Bakıda Hindistanın milli bayramı qeyd edilib

20:53 26 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, Ülviyyə Məmmədli, AzərTAc
Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – Respublika günü münasibətilə rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Səfir Vinod Kumar ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı tarixən mövcud əlaqələrdən danışıb. O bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da inkişaf edəcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırıb.
Nazir bildirib ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər hər iki xalqın rifahı naminə sürətlə inkişaf edir. Mədəni, iqtisadi, texnoloji və digər sahələrdə fəaliyyətini uğurla davam etdirən Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyası hazırda ikitərəfli əlaqələrin inkişafına töhfəsini verməkdədir.
Nazir əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün Azərbaycanın bütün ölkələrlə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan Hindistan ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Hindistanin_milli_bayrami_qeyd_edilib-827667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR