Holland jurnalist Azərbaycan haqqında kitab yazdı (FOTO)

Holland jurnalist Azərbaycan haqqında kitab yazdı (FOTO)
20:11 26 Yanvar 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxındır fəaliyyət göstərən “Nivon” İctimai Birliyi ilə birgə tədbir keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri foto, video və şifahi məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraqla qarşılanıb. Əvvəlcə “Nivon” təşkilatının rəhbəri İnqeborq Barnhorn tədbir iştirakçılarına “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında qısa məlumat verib.

Daha sonra iştirakçılara holland dilində Azərbaycan haqqında məlumat verilib, Bir neçə gün öncə 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri isə xüsusi vurğulanıb. Hadisənin səbəbləri, siyasi motivləri, xalqın başına gətirilən qanlı olaylar, eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin öz şəhidlərinə, azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən çıxarılmış nəticələr haqqında geniş bəhs olunub. Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, Azərbaycanın 20 faiz torpağının hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Ana Vətən” Birliyinin dəvəti ilə tədbirə qatılan müstəqil holland jurnalist Xert van Dam Azərbaycana səfərindən sonra qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X.Dam Azərbaycan və azərbaycanlılar, onların başına gətirilən bəlalardan danışıb, Azərbaycanda olarkən görüb yaşadıqları barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc, Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, Naftalanın möcüzəvi neftindən söhbət açan yazıçı-jurnalist azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb.

J.Kruz, eləcə də Dağlıq Qarabağ probleminin hər iki xalqa vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və hər zaman haqqın qalib gələcəyinə inamını qeyd edərək xalqımızı səbirli olmağa çağırıb. Tədbirdə Azərbaycandakı iqtisadi, sosial inkişaf, quruculuq işlərindən bəhs edən sənədli film də nümayiş etdirilib.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR