Müdafiə Sənayesi Nazirliyində ötən ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib

15:03 26 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Müdafiə Sənayesi Nazirliyində (MSN) ötən ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.
MSN-dən AzərTAc-a bildiriblər ki, iclası açan nazir Yavər Camalov 2014-cü ildə respublikamızın iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan danışıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi və mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində ölkə iqtisadiyyatı uğurla inkişaf edib, dövlət büdcəsinin həcmi durmadan artıb, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib.
Nazir ötən ilin MSN üçün də yaddaqalan il olduğunu bildirib. Diqqətə çatdırıb ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq ötən il nazirlik tərəfindən müdafiə təyinatlı bir sıra məmulatın istehsalını həyata keçirən müəssisələr istifadəyə verilib. Həmçinin regionda ilk dəfə olaraq, birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi (ADEX-2014) keçirilib.
Bildirilib ki, ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məmulatların yaradılması üzrə təcrübi-konstruktor işləri aparılıb, onlarla yeni növ müdafiə təyinatlı məmulatın istehsalı mənimsənilib, onların seriyalı istehsalı təmin edilib və yeni istehsal sahələrinin yaradılması üçün texnoloji avadanlığın alınması istiqamətində müvafiq tədbirlər görülüb.
Qeyd edilib ki, 2014-cü ildə ümumi məhsul istehsalının həcmi 2013-cü illə müqayisədə 26,3 faiz artıb. Dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub. İstehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7 faiz, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb. Ötən ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.
Hesabat dövründə nazirliyin tabeliyində olan müəssisələr tərəfindən 4 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 5 məmulatın isə istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil edilib. Ümumilikdə mövzular üzrə 26 mərhələ tam yerinə yetirilib.
Vurğulanıb ki, 2014-cü ildə mülki məmulatların istehsalında 2013-cü illə müqayisədə 13,5 faiz artım əldə olunub, çeşidlərin sayı isə 450-ni ötüb. 2009-cu ildən beynəlxalq sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi ötən ilin aprelində Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən XIV Asiya müdafiə xidmətləri (DSA-2014) sərgisində 132 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.
Ötən ilin sentyabrında MSN-nin təşəbbüsü və təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Bakı Sərgi Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi - “ADEX-2014” keçirilib. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika Respublikası və s. daxil olmaqla 34 ölkədən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib. “ADEX-2014” sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdiriblər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən milli pavilyonda Azərbaycanın müdafiə sənayesinin yenilikləri nümayiş olunub.
Bildirilib ki, ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirib. Sərgidə nazirliyin nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparılıb və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” ilə tanış olmaları sərginin əhəmiyyətini daha da artırıb.
Diqqətə çatdırılıb ki, ötən il nazirliyin Elmi-Tədqiqat İnstitutunda dövlət müdafiə sifarişi xətti ilə 10 mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bununla yanaşı, daha 15 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilib. 2014-cü ildə nazirliyin Milli Aerokosmik Agentliyində 33 mövzu üzrə elmi-tədqiqat və dövlət sifarişi çərçivəsində isə 3 mövzu üzrə təcrübi-konstruktor işləri davam etdirilib.
Hesabat dövründə nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin keçirilən iclaslarında müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb və bir sıra mövzular üzrə konkret təklif və rəylər qəbul edilib.
Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.
Sonda nazir Yavər Camalov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb. Nazir Ali Baş Komandan tərəfindən ölkəmizin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2015-ci ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Senayesi_Nazirliyinde_oten_ilin_yekunlarina_hesr_olunan_kollegiya_iclasi_kechirilib-827505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR