“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində təlimlər başa çatıb

“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində təlimlər başa çatıb
12:58 31 Avqust 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 31 avqust, AZƏRTAC.
Ağsu şəhərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində yekun təlim-seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağsu şəhər 1 saylı məktəb-litseydə keçirilən təlim-seminarda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək layihənin əhəmiyyəti və layihə çərçivəsində görülən işlər barədə danışıb. Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksi, Şıxməzid və hazırda arxeoloji qazıntıların davam etdirildiyi Mehrəvan qalası haqqında ətraflı məlumat verən F.Xəlilli bu abidələrin turizm perspektivlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, rayondakı arxeoloji abidələrin vəziyyətindən danışaraq, yerli əhalini onlara münasibətdə diqqətli olmağa, tarixə hörmətlə yanaşmağa çağırıb.
Ekspert, MİRAS İB-nin üzvü Gülşən Hüseynova layihə çərçivəsində həyata keçirilən sorğuların nəticələrini açıqlayıb, iştirakçıları sorğunun həyata keçirildiyi 100 obyekt üzrə 135 respondentin fikirləri ilə tanış edib. Hazırda rayonda fiziki imkanları məhdud insanlar üçün mövcud şərait haqqında məlumat verən ekspert bu istiqamətdə təklif və tövsiyələrini də bildirib. O, habelə bölgədə onkoloji, dayaq-hərəkət, qan-damar sistemi xəstəlikləri üzündən əlilliyə daha çox təsadüf olunmasının səbəb və nəticələrini araşdırmağın, xəstəlik xəritələrinin hazırlanmasının məqsədəuyğun olduğunu, turizm marşrutu boyu ilk tibbi yardım məntəqələrinin, apteklərin, ticarət müəssisələrinin açılmasının vacibliyini, yol infrastrukturunun fiziki imkanı məhdud insanların tələblərinə uyğun olmasının zəruriliyini qeyd edib.
GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin sədri Gülnarə Səlimova rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti, əsasən Ağsu rayonunda mövcud inklüziv turizm imkanlarından danışıb.
Ekoloq-ekspert Elmira Abasova “Şəxsiyyət, cəmiyyət münasibətlərində psixoloji davranışın əhəmiyyəti” mövzusunda çıxış edib. Fiziki imkanları məhdud insanlarla davranış zamanı yol verilən yanlışlıqları diqqətə çatdıraraq, Türkiyə ilə Azərbaycandakı psixoloji yanaşmanı müqayisə edib.
Azərbaycanda fiziki imkanları məhdud insanlarla dövlət qurumları arasında körpü rolunu oynamaqla yanaşı, onların problemlərini işıqlandıran onlayn media kanalı “ARABAÇI TV”-nin rəhbəri İlham Məhərrəmov fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında inkluziv turizmin əhəmiyyətini vurğulayaraq, bu sahədə maarifləndirmənin vacibliyini diqqətə çatdırıb.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inkluziv turizm planını təqdim edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru, MİRAS İB-nin üzvü Ağasəlim Əzizov çıxışında bu sahədə mövcud dünya standartları haqqında ətraflı məlumat verib, həyata keçiriləcək layihənin Azərbaycanda bənzəri olmadığını qeyd edib.
Layihə çərçivəsində seminar-təlimin sonuncu günü Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində İsmayıllı rayon Ailə və Uşaq Mərkəzi, Şamaxı şəhər Psixonevroloji Xəstəxanası və GÜLSAM Əlillərin Reabilitasiyasına Dəstək İctimai Birliyinin üzvləri üçün inkluziv tur keçirilib. Ümumilikdə tədbirdə müxtəlif yaş qrupundan olan 42 şəxs iştirak edib. Tədbir Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinə ekskursiya ilə başlanıb. Orta əsr şəhərsalma mədəniyyəti, arxeoloji artefaktlar İştirakçıların böyük marağına səbəb olub.
Daha sonra İlham Tumasın təqdimatında “Ağsu xəzinəsinin sirri” filminə birgə baxışdan sonra İsmayıllı rayon Ailə və Uşaq Mərkəzini təmsil edən uşaqlar arxeoloq qismində qazıntılara başlayıblar. Qazıntılar Cümə Məscidinin qarşısındakı meydanda ayrılan xüsusi sahədə aparılıb. Tapıntılar arxeoloqların iştirakı ilə sənədləşdirilib. Əldə edilən nəticələr uşaqların hədsiz sevincinə səbəb olub.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arxeoloji_abidelerin_inkluziv_turizm_perspektivleri_ve_elillerin_reabilitasiyasina_destek_layihesi_cherchivesinde_telimler_basa_chatib-880941

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı