevgi yaradıcı insan üçün çox şeydir. İnsan sevəndə işlərini daha rahat görür, daha xoşbəxt olur. Mən surətpərəstəm. Eybəcər insanı sevə bilmərəm. Xarici görkəm, anlayış, qarşılıqlı hörmət, ehtiras hər biri sevgidə olmalıdır.
 
- Sizinçün sevgidə ehtiras nə dərəcədə vacibdir?

- Sevgisiz ehtiras, ehtirassız sevgi olmur. Sevmədiyim insana qarşı ehtirasım ola bilməz.
 
- Heç vaxt sevgi sizə mane olmayıb?

- Mən hisslər ilə yaşayan insanam. Sevdiyim insana çox güzəştə gedən insanam. Sevdiyim insan bilməlidir ki, mənim xətrimə dəymək olmaz. Əgər xətrimə dəyərsə, deməli, mənim bir günüm puç olacaq və mən heç nə edə bilməyəcəm.
 
- Aha, başa düşdüm. Deməli, sevirsiniz…

- Hə… (gülür)
 
- Nikahdankənar övlad dünyaya gətirdiniz. Cəmiyyətin qınağından qorxmadınız ki?

- Kərimdən əvvəl bir dəfə üzük qaytarmışdım. Anam 16 yaşım olandan istəyirdi ki, mən ailə qurum. Hər il artdıqca evdəki gərginlik artırdı. Məni məcbur etdi ki, Kərimlə ailə qurum. Sevməyə-sevməyə ailə qurdum. Danışmaq istəmədiyim səbəblər üzündən onunla övladım olması qeyri-mümkün idi. Məni inandırmışdılar ki, sonsuzam. Boşandıqdan sonra ana oldum. Övladımın atası mənə yaxşılıq etdi. Çünki həyatda bir istəyim var idi ki, həyatda tək qalmayım, ana olum. Nikahdankənar övlad dünyaya gətirməyimlə bağlı xeyli söz-söhbət yarandı. Mən cəmiyyətdə yetişən gənclərə nümunə olmaq üçün bu addımı atmamışam. Məni qınayanlardan isə bir xahişim var. Heç kim heç kimin nə cür gələcəyi olacağını bilmir. Qızım böyüyür, hər dəfə bu mövzuya qayıtdıqda onun gələcəyini düşünürəm. Nə zamansa indiki açıqlamalarımı oxuyub üzülməsini heç istəmirəm. Həyatdır, mənim də taleyim belə gətirib. Övladıma görə Allaha çox şükür edirəm və sağlam bir ruhda, cəmiyyətə faydası dəysin deyə ağıllı bir övlad böyüdürəm. Ana olmaq istəyimə görə cəmiyyət məni qınayacaqsa, qoy qınasın, amma çəkdiklərimi göydə Allah, yerdə özüm bilmişəm.
 
- Bəs təkidləri üçün ananızı günahkar bilirsinizmi?

- Bilirsən, Əfruzə, göydə Allahım, yerdə anam və qızım var. Necə onu günahkar bilim? Axı o da anadır. Mən də indi anayam. Necə çətinliklə ana olmuşam, övladım necə mənim üçün hər şeydisə, mən də anam üçün eləyəm. Mən ondan stimul alıram. Mən düşündüm ki, böyüyün sözünə qulaq asmayan uduzar. Anam indi də bəzi maskalı insanlara inanır. Küsülü olduğum müğənni bəzən zəng edir, anamla dostlaşır, danışır. Onun saflığı başıma bəla olur. Amma yenə də ana anadır. Onun qarşısında axan sular dayanır. Çünki o, müqəddəsdir.
 
- Söhbətin istiqamətini bir az dəyişək, görürəm, təsirlənirsiniz. Son zamanlar bilirəm ki, arıqlayırsınız. Neçə kilo idiniz və indi necə kilosunuz?

- 107 kilo idim, indi 80 kiloya düşmüşəm. 60 kilo olmaq istəyirəm, amma məşqçim Ceyhun Vəliyev deyir ki, 65 olsan, bəsdi. 7 ay əzab çəkməli oldum.
 
- Pulu nəyə dəyişməzsiniz?

- Sakit həyat tərzimə dəyişmərəm. Pulu saxta insanlara, pula görə yanıma gələn insanlara, mənə yaltaqlanan insanlara dəyişərəm. Bir az qəliz oldu sual…
 
- Can evindən nə vurar sizi?

- Artıq can evimdən o qədər vurulmuşam, hiss edirəm ki, daha soyuqqanlı olmağı bacarıram. Artıq əvvəlki qədər həssas deyiləm... Hər şeyi boş verməyə, insanlara olduğu kimi qiymət verməyə alışıram. Kiməsə layiq olduğundan daha artıq qiymət verməməyi öyrənirəm.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR