“Sbornaya Baku” komandası Rusiyanın Birinci kanalında çıxış edəcək

“Sbornaya Baku” komandası Rusiyanın Birinci kanalında çıxış edəcək
18:03 26 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycanın şən və hazırcavablar klubları yenidən uğur qazanıblar. Ölkəmizin ən gənc komandası olan “Sbornaya Baku” Azərbaycan ŞHK-nı beynəlxalq səviyyədə tanıdıb.
Bu günlərdə komanda Soçidən, “KiViN-2015” 26-cı Beynəlxalq ŞHK Festivalından qayıdıb. “Sbornaya Baku”-nun festival çərçivəsində uğurli çıxışı, habelə komandanın əvvəlki nailiyyətləri nəzərə alınaraq o, 2015-ci il mövsümündə ŞHK Premyer-Liqasına daxil edilib.
Azərbaycan ŞHK Liqasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, “Sbornaya Baku” Rusiyanın Birinci kanalında təmsil olunacaq və müasir dövrün ən yaxşı ŞHK komandaları ilə bir səhnədə çıxış edəcək. Beləliklə, ŞHK Premyer-Liqasının mövcud olduğu on ildən artıq müddətdə ilk dəfə Azərbaycan komandası burada yarışacaq. Liqanın aparıcısı Aleksandr Maslyakovdur (oğul). Premyer-Liqa ŞHK komandaların özlərini yüksək səviyyədə tanıtmaları üçün yaxşı şansdır, çünki Liqanın oyunları Rusiya televiziyasının Birinci kanalı ilə translyasiya edilir. Rusiyanın tanınmış KİV-ləri bu komandalara xüsusi diqqət yetirirlər.
Builki beynəlxalq “KiViN” festivalında dünyanın müxtəlif ölkələrindən 540 komanda iştirak edirdi. Festival ilk dəfə olaraq “Qorki qorod” dağ xizək kurortunda keçirilib. Burada Ruisiya, Azərbaycan, Belarus, Böyük Britaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Tacikistan, Ukrayna və başqa ölkələrin komandaları yarışırdı.
Azərbaycan nümayəndə heyəti geniş tərkibdə təmsil olunub: bizim əsas komanda olan “Sbornaya Baku” ilə yanaşı, birinci mövsümdə Azərbaycan ŞHK Liqasının çempionu “Çak Norris” komandası da Soçiyə gedib və Regional Liqaların Çempionlar Kuboku yarışında iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sbornaya_Baku_komandasi_Rusiyanin_Birinci_kanalinda_chixis_edecek-827588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR