İitirdiyimiz milyonlar (VİDEO)

İitirdiyimiz milyonlar (VİDEO)
10:06 27 Yanvar 2015
303 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təxminən iki həftə bundan əvvəl Şahdağ turizm kopmleksində ailəmlə istiharət etməyə getmişdim. Hər şey əla idi. Amma qiymətlər çox baha idi. Təsəvvür edin ki, qiymətlərdən xəbərsiz getmişdik və bir həftə dincəlməyi nəzərdə tutmuşduq. Qiymətlər baha olduğu üçün cəmi 2-3 gün dincələ bildik. Bu günlər ərzində 600 manatdançox pulumuz çıxdı. Oteldə qalırdıq, bir gecəsi 109 manat idi. Xizəkdən istifadənin qiyməti 20 manatdır, kanat 6 manat, gündə 3 dəfə yemək isə 80 manatdır".

Müsahibim Elxan Ələkbərov kimi öz ölkəmizdə istirahət etmək istəyən lakin qiymətlərdən, xidmətdən şikayət edənlərin sayı kifayət qədərdir. Elxan Ələkbərov deyir ki, bu pulla Türkiyədə hansısa qış turizm kompleksində 1 həftə necə lazımdır dincələ bilərdi.

Onun sözlərinə görə, Türkiyədə turizm komplekslərində xidmət səviyyəsi çox yüksəkdir. Necə deyərlər, əlini ağdan qaraya vurmağa imkan vermirlər.

Hökumət isə ölkədə turizm sektorunun inkişafında maraqlıdır. Təsadüfi deyil ki, 2014-cü ilin statistikasına görə, Azərbaycanda 527 otel fəaliyyət göstərir. Bu 2013-cü illə müqayisədə 2 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumatına görə, mehmanxanalarda gecələyən şəxslərin 131,3 min nəfərini ölkə vətəndaşları təşkil edib. Ümumi gecələmələrin 70,5 faizi Bakı şəhərində qeydə alınıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı mehmanxanalarda bir gecə qalmaq üçün orta qiymət 77,8 manat olub.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda turizm xidməti sahəsini inkişaf etdirmək üçün böyük potensial var. Azərbaycan hökuməti qeyri-neft sektorunda prioritet sahələrdən biri kimi turizmi seçib. Azərbaycan regionlarda turizm xidmətini və bu sahədə sahibkarlığı inkişaf etdirməklə böyük gəlir əldə edə bilər. Turizmin dünya miqyasında inkişaf tempi 4,3 faizdir. Ölkəmizə gələn turistlər dünyadakı turistlərin cəmi 0,003 faizini təşkil edir ki, bu da olduqca kiçik rəqəmdir.

Ekspertlər hesab edir ki, Azərbaycanda turizm sahəsində qiymətlərin baha olmasından başqa xidmət sektoru çox aşağı səviyyədədir. Ekspertlərin fikrincə, Azərbaycanda turizm sahəsi ilə qeyri-peşəkarların, daha doğrusu ixtisası turizmlə əlaqəsi olmayan şəxslərin məşğul olmasıdır.

Eskpert Ülvi Soltanın sözlərinə görə, istirahət etmək istəyən şəxslər müəyyən məbləğdə pulu ödəyirlər, lakin bu pulun qarşılığında həddindən artıq aşağı səviyyədə xidmətlə üzləşirlər.

“Azərbaycanda turizm sahəsində ən başlıca problemlərdən biri bu sahəsə kadr çatışmazlığıdır. Turizm şirkətlərində, müəssisələrində peşəkarlar çalışmayır. Artıq Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir və peşəkar kadrlar yetişdirir. Lakin buranı bitirən kadrlar daha çox xarici ölkələrdə işləməyə üstünlük verirlər. Bunun səbəbi isə universitetdə əldə etdiyi biliyə ölkə xaricində daha çox maaş verirlər. Məsələn, Azərbaycanda 500 manata maaş alacaqsa, xarici ölkədə ona 3000 manat əməkhaqqı verirlər.

Azərbaycanda ödənilən məbləğlə göstərilən xidmət üst-üstə düşmür. Amma Azərbaycanda elə otellər var ki, yüksək səviyyədə təşkil edilib. Çünki bu otellərdə əsasən xarici mütəxəssislər çalışır. Onlar da əsasən savadlı kadrları ətrafına toplayır. Qohumumdu, tanışımdı, dostumdu məsələsi onlar üçün keçərli deyil”, - deyə ekspert bildirdi.

Ekspert hesab edir ki, turzim sahəsində mövcud problemləri köklü şəkildə həll etmək üçün birinci növbədə peşəkar kadrlar yetişdirilməlidir. Çünki bu sektor peşəkarların əlində cəmləşəndə, xidmət sahəsi yüksələcək, qiymətlər də aşağı düşəcək: “Peşəkar kadr yaxşı başa düşür ki, insanları istirahət məkanına dəvət etmək üçün qiymətlər aşağı salınmalı və xidmət səviyyəsi yüksək olmalıdır. Bu sahədə çalışan qeyri-peşəkarlar isə yalnız bir şeyi fikirlərşirlər: “Necə eliyim ki, bu gün dünənkindən daha çox pul çıxarım”.

Əvvəldə qeyd etdiyimiz kimi hökumət də ölkədə turizmin inkişafında maraqlıdır. Peşəkar kadrların yetişdirilməsi üçün prezident İlham Əliyev Azərbaycan Turizm İnstitunun bazasında Turizm və Menecment Universitetinin (ATMU) yaradılması haqqında sərəncam verdi. Sərəncamda kadrların yetişdirilməsi üçün bir sıra məsələlər öz əksini tapıb. Sərəncamda qeyd olunan əsas məqam universitetin kampusunun yaradılmasıdır.

ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov ANS PRESS-ə bildirdi ki, prezidentin yeni sərəncamı kadr hazırlanması ilə bağlı üzərilərinə yeni istiqamətlər üzrə vəzifələr qoydu: “Həmkarlarla da bu barədə söhbət edərkən razılaşdıq ki, prezidentin sərəncamı ilə bağlı işləri iki mərhələdə keçirək. Birincisi mövcud maddi texniki baza çərçivəsində daha nələri edə bilərik? Qeyd edim ki, bu baza o qədər də geniş deyil. Bizim daha çox işlər görmək imkanlarımızı bir az da məhdudlaşdırır. Ancaq bu bazanın çərçivəsində yeni ixtisaslarla, keyfiyyət dəyişikliyi ilə bağlı nələr etmək mümkündürsə həyata keçirəcəyik.
Başqa bir məsələ isə kampusun tikilməsi və istifadəyə verilməsidir. Burada 8-10 min tələbənin təhsil alacağı tədris müəssisəsindən gedir. Bu isə Azərbaycanda turizm sahəsində kadrların yetişdirilməsində möhtəşəm rol oynayacaq”.

ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov


C.Cəfərov onu da bildirdi ki, turizm sahəsində peşəkar kadrların yetişdirilməsi üçün xarici ölkələrdən universitetə təcrübəli mütəxəsssilər dəvət edilir. Rektorun sözlərinə görə, ölkədə yararlı kadrların olması üçün xarici ölkələrdən peşəkar mütəxəssislərin univeristetə cəlb olunması hava və su kimi lazımdır. Bundan başqa tələbələr də xarici ölkələrə təcrübəyə göndərilirlər. Məsələn, tələbələr əsasən, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstan, bir sözlə Azərbaycana yaxın ölkələrin turistik bölgələrinə göndərilirlər.
“Xarici ölkələrə praktiaknın müddəti ayrı-ayrı ixtisaslarda fərqlidir. Ən çox 20 həftədir. Daha sonra yay dövründə dərslər başlayana qədər tələbələr praktikada olurlar. Müxtəlif ölkələrə göndərilirlər. Lakin burada bir məsələ var. Tələbələrin hamısı praktika üçün xarici ölkələrə göndərilmirlər. Universitet ən yaxşı oxuyan, xarici dil bilən 30 tələbəni ölkədən kənara təcrübə keçməyə göndərir. Məsələn, bu il tələbələr İsrailə gedəcək”.
Yazının əvvəlində eskpertimiz bilirmişdi ki, Azərbaycanda peşəkar kadrlar ölkədən kənarda işləməyə üstünlük verirlər.

C.Cəfərov tələbələrin işlə təmin olunması məsələsinə də aydınlıq gətirdi: “Dünya təcrübəsi göstərir ki, tələbələr daha çox təcrübə keçdikləri müəssisələrdə işə düzəlirlər. Bizim universitetin 1000 nəfərdən artıq məzunu var. Onların böyük əksəriyyəti işləyirlər. Universiteti bitirən tələbələrin ATİMA adlı cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyət də tələbələrin iş tapmasına yardım edir. Amma bunlar kifayət etmir. Ona görə də karyera mərkəzinin yaradılmasını düşünürük. Bu mərkəz maraqlanacaq ki, hansı məzunlar universiteti bitirəndən sonra ilk 6 ay ərzində işlə təmin olunub və onların orta aylıq əmək haqqı nə qədərdir? Artıq Karyeya mərkəzinin yaradılması üçün işlər aparılır.Turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatların nətcələrinə görə 2020-ci illərdə turizm təhsilinin müxtəlif səviyyələri üzrə, təxminən, ixtisaslaşmış 70-75 min nəfərə ehtiyac olacaqdır ki, bu ehtiyacı qarşılamaq üçün kompleks tədbirlər görüləcək.Regionların sosial-iqtisadi inkişafı, əhalinin iş təminatının yaxşılaşması, tələbələrin əldə etdikləri nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsi və onların əlavə gəlirlərinin artırılması və iş təcrübəsi toplaması baxımından regional peşə məktəblərinin də açılması gündəmdədir. Hesab edilir ki, keyfiyyət problemi daim öndə tutulmaqla tezliklə kütləvi kadr hazırlığı prosesinə başlanmalı, yaxın on il ərzində ən azı 5 rayonda (Xaçmaz, Zaqatala, Göygöl, Şəmkir və Masallıda) regional turizm peşə məktəbləri, həmçinin 3 şəhərdə (Masallı, Xaçmaz və Naxçıvan) filiallar yaradılmalıdır. Bu filiallar və peşə məktəbləri tədricən işə başlamalı, regionun aqrar sənaye imkanlarını, qonaqpərvərlik və mətbəx mədəniyyətini, regionun aparıcı turizm növünü özündə ehtiva etməlidir. Ən vacib məqamlardan biri isə, bu məktəblərin təcrübə bazasının, aqroturizm sənaye parkının yaradılmasına nail olmaqdır”.

Bizə isə gözləmək qalır. Ümid edirik ki, universieti bitirən tələbələr ölkədə qalıb işləyəcək və ölkəmiz, millətimiz üçün xidmət edəcəklər.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=322016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR