Zaqatalada çayçılığın dirçəldilməsi üçün böyük həcmli investisiyalara ehtiyac vardır

Zaqatalada çayçılığın dirçəldilməsi üçün böyük həcmli investisiyalara ehtiyac vardır
10:53 27 Yanvar 2015
232 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 27 yanvar, AzərTAc
Çayçılıq Zaqatala rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutmasa da, ənənəvi sahələrdən hesab olunur.
Zaqatala çayı yüksək keyfiyyəti və ətri ilə həmişə alıcıların diqqətini cəlb edib. Keçən əsrin 70-80-ci illərində Zaqatala rayonunun ərazisində 90, qonşu Balakən və Qax rayonlarında isə 30 hektar məhsuldar çay plantasiyaları mövcud olub. Bu plantasiyalardan hər il orta hesabla 250 tona yaxın yaşıl çay yarpağı tədarük olunur və ondan 60-65 ton qara məxməri çay istehsal edilərək respublikanın çay çəkici fabriklərinə göndərilirdi. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət sifarişi ləğv edildiyindən çay plantasiyaları baxımsızlıq ucbatından yarasız vəziyyətə düşmüş və nəticədə çay istehsalı xeyli azalmışdı.
Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramından (2004-2008-ci illər) irəli gələn vəzifələrin icrası rayonda digər sahələrlə yanaşı, çayçılığın inkişafına da müəyyən təkan verib. Dövlət Proqramının icrasının ilk ilində rayonda mövcud çay plantasiyalarının yalnız 5 hektarı məhsuldar vəziyyətdə idi. Görülmüş tədbirlər nəticəsində sonrakı illərdə rayonda 35 hektar çay plantasiyası bərpa edilərək məhsuldar vəziyyətə gətirilib. Hazırda rayonda 60 hektar çay plantasiyası vardır. Bu plantasiyaların becərilməsi və çay emalı ilə 2 müəssisə - “Zaqatala-Çay” və “Çay-Tala” Məhdud Məsuliyyətli cəmiyyətlər (MMC) məşğul olur. 2014-cü ildə bu müəssisələr tərəfindən 54 ton yaşıl çay yarpağı tədarük edilib. Lakin çay plantasiyalarının bərpası və genişləndirilməsi üçün böyük həcmli investisiyaların qoyulmasına ciddi ehtiyac vardır. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müvafiq təkliflər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.
Rayonun Qazangül yaşayış massivində fəaliyyət göstərən “Çay-Tala” MMC-nin təsisçisi Həsən Həsənov AzərTAc-a eksklüziv müsahibəsində çayçılığın dirçəldilməsi üçün həlli vacib olan məsələlər barədə danışıb, təkliflərini bildirib.
Müsahibimizin dediyinə görə, hazırda MMC-nin istifadəsində 15 hektar məhsuldar çay plantasiyası vardır. Plantasiyaların 10 hektarı MMC-nin özünə, 5 hektarı isə əhaliyə məxsusdur. Çay plantasiyalarına qulluq və məhsulun yığımı ilə bağlı 32 fermer ailəsi ilə müqavilə bağlanılıb. Ötən il MMC-yə məxsus plantasiyalardan 8 ton yaşıl çay yarpağı yığılıb və ondan 2 ton quru çay emal olunub. Əvvəllər isə bu plantasiyalardan 50 tona yaxın yaşıl çay yarpağı yığmaq mümkün olurdu.
“Çay-Tala” MMC-nin təsisçiinin dediyinə görə, məhsuldarlığın aşağı düşməsi son illər, xüsusilə də 2014-cü ildə havaların həddindən artıq quraq keçməsi ilə əlaqədardır. Çay isə rütubət sevən bitkidir. Plantasiyalar dağlıq ərazidə yerləşdiyi üçün suvarılmasında da müəyyən çətinliklər yaranır.
H.Həsənov belə hesab edir ki, çay plantasiyalarında çiləmə üsulu ilə işləyən yeni suvarma sistemləri quraşdırılarsa, yüksək məhsuldarlıq əldə etmək olar. Buna isə xeyli vəsait tələb olunur. Yeni plantasiyaların salınması da çox böyük vəsait tələb edir. Çayçılığı inkişaf etdirmək üçün dövlət tərəfindən bu sahəyə böyük məbləğdə uzunmüddətli kredit ayrılmalıdır. Bu kreditin verilməsi və qaytarılması şərtləri də digər kreditlərdən fərqlənməlidir. Çünki, məsələn, heyvandarlığa yatırılan sərmayəni bir-iki ildən qaytarmaq mümkündür. Ancaq yeni salınan çay və yaxud üzüm plantasiyaları yalnız 5-8 ildən məhsul verir. Bu müddət ərzində plantasiyalara həm də qulluq olunmalıdır, alaq otlarından təmizlənməlidir. Ona görə də həmin müddət ərzində fermer faktiki olaraq bu krediti qaytara bilmir.
Müsahibimizin dediyinə görə, çay çox yaxşı gəlir mənbəyidir. Məhsulun satışında heç bir problem yoxdur, alıcılar kifayət qədərdir. Sadəcə, məhsul azdır. Hazırda bazarda Zaqatalanın buket çayının bir kiloqramının qiyməti 50 manatdır. Çay kolları qocaldığına görə, məhsuldarlıq da ilbəil aşağı düşür. Plantasiyalarda dərin budama aparılmaqla cavanlaşdırılarsa, bir-iki ildən sonra məhsuldarlığı artırmaq olar. Plantasiyaların cavanlaşdırılması da xeyli vəsait tələb edir.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Zaqatala çayçıları arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən “Çay-Tala” MMC-nin təmsilçisi bu əməkdaşlığın onlara çox böyük fayda verdiyini vurğulayıb. Onun dediyinə görə, əvvəllər çay plantasiyalarında budama işləri traktorlar vasitəsilə həyata keçirilirdi. Lakin GİZ tərəfindən gətirilən avadanlığın köməyi ilə son illər budama işləri artıq əl ilə görülür və bu çox yaxşı səmərə verir, məhsuldarlıq artır.
Müəssisənin təsisçisi bildirib ki, yığım vaxtı icarədarlara hər kiloqram yaşıl çay üçün 80 qəpik ödənilir. Elə ailələr var ki, onlar hər gün 100 manatadək, bir ay ərzində isə 2-3 min manat qazanc əldə edir.
Həsən Həsənovun dediyinə görə, martın əvvəllərində çay plantasiyalarında budama işlərinə başlanılacaq, mayın əvvəllərində isə plantasiyalardan ilk məhsul toplanacaq. Hava şəraiti əlverişli olarsa, yəni rütubətli keçərsə, məhsuldarlığın artacağı gözlənilir.

Mustafa Dadaşov
AzərTAc-ın müxbir



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_chaychiligin_dircheldilmesi_uchun_boyuk_hecmli_investisiyalara_ehtiyac_vardir-827714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR