Nərgiz Paşayeva: Artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam

Nərgiz Paşayeva: Artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam
00:13 27 Yanvar 2015
264 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 27 yanvar, AzərTAc
Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Yanvarın 26-da bu əlamətdar hadisə münasibətilə Universitetin akt salonunda təntənəli iclas keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında görkəmli xidmətlərinə görə MDU-nun Fəxri professoru diplomuna layiq görülüb.
Diplomu MDU-nun rektoru Viktor Sadovniçiy təqdim edib. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya yüksək ada görə MDU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, 260 il ərzində universitet böyük və şərəfli yol keçib, əsrlərin və zamanın sonsuz keşməkeşində heç vaxt geri çəkilməyib, məğlub olmayıb.
O deyib: “Moskva universitetinin kollektivi əmin ola bilər ki, gəncliyin və müdrikliyin, ənənələrin və müasirliyin, oxşarlığın və müxtəlifliyin, mədəniyyətlərin dialoqunun, humanizm, sülh və ədalət ideallarının birləşdiyi bilik məbədinə qulluq edirlər. Çünki universitetlər əbədidir, qalan nə var isə tarixin böyük və kiçik epizodlarıdır”.
Nərgiz Paşayeva MDU-nun Bakı filialında çalışan moskvalı müəllimlərə dərin təşəkkürünü bildirib və filialın kollektivi adından Moskva universitetini təbrik edib.
Nərgiz Paşayeva AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib: “Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər”. Bu əsasdır. Mənə elə gəlir ki, Moskva universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığım diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam. Mənə verilən qiymət mənə ruh yüksəkliyi, şərəf və qüvvət verir”.
Təntənəli tədbirdə Rusiya Prezidenti Vladimir Putinin yubiley münasibətilə universitetə təbrik məktubu oxunub, qonaqlara universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim edilib, elmi nailiyyətlərə görə Lomonosov və Şuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomları ilə təltiflər olub.
Qeyd edək ki, MDU 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniçiy çalışır. MDU-nun Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvandan ezam edilən tanınmış professor və müəllim heyətinin vasitəsilə biliklərə yiyələnir.

Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nergiz_Pasayeva_Artiq_31_ildir_universitetde_isleyirem_ve_hech_vaxt_hech_bir_seneti_muellim_senetinden_ustun_tutmamisam-827696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR