Rusiyanın beynəlxalq kredit reytinqi qeyri-investisiya səviyyəsinə salınıb

Rusiyanın beynəlxalq kredit reytinqi qeyri-investisiya səviyyəsinə salınıb
10:27 27 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 10:24 ]

Bakı – APA. Beynəlxalq maliyyə bazarlarının analitik tədqiqatları ilə məşğul olan ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biri - “Standard & Poor’s” Rusiya Federasiyasının reytinqini “BB+” səviyyəsinə qədər aşağı salıb.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu reytinq spekulyativ səviyyə və yaxud “zibil” səviyyəsi adlandırılır və qeyri-investisiya səviyyəsi hesab edilir.

 

Təşkilat öz qərarını belə əsaslandırıb ki, Rusiyanın pul-kredit siyasəti öz çevikliyini itirib, maliyyə sektorunda vəziyyət pisləşir və bu, Mərkəzi Bankın imkanlarını məhdudlaşdırır. Agentlik xatırladıb ki, 2014-cü ilin dekabrında Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17%-ə qaldırıb, bu addım rublun dəyərsizləşməsi prosesini dayandırmalı və inflyasiyanın qarşısını almalı idi. Rubl bu qərardan sonra qısa müddət möhkəmlənib, lakin yenə də dəyərdən düşməyə davam edir. “S & P” hazırkı vəziyyətdə iqtisadiyyatın kreditləşməsinin ixtisara məruz qalacağını və bunun iqtisadi yüksəlişi əngəlləyəcəyini bildirib. Təşkilatın proqnozuna əsasən 2015-2018-ci illərdə Rusiya iqtisadiyyatı illik 0,5% həcmində inkişaf edəcək, bu isə ötən illərin rəqəmlərindən xeyli aşağıdır. Bu il inflyasiyanın səviyyəsinin 10%-dən yüksək olacağı gözlənilir.   

 

“S&P” öz qiymətləndirməsini açıqladıqdan sonra Rusiyada rublun kursu yenidən aşağı düşməyə başlayıb. Dollar 68 rublu ötüb, avro 77 rubla çatıb.

 

Qeyd edək ki, iki digər nüfuzlu reytinq agentliyi - “Fitch” və “Moody’s” hələlik Rusiyanın reytinqini investisiya səviyyəsində saxlayır. “Renessans Kapital”ın Rusiya və MDB üzrə baş iqtisadçısı Oleq Kuzmin bildirib ki, əgər bu təşkilatlar da Rusiyanın reytinqini qeyri-investisiya (“zibil”) səviyyəsinə salsalar, onda durum kritik olacaq: “Əgər neftin qiyməti aşağı düşməyə davam edərsə və Ukraynada münaqişə kəskinləşərsə, digər agentliklər tərəfindən də reytinqin aşağı salınması mümkündür”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR