Roma, 27 yanvar, AzərTAc
Azərbaycanın İtaliyadakı səfirliyinin, Leusso Humanitar Araşdırmalar Assosiasiyasının (LHAA), “İl Nodo di Qordio” beyin mərkəzinin və “Sandro Teti Editore” nəşriyyat evinin birgə təşkilatçılığı ilə Romada tanınmış yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının növbəti təqdimatı olub.
İtaliyanın RAİ radio verilişlərinin direktor müavini Sercio Valzanianın moderatorluğu ilə keçirilmiş tədbirdə bu ölkənin elm və işgüzar dairələrinin nümayəndələri, araşdırma institutlarının aparıcı tədqiqatçıları və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarına əsər haqqında məlumat verən LHAA-nın rəhbəri Benedetto Koççia bildirib ki, belə bir nəşrin İtaliyada işıq üzü görməsi ilə yerli oxucularda Azərbaycanın timsalında qədim Şərq mədəniyyətinə və ədəbiyyatına böyük maraq yaranacaq.
Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev ölkəmizin əlverişli coğrafi mövqeyi və müstəqilliyinin bərpasından sonra sürətli inkişafından danışıb. Azərbaycanın İtaliya ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edən diplomat bu münasibətlərin dərin tarixi kökləri olduğunu vurğulayıb.
Daha sonra Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühitindən bəhs edən S.Allahverdiyev ölkəmizdə hər zaman bütün millətlərin, dinlərin nümayəndələrinə bərabər hüquqların verildiyini, onların sülh və dostluq şəraitində yaşadıqlarını bildirib. Diqqətə çatdırıb ki, “Yarımçıq əlyazma” vasitəsilə italiyalı oxuculara ölkəmizin qədim tarixi ilə bağlı maraqlı məqamları çatdırmaq mümkün olacaq.
“İl Nodo di Qordio” beyin mərkəzinin tədqiqatçısı, professor Ermanno Vizintayner qeyd edib ki, sivilizasiyanın ən qədim mərkəzlərindən biri hesab olunan Azərbaycan zəngin tarixə və mədəni irsə malikdir. Azərbaycan xalqının dünya elminə bəxş etdiyi töhfələrdən danışan Ermanno Vizintayner “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm sənət abidəsi haqqında düşüncələrini bölüşüb. Diqqətə çatdırıb ki, Kamal Abdullanın müəllifi olduğu “Yarımçıq əlyazma” əsərinin İtaliyada çox böyük maraqla qarşılanmasının əsas səbəblərindən biri Azərbaycan və İtaliya xalqlarının qədim dövrlərdə yaşamış qəhrəmanları, mifik obrazları arasında oxşarlıqların olmasıdır.
Kitabın “Ön söz”ünün müəllifi, məşhur yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini bildirib ki, müəllif qədim dövrdə cərəyan edən hadisələri ustalıqla təsvir edərək oxucularda romanın məhz həmin dövrdə yazıldığı təəssüratı yaradır. F.Kardini əsərin mövzusundan, yazıçının romanın əsas qəhrəmanları olan tarixi şəxsiyyətlərə və hadisələrə yanaşma tərzindən danışıb.
“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti tədbir iştirakçılarına Kamal Abdullanın yaradıcılığı, əsərləri, multikulturalizmin inkişafına töhfələri barədə məlumat verib. S.Tetti diqqətə çatdırıb ki, bu əsər italiyalı oxucularda Azərbaycan xalqının qədim və zəngin tarixi ilə bağlı dolğun fikir formalaşdıracaq.
Sonda əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı müzakirələr aparılıb.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma