Keçmişi üzümüzə qapadılmış Azərbaycanın QƏRB QAPISI - Birinci yazı - FOTO

Keçmişi üzümüzə qapadılmış Azərbaycanın QƏRB QAPISI - Birinci yazı - FOTO
20:52 18 Avqust 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Avqust ayının əvvəlində məzuniyyətimlə əlaqədar dincəlmək adı ilə Qazağa gedib doğma rayonumun böyük bir hissəsini, demək olar ki, qarış-qarış gəzdim. İlk öncə, onu deyim ki, geoloji baxımdan formalaşma yaşı milyon illərlə hesablanan bu tarixi məkana Ulu Tanrı heç bir səxavətini əsirgəməmişdir. İlk insan məskənlərinin məhz bu ərazilərdə (Damcılı, Göyəzən mağaraları) təşəkkülü və formalaşması ərazinin insan tarixinin də lap qədimlərə gedib çıxdığına əyani bir sübutdur. Bu qədimilik baxımından, ümumiyyətlə, Qazax rayonu araşdırılması zəif aparılmış ərazilərmizdən biri və birincisidir. Belə ki, müəyyən savadı olan hansısa şəxs bu qədim türk torpağına gəlib, təbiətin seyrinə çıxsa, qarşılaşdığı tarixi-coğrafi mənzərə qarşısında mat qalar və bu haqda əlavə bilgilər əldə etmək istəsə, köməyinə çatacaq, onu qane edəcək məlumat tapa bilməyəcək. Bu səfərimdə mən özüm də rastıma çıxan məkanların ad baxımından, coğrafi və tarixi məlumat baxımından çox yerlərmizin hələ öz araşdırmaçılarını gözlədiyinin şahidi oldum. Bu qədim türk torpağını qəzdiyim zaman daxilən qürurlandığım, məyuslandığım, sevindiyim, kədərləndiyim, ruhlandığım, solduğum məqamlar, sanki, bir-birini növbəli müşayiətə keçərək içimdə atəş çatırdı. Buna görə də, Qazaxda qarşılaşdığım bütün narahatçılıq doğuran, sevincə səbəb olan, təbliğinə ehtiyac duyulan, tənqidi qaçılmaz olan mövzuların hər birini növbə ilə qələmə alıb dəyərli oxucularımıza yetirməyi özümdə qərarlaşdırdım.

Son 400-500 ildə özünün qəhrəman oğulları, ziyalıları, sənətkarları, hərbçiləri, həkimləri, maarifçiləri, filosofları ilə tanınan, tarix yazan Qazax, sanki, artıq o Qazax deyil. Bəli, o Qazax deyil! 
Dəyərli oxucu, bu gün hansısa biriniz Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsində Qazağa baxsanız, orada kiçik bir rayonun ərazisini görüb deyəcəksiz ki, bəs mən də elə bilirdim ki, Qazax bir böyük ərazidir. Haqlısan! Qazax bu gün olduğundan ən azı 2-3 dəfə kiçilmiş bir ərazidə öz adını qoruyub saxlaya bilmişdi. Bəli, bilmişdi! Son 100 ilin içərisində Qazağın ərazisi ədalətsizcəsinə bölünərək düşmən ermənilərə və şovinist gürcülərə verilmişdir. Burada ən böyük günah sahibi yenə də sapı özümüzdən olan baltalar oldu. Məlum məsələdir ki, bu gün informasiya əldə etmək imkanları nəfəs almaq qədər asandır. İndi gəlin görək hər birimizin bu və ya digər maraqları qarşılğında müraciət etdiyi internetdə Qazağın itirilmiş, daha doğrusu verilmiş torpaqları haqqında nə qədər bilgi əldə edəcəyik. Buyurun özünüz "google.az" saytına girib "itirilmiş torpaqlar", "verilmiş ərazilər" açar sözlərini yazın və nəticə ilə (daha doğrusu, nəticəsizliklə) özünüz də tanış olun. Rus və ingilis dillərində də rastıma çıxmadı bu haqda məlumatlar. Erməni dilini bilmədiyim üçün (buna çox təəssüf edirəm) murdar millətin dilində olan saytlara daxil olub baxa bilmədim.

Bəs nədir bizi belə hala salan? Düzü, cəmiyyətdə rast olduğum bir çox neqativliklərə rəğmən bu hala düşməyimizin elə bir növ günahının ağırlığını özümüzdə də gördüm. Çünki bir çoxlarımız öz tarixi keçmişimizə qarşı çox sayğısız və sevgisiz yanaşmalarımızla ad çıxarmışıq. Tarixi şəxsiyyətlərimizi, ölməz qəhrəmanlarımızı ucaltmaq, tanıtmaq əvəzinə, nədənsə onları az qala yaddaşlardan unutdurmaq, tariximizdəki izini itirmək istəyirik. 

Məlumdur ki, Çar Rusiyası dönəmində digər bölgələrmizdə olduğu kimi, Qazaxdan da adlı sanlı, hərb meydanında böyük qəhrəmanlıqlar və şücaətlər göstərmiş hərbçilər - generallar çıxmışdır. Lakin bu gün o qəhrəmanların adlarını yaşadıb, gənc nəslə nümunə kimi göstərəcək çox şeydən yan keçmişik.
Qazaxda hamımızın görmək istədiyi, lakin görə bilmədiyi çox şeyləri məni də içdən yandırır. Nədir görmək istədiklərimiz? 1865-ci ildə Qazağın Qıraq Salahlı kəndinin Qazaxlı məhəlləsində anadan olmuş, "artilleriya Allahı" sayılan, "Şıxlinski üçbucağı" adlı hərbi ixtiranın müəllifi, general-leytenant, Azərbaycan Demokratik Cümhuriyyətinin daxili işlər nazirinin müavini Alı ağa Şıxlınskinin böyük heykəlini qoymaq bu qədərmi müşkül məsələdir. Ölkə prezidenti cənab İlham Əliyevin xususi sərəncamı ilə bu dahi generalın 150 illik yubileyi xüsusi təntənə ilə qeyd olunduğu halda ona bu heykəli qoymaq mütləq idi (Qazaxda mütəfəkkirlər bağında qoyulmuş kiçik büstlə kifayətlənmək olmaz).
Cəmi 25 il ömür yaşamış, lakin şərəfli bir ömür yaşamış poruçik Fərrux ağa Qayıbovu necə tanıda bilmişik. Bu yazıda əsas hədəfim bu şəxsin şərəfinə ucaldılmış abidənin taleyinə həsr olunduğundan onun haqqında müəyyən arayış vermək istərdim.

Arayış:
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci ildə Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Atası Məmmədkərim ağa da hərbçi olaraq əlahəzrət imperatorun əmri ilə nümunəvi xidmətlərinə görə praporşik rütbəsi verilmiş və "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. Alı ağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub və 1910-cu ildə oranı əla qiymətlərlə bitirib, Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. 1913-cüildə həmin məktəbi də fərqlənmə diplomu ilə bitirdiyindən İsveçrənin "Pavel Bure" firmasında hazırlanmış, arxasında "Yunker Fərrux ağa Qayıbov, 1913-cü il" sözləri yazılmış qızıl saat hədiyyə edilmişdir. Fərrux ağa Qayıbov dövrünün ən mükəmməl hava gəmisi olan dördmühərrikli "İlya Muromets-16" təyyarəsini idarə edən dörd nəfər döyüşçüdən biri idi. Həmin təyyarə 1913-cü ilin sonunda Peterburqun "Rus-Baltik" zavodunda istehsal olunmuşdur. Bu təyyarə 1914-cü ildə bir dəfə yerə enməklə dövrü üçün rekord sayılacaq 1000 km məsafəni 14 saat 38 dəqiqəyə qət etmişdir. 12 sentyabr 1916-cı ildə vacib və ağır döyüş tapşırığı alan "İlya Muromets-16" təyyarəsinin heyəti düşmən arxasına keçərək düşmənin artilleriya anbarlarını, aerodromlarını, 89-cu alman-ehtiyat diviziyasının mövqelərini bombardman etməli idi. Bu ağır əməliyyat indiki Belarus Respublikasının ərazisi olan Boruno kəndi üzərində həyata keçirilirdi. Almanların zenit batareyalarının yağış kimi yağdırdığı atəşinə baxmayaraq "İlya Muromets-16"-nın qəhrəman heyəti irəliləyərək döyüş tapşırığını yerinə yetirirdilər. Bunu görən düşmən səmaya iki "Albatros" və iki ədəd "Fokker" tipli qırıcı təyyarəsi qaldırır. Qeyri-bərabər döyüşdə poruçik Qayıbov düşmənin üç qırıcı təyyarəsini vuraraq yandırmışdır. Lakin bu döyüşdə "İlya Muromets" təyyarəsi də ciddi zədə alaraq yerə düşmüş və heyət üzvləri həlak olmuşdur. Səhəri gün - 13 sentyabrda alman təyyarələrinin səmadan atdığı kağızlarda yazılırdı ki, qəhrəmancasına vuruşaraq həlak olan poruçik Qayıbovu və onun heyətini alman əsgərlər şərəflə dəfn etdilər (Ş.Nəzirli "Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov", Bakı, 2007, ).

25 illik qısa və şərəfli ömür yoldunda poruçik Fərrux ağa Qayıbov üçüncü dərəcəli "Müqəddəs Stanislav" (1915), dördüncü dərəcəli "Müqəddəs Anna" (1915), ikinci dərəcəli "Müqəddəs Stanislav" (1916), ölümündən sonra üçüncü və ikinci dərəcəli "Müqəddəs Anna" (1917), bundan başqa 1769-cu ildə imperator II Yekaterina tərəfindən təsis edilmiş "Əla xidmət və cəsurluğa görə" verilən dördüncü dərəcəli "Müqəddəs Georgi" (1917) ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Sovet İttifaqına daxil olduqdan sonra obyektiv və subyektiv səbəblərdən Fərrux ağa və onun kimi yüzlərlə qəhrəman türk oğullarının qəhrəmanlıqları SSRİ-nin toz basmış müxtəlif təyinatlı arxivlərdə yatırdı. Lakin xalq öz qəhrəman oğlunu bir an belə vaxt unutmamışdı. Dəyərli eloğlum Şəmistan Nəzirli yazır ki, 1971-ci ildə aviasiya marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilir. Bir il sonra Qazağa seçiciləri ilə görüşə gələn marşala rayon ağsaqqalları və ziyalıları söhbət əsnasında söyləyiblər ki, bəs Birinci Dünya müharibəsində qəhrəmanlıqla həlak olan təyyarəçi Fərrux ağa Qayıbov da bizim həmyerlimiz olub. Buna qəti şəkildə etiraz edərək inanmayan marşal Kutaxov ona sübut kimi bir sənəd, şəkil göstərilməsini istəyib. Lakin heç bir sənəd tapılmadığından (olsa da, heç kim qorxusundan üzə çıxarmazdı) Kutaxov "Mən Moskvaya qayıdıb arxivləri yoxlatdıracağam. Əgər doğrudan da, sizin dedikləriniz düz çıxsa, mən söz verirəm ki, onun xatirəsini əbədiləşdirəcək bir heykəl, bir nişangah ucaltdıracağam burada" deyir. Marşal Kutaxov Moskvaya çatan kimi arxivləri araşdırır və həqiqətən də, Fərrux ağa Qayıbovun Qazaxda anadan olduğu haqqında məlumatlar alır. Çox keçmir ki, 1973-cü ildə marşal Kutaxov Qazağa bir nömrəli heykəl-təyyarə abidəsi və postament üzərinə vurulacaq "İlk Azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə" sözləri yazılmış lövhə göndərir. Lakin o dövrdə Qazağın raykom katibi çox böyük səhv edərək (ya da qorxaraq) bu sözlərin yerinə "Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə" sözləri yazdırır. Bu adamın savadsızlığı və qorxaqlığı ucbatından ortaya mərkəzin icazəsi ilə çıxmış tarix saxtalaşdırılır. Yerli əhalidən bu abidənin kimin şərəfinə ucaldığını az-çox bilən olsa da, kənardan gələn insanlar bu möhtəşəm abidənin kimin şərəfinə ucaldığını bilmirdi. Sadəcə, qısa müddətdə hər kəs üçün "Samalyotun yanı" ifadəsi dillərdə əzbər oldu.

Azərbaycan ikinci dəfə tarixi müstəqilliyinə qovuşduqdan sonra ümid edirdik ki, bu tarixi abidənin kimə məxsus olduğu haqqında təyyarə ətrafında bir memorial kompleks yaradılacaq və tarixi ədalətsizlik bərpa olunacaq, haqq öz yerini tapacaq. Atalar bu yerdə gözəl deyib, "sən saydığını say, gör fələk nə sayır". Uzun müddət yaxşı nəticə gözlədiyimiz halda 2004-cü ildə Qazağa icra başçısı təyin edilmiş Rauf Hüseynov yerli sakinlərin iradəsinin əksinə gedərək bu heykəl-təyyarəni tarixi yerindən götürdərək yararsız halda kənara atdı. Həmin vaxt Qazağın mərd oğulları və Fərrux ağa Qayıbovun həmkəndliləri - Yuxarı Salahlı sinələri bu abidəyə sahib çıxaraq onu min bir zillətlə Yuxarı Salahlıya aparıb kənd bələdiyyə başqanının və kənd sakinlərinin birbaşa köməkliyi ilə "Şəhidlik" memorial kompleksində ucaltdılar. Həmin dövrdə rayon rəhbərliyinə qıcıq olmasın deyə abidə elə də gözə gəlimli yerdə ucaldılmadı. Ucaldıldığı yerdə isə abidənin qarşısına yazılmadı ki, bu nə üçün qoyulub, kimin üçün ucaldılıb, səbəbi, mahiyyəti nədir. Buna görə də, dəfələrlə abidənin öz əvvəlki yerinə və yaxud da Yuxarı Salahlıda yolun kənarında çox da hündür olmayan bir təpənin üstündə ucaldılması və abidənin kimə aid olması haqqında, ətrafında memorial kompleksin yaradılması haqqında yuxarı instansiyalara müraciətlər edilmişdir. Nəhayət ki, 2015-ci ilin aprel ayında Yuxarı Salahlıdakı heykəl-təyyarə üçüncü yerdəyişməyə görə öz yerindən söküldü. Bu gün Fərrux ağanın şərəfinə ucaldılmış heykəl-təyyarə Tiflis istiqamətindən Qazağın girişinə 600-700 qalmış yolun sağ tərəfindəki düzəngah bir ərazidə yerləşdirilib. Ətrafı yaxşı abadlaşdırılmayan, heç bir məlumat lövhəsi olmayan heykəl-təyyarənin 9 may 2015-ci ildə açılışı da olub. 

Nəzərə alsaq ki, Qazax vətənimizin Qərb qapısıdır. Hər gün bu qapıdan minlərlə insan - əcnəbi, turist, diplomat və sair şəxslər ölkəmizə daxil olur. Abidənin yaxınlığından keçərkən heç bir yazısı, xatirə lövhəsi olmayan "naməlum" obyektin nə səbəbə ucaldığını bilmədən keçən insanlar bizi çox qınayaraq yollarına davam edirlər. Əcabə, görəsən Qazax rayon İcra Hakimiyyətinin büdcədən qənaət edib saxladığı vəsaiti yoxdurmu ki, qəhrəman Fərrux ağanın ya heykəlini, ya mərmər parçası üzərində döyülmüş şəklini, heç olmasa iri bir daşa, dəmirə yazılmış məlumat lövhəsini asmış olsun, yolun kənarından. Heç olmasa marşal Kutaxov qədər məhəbbətimiz olsun öz qəhrəmanımıza. 
Bu gün cəmiyyətdə pərakəndə halda dini xurafata, narkomaniyaya, digər pis vərdişlərə meyllənənməyə həvəs göstərən gənclərimizə 25 yaşlı qəhrəman haqqında danışsaq, bəlkə onlar da öz səhvlərindən dönməyə başlayacaqlar.

Bir də ki, bu abidə-təyyarə 40 ildən çoxdur ki, Qazağın simvoluna çevrildiyindən, ona hər bir qazaxlı xüsusi hörmətlə yanaşaraq, bu təyyarə-abidə ilə mütəmadi olaraq maraqlanmalıdır...

Yusif Alı Afşar
Fəlsəfə doktoru 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/363580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR