Prezident İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”

Prezident İlham Əliyev: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”
01:27 27 Dekabr 2014
79 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 01:22 ]

Bakı - APA. “Gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Bakıda Heydər məscidinin açılışında çıxış edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün məsələlər ardıcıllıqla, məqsədyönlü şəkildə həll edilir: “Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR