Azərbaycan və Türkiyə hökumətləri arasında layihə müzakirə olunub

Azərbaycan və Türkiyə hökumətləri arasında layihə müzakirə olunub
16:53 26 Yanvar 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Yanvarın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin nümayəndəsi Ahmet Erdemlə görüş olub.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə söykənən strateji əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də uğurla davam edir. Prezident İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair Sazişlər imzalanıb. Bu sənədlər qardaş ölkələrimizin qeyd olunan sahələrdə əməkdaşlığının inkişafını daha da gücləndirib və onların icrası ilə bağlı hər iki tərəfin gördüyü işlər nəticə etibarilə ölkələrimizdə əmək və sosial müdafiə sisteminin təkmilləşməsinə yönəlib.
S.Müslümov ölkəmizin sosial-iqtisadi inkişafını səciyyələndirən makroiqtisadi göstəriciləri, habelə ölkəmizdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatları diqqətə çatdırıb. Nazir bildirib ki, bu islahatlar prosesində Türkiyənin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Əməkdaşlıq çərçivəsində fəaliyyət sahələri, o cümlədən əmək və əməkçi miqrantlar, sosial müdafiə, sosial xidmətlər, məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və s. ilə bağlı mütəmadi olaraq fəal təcrübə və məlumat mübadilələri həyata keçirilir. Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məqsədyönlü şəkildə davam etdirilir. Qarşıdakı dövrdə də bu əlaqələrin daim inkişaf etdirilməsi ilə yanaşı, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi prioritet önəm kəsb edir.
A.Erdem Azərbaycan və Türkiyə əməkdaşlığının ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün bir örnək olduğunu və Azərbaycanın daim inkişafda olmasının, dünya birliyində mövqeyinin güclənməsinin məmnunluq doğurduğunu bildirib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində iki ölkənin əməkdaşlığının yüksək səviyyədə həyata keçirilməsi üçün təmsil etdiyi nazirlik tərəfindən bütün səylərin göstərildiyini və əlaqələrin bundan sonra da daim güclənəcəyinə əminliyini ifadə edib. A.Erdem əmək miqrasiyası, işçi qüvvəsinin qarşılıqlı məşğulluğu sahələrində əməkdaşlığa toxunub, xüsusən işçi qüvvəsinin qarşılıqlı məşğulluğunun dəstəklənməsi ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri, iki ölkə arasında əmək miqrasiyası, “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair Saziş”də dəyişiklik edilməsinə dair Protokol”un layihəsi və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Turkiye_hokumetleri_arasinda_layihe_muzakire_olunub-827550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR