Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
15:13 26 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 2014-cü il ərzində görülən işlərin, nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, ölkəmizin sabit makroiqtisadi inkişaf tempinin 2014-cü ildə uğurla qorunub saxlanıldığını vurğulayıb. Bildirib ki, iqtisadiyyatın 2,8 faiz, xüsusən qeyri-neft sektorunun 7 faiz artması, iqtisadiyyata 27 milyard dollar investisiyanın yatırılması, 123 mindən çox yeni iş yerinin yaradılması və işsizliyin 4,9 faizə enməsi ölkəmizin ötən il əldə etdiyi mühüm nailiyyətlərdir. Bunlar, eləcə də əhalinin pul gəlirlərinin 1,4 faizlik inflyasiyanı üç dəfədən çox üstələməklə 4,8 faiz artması ümumən dünya miqyasında ən uğurlu göstəricilər kimi diqqəti cəlb edir.
Ötən il də dövlət siyasətində sosialyönümlülük kursuna üstünlük verildiyini bildirən nazir həmin dövrdə dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsini bunun növbəti bariz təzahürü kimi qeyd edib. Keçən il ölkə üzrə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdləri ilə təmin edilib. Bu dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərədək insana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. Ümumilikdə hesabat dövründə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunub.
S.Müslümov əlavə edib ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına əsasən, hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs, eləcə də ötən il növbəyə dayananlardan 67 nəfəri avtomobillə təmin olunub. Eyni zamanda, keçən il 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, ölkədə sosial rifah halının yaxşılaşması və dövlət sosial yardım təyinatında ünvanlılığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı 35,5 faiz azalaraq 92 min 514-ə enib. Bu azalma digər tərəfdən hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləğinin 23,5 faiz artaraq 155 manata çatması ilə müşayiət olunub. Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri artıq yekunlaşır. Yaxın 3-4 ay ərzində bu yardımlar üçün müraciətlərin elektron qaydada qəbuluna və yardım təyinatlarının avtomatlaşdırılmasına başlanacaq. S.Müslümov Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası olaraq qısa müddətdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqini hesabat dövrünün mühüm uğurlarından biri kimi dəyərləndirib. Qeyd edib ki, hazırda bu sistem yalnız əmək hüquqlarının təminatına deyil, ümumən əmək bazarına dövlət tərəfindən ən səmərəli nəzarət mexanizmini təmin edir. Nazir hesabat dövründə həyata keçirilən dövlət nəzarəti zamanı işəgötürənlər tərəfindən 20 min 417 halda əmək qanunvericiliyinin pozulması faktının aşkar edildiyinə toxunub. Həmin hüquq pozuntularına yol vermiş işəgötürənlərə qarşı qanunvericiliyə əsasən cərimələr tətbiq olunub. Qeyd olunan cərimələrin 44,6 faizi, yəni 1 milyon 915 min 347 manatı artıq dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Həmçinin ötən il işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527 min 574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Əlillik müayinələrinin aparılmasına ciddi nəzarətin tətbiq olunduğunu qeyd edən nazir bildirib ki, son bir ildə ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2013-cü ilə nisbətən 7 min 664 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min 937 nəfər azalıb. Tam reabilitasiya olunanların sayı 1802 nəfər artaraq 7 min 667 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 3 min 102 nəfər artaraq 4 min 361 nəfər təşkil edib. Ümumilikdə tam reabilitasiya 2,9 faizdən 3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə yüksəlib.
Ötən il Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi hazırlanıb. Bu sistem əlillik müayinəsi və bu müayinənin nəticələri barədə məlumatların elektron mübadiləsini həyata keçirməyə imkan verir. Ümumiyyətlə bu il əlillik təyinatlarının tam avtomatlaşdırılması üçün də bir sıra mühüm addımlar atılacaq. S.Müslümov əlavə edib ki, 2014-cü ildə əlilliyi olan şəxslər 26 minə yaxın protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 577 ədəd əlil arabası, 519 ədəd eşitmə aparatı ilə təmin olunub. Habelə 7837 nəfərə bərpa-müalicə xidməti göstərilib, 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə ixtisaslaşmış müalicə kursu keçməsi təşkil edilib.
Ötən il məşğulluq xidmətinə iş üçün müraciət edənlərin 62 faizinin, yəni 29 min 440 nəfərin münasib işlə təmin edildiyini, 3 min 786 nəfərin peşə hazırlığı kurslarına, 1605 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu diqqətə çatdıran nazir eyni zamanda “Məşğulluq haqqında” Qanunun tələblərini yerinə yetirməyən 207 işəgötürənə qarşı cərimələr tətbiq edildiyini, bu cərimələrin 93,6 faizinin artıq dövlət büdcəsinə ödənildiyini qeyd edib. Sosial müdafiə əhəmiyyətli yeni obyektlərin inşasından söz açan S.Müslümov bildirib ki, bu il Bakıda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşmış Sosial Reabilitasiya Mərkəzi və Sosial sığınacaq, Qobustan rayonunda penitensiar müəssisələrdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi istifadəyə veriləcək. Bu obyektlərin məqsədyönlü fəaliyyəti üçün qabaqcıl beynəlxalq təcrübədən maksimum istifadə olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyev respublika hökumətinin son iclasında bir daha bəyan etdi ki, 2015-ci ildə ölkəmizdə bütün sosial proqramlar tam həcmdə təmin ediləcəkdir. Cari ildə qarşıda dayanan başlıca vəzifə də bu proqramların yüksək səviyyədə və dövlətimizin inkişafına layiq şəkildə icrasına öz dəyərli töhfələrimizi verməkdir.
Kollegiya iclasında ƏƏSMN-in fəaliyyət sahələrinə dair hesabatlar təqdim edilib. Aparılan müzakirələr zamanı görülən işlərin müsbət nəticələri ilə yanaşı, yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan da bəhs olunub. İclasda fəaliyyətlərində nöqsanlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul olunub və nazirliyin struktur bölmələrinin məsul şəxslərinə müvafiq göstərişlər verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_ve_Ahalinin_Sosial_Mudafiesi_Nazirliyinde_kollegiya_iclasi_kechirilib-827507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR