Mirhəsən Seyidov: Yeni strategiya gənclərin problemlərinin həlli istiqamətində mühüm rol oynayacaq

Mirhəsən Seyidov: Yeni strategiya gənclərin problemlərinin həlli istiqamətində mühüm rol oynayacaq
13:43 27 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

“Azərbaycanda gənclər sahəsində kifayət qədər uğurlu siyasət həyata keçirilir. Bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi gənclərin mövcud problemlərinin həlli istiqamətində mühüm rol oynayacaqdır”. Bunu Trend-ə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, bundan əvvəl gənclər üçün həyata keçirilmiş proqramların davamı olaraq burada da gəncliyin gələcək inkişafının müxtəlif aspektləri nəzərdə tutulub: “Azərbaycan gənclərinin inkişaf strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın məqsədlərinə nəzər salsaq, görərik ki, burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb”.

M.Seyidovun fikrincə, bu gün cəmiyyətdə müxtəlif səbəblərdən bəzi narazı gənclərin olduğu danılmazdır. Məhz bu gənclər həyatda bir qədər çətinliklə üzləşdikdə bunun günahını dövlətdə görür və müxtəlif qrupların hədəfinə çevrilir: “Lakin inanırıq ki, bu cür proqramlara məhz həmin gənclərin də cəlb edilməsi onların həyat istəklərini tapmasına, risklərin daha öncədən görülməsinə imkan verəcək. Bununla onlar cəmiyyət üçün daha faydalı işlərlə məşğul olacaqlar. Strategiya gənclərin dövlətin onlara yaratdığı imkanlardan yararlanmasına şərait yaradır. Bu sənəd həm Azərbaycanın maraqlarının yerli və beynəlxalq səviyyədə, həm də milli mənəvi dəyərlərinin qorunmasının güclənməsinə gətirib çıxaracaq”.

“İrəli”nin sədri qeyd edib ki, Azərbaycan gənci öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir: “Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir ki, bu yöndə böyük işlər görülməyə başlanıb. Torpaqlarımızın bir qisminin işğal altında olduğu şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki bizlərin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir”.

M.Seyihdov hesab edir ki, digər bir məsələ strategiyanın icrası ilə bağlıdır: “Gənclərin inkişafı üçün strategiyada nəzərdə tutulmuş addımların sadəcə olaraq konfranslar, seminarlar formatında deyil, birbaşa gənclərə təsir edə biləcək əməli şəkildə tətbiq edilməsi də zəruridir. Eyni zamanda, bu işdə müxtəlif gənclər təşkilatlarının, ictimai birliklərin cəlb edilməsi, eləcə də onlar arasında koordinasiya olunmuş şəkildə birgə proqramların icrası üçün layihələrin dəyərləndirilməsi böük önəm daşıyır. Məsələn, stategiyanın icra müddəlarından biri “gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması”dır. Əlbəttə, gənclər üçün regionlarda bu gün müəyyən şərait yaradılır. Lakin gəncin fəal, enerjili olduğunu nəzərə alaraq, bölgələrdə də müxtəlif infrastukturların (asudə vaxtların keçirilməsi üçün məkanlar, sürətli internet və s.) yaradılması gəncin özünü elə paytaxtdakı kimi hiss etməsini təmin etmək onlar üçün stimul ola bilər”.

Təşkilatın sədri bildirib ki, “İrəli” İctimai Birliyi Azərbaycanda gənclər siyasətinin aparılmasında, onun müddəalarının icrasında, birbaşa gənclərə istiqamətlənmiş tədbirlərin həyata keçirilməsində, gənclərin dövlətin yaratdığı imkanlardan istifadəsində yaxından iştirak edib, indi də Azərbaycan Gənclərinin İnkişaf Strategiyasının inkişafında öz töhvəsini verəcək: “Düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilən bu strategiya, Azərbaycanın dövlətçilik maraqlarına uyğun olaraq həyata keçirilərək, gənclərin birbaşa qərarların qəbul edilməsi prosesində iştirakına, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edəcəkdir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR