Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb

Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb
17:48 26 Yanvar 2015
82 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

2014-cü il ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir və layihə həyata keçirilib. Bu tədbirlər əsasən xaricdəki azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı, lobbi quruculuğu kimi istiqamətləri əhatə edib.

Trend-in məlumatına görə bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin 2014-cü ilin yekunlarına dair hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü ildə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərin ən önəmlisi Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumudur. Əksəriyyəti sabiq ölkə və hökumət rəhbərləri olan 54 ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi forumda dünyanı narahat edən problemlər və onların həlli yolları müzakirə olunub.

Sentyabr ayında isə Andorra paytaxtında Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən “Avropada etimadın bərpa olunması” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya və Ukraynadakı böhranın müzakirəsinə də xüsusi diqqət ayrılıb.

Dövlət Komitəsinin hesabatına görə, ötən il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının antitəbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb. ABŞ, Kanada, Almaniya, Türkiyə, BƏƏ, İsveç, Litva, Gürcüstan, Rusiya və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.

Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın tədbir təşkil olunub, xarici KİV-də faciə ilə bağlı materiallar verilib, soydaşlarımız yaşadığı ölkələrin dövlət və hökumət strukturlarında görüşləri olub, onlara müraciət və məktublar ünvanlanıb. Diaspor təşkilatlarımız, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” kampaniyasına fəal şəkildə dəstək verməyə çalışıb.

Ötən il xaricdəki diaspor təşkilatlarımız və burada yaşayan həmvətənlərimiz tərəfindən Azərbaycan xalqının zəngin mədəniyyətinin, adət və ənənələrinin təbliğ olunması istiqamətində 181 mədəni-kütləvi tədbir təşkil olunub. Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil edilib, soydaşlarımız dünya festivallarında və sərgilərdə iştirak edərək ölkəmizin tarixi, zəngin mədəni irsini təbliğ etməyə çalışıb.

2014-cü il ərzində lobbi quruculuğu istiqamətində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə həmçinin, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlərlə əlaqələrin qurulması, xarici dövlətlərin parlament üzvlərinin, dövlət rəsmilərinin və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə 93 layihə və tədbir keçirilib.

Dövlət Komitəsini hesabatına əsasən, 2014-cü il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi əsas vəzifələrdən olub. Xüsusilə gənclərin, ictimai-siyasi xadimlərin diaspor quruculuğu işinə cəlb olunması və bu istiqamətdə onların fəallığının artırılması prioritet təşkil edib. Ötən diaspor təşkilatlarının sayında da artım olub və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.

Hesabat dövründə soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə 65 tədbir keçirilib.

Dövlət Komitəsinin hesabatında bildirilir ki, 2014-cü il ərzində ABŞ, Almaniya, Ukrayna, Rusiya və İsveçdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak edərək yerli və mərkəzi idarəetmə orqanlarına seçkilərə qatılıb, yüksək nəticələr əldə ediblər. Bundan başqa, Ukraynada yaşayan bir neçə həmvətənimiz dövlət qurumlarında yüksək vəzifələrə təyin edilib. Ukrayna, Rusiya, Türkiyə və digər ölkələrdəki azərbaycanlı ziyalılar, iş adamları müxtəlif diplom və mükafatlarla təltif olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR