Gülüstan- sirli qala

Gülüstan- sirli qala
07:58 27 Yanvar 2015
239 Ölkə
Ölkə mətbuatı
A- A+


Şamaxı, 27 yanvar, Adil Ağayev, AzərTAc 
Bünövrəsi VIII əsrdə Şirvanşahlar tərəfindən qoyulan, Şamaxı şəhərinin ərazisində, əlçatmaz dağlar qoynunda yerləşən Gülüstan qalası uzun illər, odlu silah meydana çıxanadək müdafiə qalası və istehkam kimi güclü mövqeyə malik olub.
AzərTAc tarixi mənbələrə istinadla xəbər verir ki, XI əsrin sonu, XII əsrin əvvəllərində hakimiyyətdə olan Şirvanşah II Mənüçöhrün bacısı Şahbanu xatun Gülüstan qalasını yenidən tikdirib. Şirvanşah I Axsıtan isə XII yüzilliyin sonlarında qalanı yenidən möhkəmləndirib. Şirvanşahların güclü müdafiə istehkamı olan bu qala Şirvan uğrunda gedən saysız-hesabsız döyüşlərin şahidi olub. Gülüstanın divar və bürcləri müxtəlif çağlarda xəzər, ərəb, səlçuq, monqol, Səfəvi, Osmanlı yürüşlərinin gücünü görüb hiss edib.
Taleyi Azərbaycanın Mənüçöhr, Axsıtan, Xəlilülla, Şah İsmayil, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan Gülüstan qalasının tarixi dəyəri çox böyükdür.
Tarixi mənbələrə görə, Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında birinci Şah Təhmasib vurub. Azərbaycanın ən qədim və əzəmətli qalalarından sayılan Gülüstan qalası dağıdılıb. Bu qaladan Şirvanşahların digər güclü istehkamı olan Qaleyi Bəyqurd qalasına gedən tunelin xarabalıqları indiyədək qalmaqdadır.
Son illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Gülüstanda aparılan ilkin arxeoloji qazıntılar qoynunda açılmamış sirli bir dünyanı “gizlədən” bu qalanın möhtəşəmliyindən xəbər verir. Qazıntı zamanı üzərində ox ucu olan 12 yaşlı uşaq skleti, habelə xeyli maddi-mədəniyyət nümunələri, o cümlədən saraya məxsus mətbəx, silah nümunələri, saxsı məmulatlar, küplər, sikkələr, ikiqat divarlar, təndirlər tapılıb.
Gələcək tədqiqatlar Azərbaycanın bu möhtəşəm, qoynunda tariximizin yazılmalı olan cild-cild səhifələrinə işıq salacaq məlumatları üzə çıxaracaq.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gulustan__sirli_qala-827708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR