İsrailin Akko şəhərinin meri Milli Məclisdə olub

İsrailin Akko şəhərinin meri Milli Məclisdə olub
20:03 26 Yanvar 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, Əsəd Məmmədov, AzərTAc
Yanvarın 26-da Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə görüşüb.  
Azərbaycan və İsrail arasında dostluq əlaqələrinin möhkəmləndiyini deyən Ziyafət Əsgərov münasibətlərimizin inkişafında yüksək səviyyəli görüşlərin əhəmiyyətli olduğunu bildirib. O deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ən çox əlaqədə olduğu dövlətlərdən bir də İsraildir. Xalqlarımız, dövlətlərimiz arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. Biz Azərbaycan-İsrail dostluğuna böyük önəm veririk.
Z.Əsgərov qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin, xalqların nümayəndələrinə qarşı dost və tolerant münasibət var. O cümlədən Azərbaycanda yəhudilər tam sərbəst şəkildə yaşayırlar. Ölkə ərazisində beş sinaqoq fəaliyyət göstərir. Azərbaycandakı yəhudi icması xalqımızın ayrılmaz tərkib hissəsidir.
Parlamentlərarası əlaqələrdən danışan Z.Əsgərov Milli Məclisdə İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini, bunun da əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Bakının çox gözəl şəhər olduğunu deyən Şimon Lankri bildirib ki, uzun müddətdir Akko şəhərində yaşayan azərbaycanlılarla çalışır. “Azərbaycanlılarla işləyən zaman gördüm ki, onlar həqiqətən çox etibarlı və gözəl insanlardır”, - deyə o əlavə edib.  
Qonaq Azərbaycanda yaşayan yəhudilərin heç bir çətinliyi olmamasının məmnunluq doğurduğunu söyləyib. 
Mer Akko şəhərində Heydər Əliyev adına Azərbaycan Evinin tikildiyini deyib. Bildirib ki, artıq binanın birinci mərtəbəsi tikilib. İyun ayında işlərin birinci mərhələsinin başa çatacağı gözlənilir.
Akko şəhərində Azərbaycanla bağlı təşkil edilən tədbirlər barədə məlumat verən mer qeyd edib ki, bu tədbirlərdən biri də “Xocalıya ədalət” kampaniyası çərçivəsində “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası və Heydər Əliyev Fondu tərəfindən  keçirilən tədbir olub. Bu cür tədbirlər xalqlarımız arasındakı dostluq əlaqələrinin bariz nümunəsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israilin_Akko_seherinin_meri_Milli_Meclisde_olub-827653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR