Azərbaycan səfiri Osloda Kon-Tiki–Tur Heyerdal irsinin öyrənilməsi muzeyində olub

Azərbaycan səfiri Osloda Kon-Tiki–Tur Heyerdal irsinin öyrənilməsi muzeyində olub
21:33 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Oslo, 26 yanvar, AzərTAc
Azərbaycanın Norveçdəki səfiri Adış Məmmədov Osloda yerləşən Kon-Tiki - Tur Heyerdal irsinin öyrənilməsi muzeyini ziyarət edib.
Muzeyin direktor müavini Hanfdan Tanger səfirə məşhur səyyah Tur Heyerdalın həyatı barədə məlumat verib. Qeyd edilib ki, Tur Heyerdal müxtəlif qitələrdə yaşayan xalqların bir-birinə tarixi bağlantısını sübut etmək üçün elmi ekspedisiyalar həyata keçirib, bununla da dünya şöhrəti qazanıb.
Səfir Adış Məmmədov məşhur alimin Azərbaycanın dostu olduğunu qeyd edib, Tur Heyerdalın bir neçə dəfə ölkəmizə səfər etdiyini və ömrünün son illərini Azərbaycan və Norveç xalqları arasında qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işə həsr etdiyini xatırladıb. Səfir deyib ki, Tur Heyerdal həm də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dostu olub, bu iki böyük şəxsiyyət dəfələrlə görüşüb. Bu da ölkələrimiz arasında əlaqələrin inkişafına gətirib çıxaran amil olub. Azərbaycan hökuməti də öz növbəsində Tur Heyerdal irsinə daim maraq göstərib və bu, Prezident İlham Əliyevin keçən il məşhur alimin 100 illik yubileyi ilə bağlı muzeyə göndərdiyi təbrik məktubunda öz əksini tapıb.
Sonda dünya şöhrətli Norveç səyyahı, etnoqraf və alim Tur Heyerdalın həyatı barədə fikir mübadiləsi aparılıb.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Oslo

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefiri_Osloda_Kon_Tiki_Tur_Heyerdal_irsinin_oyrenilmesi_muzeyinde_olub-827677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR