"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib - FOTOSESSİYA

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib - FOTOSESSİYA
15:42 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 15:28 ]

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakı Biznes Mərkəzində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova son illər sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər barədə məlumat verib.

 

Qeyd edilib ki, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Bildirilib ki,  ölkədə beynəlxalq sosial-iqtisadi çağırışlara cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması sahəsində mühüm işlər görülüb. Bildirilib ki, dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir. 

 

Diqqətə çatdırılıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasının bazis ili ilə müqayisədə 2013-cü ildə ÜDM 5,8%, qeyri-neft sektor 10%, strateji valyuta ehtiyatları 8,7%, qeyri-neft ixracı 5,9%, orta aylıq əmək haqqı 6,8%, əhalinin gəlirləri 8%, o cümlədən minimum əmək haqqı 12,3% artıb. Bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 2,2%, qeyri-neft sektoru 6,5%, o cümlədən qeyri-neft sənayesi 6,6%, rabitə 14,2%, tikinti 8,6%, turizm 16,8% artıb.

 

Qeyd edilib ki, Azərbaycan dünyada 40 ən rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkələr sırasına daxildir və son 6 ildə MDB dövlətləri arasında liderdir: “İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətinin artırılması və bu sahəyə investisiya qoyuluşlarının surətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması inkişaf konsepsiyasının hədəflərinə nail olmaq baxımından əhəmiyyətlidir. Yaradılmış əlverişli biznes və investisiya mühiti, sürətlə artan investisiyalar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, xarici ticarət prosedurlarının sadələşdirilməsi orta müddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcək”.

 

 

 

Sevinc Həsənova dövlət başçısı İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkənin sənaye potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratdığını bildirib, yeni sənaye parklarının, müəssisə, komplekslərin və həmçinin, regionlarda sənaye məhəllələrinin, aqroparkların yaradılması işlərinin davam etdirildiyini vurğulayıb.

 

Sonra Milli Fəaliyyət Qrupu üzvlərinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülən tədbirlər, o cümlədən Milli Fəaliyyət Qrupunun birinci iclasında qəbul edilmiş qərarların icrası barədə məlumatları dinlənilib.

 

İnkişaf Konsepsiyasının Milli Fəaliyyət Qrupunun II iclası çərçivəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyəti ilə bağlı geniş müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

 

Qeyd edək ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı dövlət qurumlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə prezident İlham Əliyevin 2013-cü il mayın 29-da imzaladığı sərəncamla yaradılan Milli Fəaliyyət Qrupunda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR