Dünən "Qəbələ"nin Avroliqanın qrup mərhələsində Almaniyanın "Borussiya" (Dortmund) komandasına rəqib olmasından sonra rəqib komandada çıxış edən Henrix Mxitaryanın Azərbaycana gəlib-gəlməməsi müzakirə mövzusuna çevrilib. Fanat.az xəbər verir ki, rusarminfo.ru saytı bu məsələ ilə bağlı Rusiya Futbol İttifaqının (RFİ) erməniəsilli prezidenti Nikita Simonyanın fikirlərini öyrənib.
Simonyan Mxitaryanın Azərbaycanda oynamalı olduğunu bildirib: "Əgər idman qanunlarının dili ilə danışsaq, Azərbaycan tərəfi Henrix Mxitaryanın ölkəyə girişinə icazə verməyə məcburdur. Əgər oyunçunu "Qəbələ" - "Borussiya" oyununa buraxmırlarsa, onda Henrix Mxitaryanın özü və ya klub UEFA-ya müraciət etməlidir. Qarşı tərəfin Henrix Mxitaryana öz klubu ilə Azərbaycanda oynamağa qadağa qoyması üçün heç bir qanuni əsası yoxdur. Əgər rəsmi Bakı qarşı çıxarsa, onda bu, futbol qanunlarının kobud pozulması olacaq. Mxitaryanın bu matça siyasi səbəblərə görə buraxılmaması heç bir məntiqə sığmır".
RFİ prezidenti bunun üçün UEFA-nın praktikasından nümunə gətirib. O deyir ki, siyasi səbəblər üzündən bəzən komandalar fərqli qruplara salınır, amma burdakı situasiya belə deyil: "Əgər hazırkı durumda beynəlxalq qurum "Qəbələ" ilə heyətində Ermənistan yığmasının oyunçusunun çıxış etdiyi Dortmund "Borussiya"sının bir qrupda oynamasına icazə veribsə, deməli, UEFA Azərbaycandakı matçda futbolçunun iştirakını təmin etməyə borcludur"
Qeyd edək ki, "Borussiya" "Qəbələ" ilə oktyabrın 23-də Bakıda qarşılaşacaq.//Qaynar.info
Fanat.az