Nazim İbrahimov: Dünyanın bir çox ölkələrində türkdilli ölkələrin ortaq regional diaspor mərkəzləri açılacaq

Nazim İbrahimov: Dünyanın bir çox ölkələrində türkdilli ölkələrin ortaq regional diaspor mərkəzləri açılacaq
13:23 27 Dekabr 2014
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

Hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq mövqeyini daha da gücləndirmək, yaşadıqları ölkələrdə fəallığını artırmaq, təsir dairəsini genişləndirmək, xalqlarının maraqlarını müdafiə etmək üçün ortaq regional diaspor mərkəzlərinin qurulması prosesinə başlanılıb. Bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə ilk belə mərkəzin açılışı oldu. Gələcəkdə ABŞ, Almaniya və Fransada belə mərkəzlərin açılması planlaşdırılır. Bunu Trend-ə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov hesab edir ki, bu mərkəzlər türk diasporları arasında koordinasiyanı təmin edəcək və qarşıya qoyulan hədəflərə nail olmaq üçün öz töhfəsini verəcək: “Ümumiyyətlə, türkdilli ölkələrlə münasibətlərin inkişafı hər zaman Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Məhz bu siyasətin nəticəsidir ki, Bakı indiyədək türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərini bir araya gətirən bir neçə toplantıya ev sahibliyi edib. Bakıda ötən il iki böyük tədbir - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsində fəaliyyət göstərən dövlət qurumları rəhbərlərinin toplantısı və diaspor təşkilatları rəhbərlərinin forumu keçirildi. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olub. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanın ən ağrılı məsələsi olan Qarabağ probleminin həllində, o cümlədən ermənilərin Azərbaycan ərazilərində, xüsusilə də Xocalıda törətdiyi qətllərin, insanlığa sığmayan vəhşiliklərin dünyada qəbul edilməsində bu cür birliyin böyük əhəmiyyəti var: “Xocalı soyqırımının tanıdılması məqsədilə Avropa ölkələrində, Amerikada keçirdiyimiz tədbirlərin bir çoxunda türk diasporunun dəstəyini görürük. Artıq azərbaycanlıların demək olar bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda türkdilli ölkələrin bayraqları görünür”.

Qeyd edək ki, dekabrın 24-də Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mərkəzi ofisi və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin ilk ortaq regional diaspor mərkəzinin açılışı olub. Qurulan regional diaspor mərkəzi türkdilli ölkələrin beynəlxalq mövqeyinin gücləndirilməsi, türkdilli dövlət və xalqların mədəniyyətinin, dəyələrinin tanıdılması, müsbət imicinin formalaşdırılması, sosial-siyasi baxımdan fəallığın artırılması, bu xalqların digər ölkələrdəki maraqlarının müdafiəsi, Türk dünyasının əleyhinə aparılan təbliğat kampaniyalarının qarşısının alınması, türk xalqlarının qarşılaşdığı problemlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində önəmli addımlar atacaq.

Bu cür mərkəzlərdə türkdilli ölkələrin diaspor istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri və yerləşdiyi ölkədəki türkdilli diaspor təşkilatlarının üzvləri təmsil olunacaq və Şuraya üzv olan ölkə təmsilçilərinin daxil olduğu İdarə Heyəti tərəfindən idarə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2348216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR