Yeni hökumət SOCAR-la 400 milyon avroluq sövdələşməyə yenidən baxa bilər

Yeni hökumət SOCAR-la 400 milyon avroluq sövdələşməyə yenidən baxa bilər
00:26 31 Yanvar 2015
594 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanın sollardan ibarət yeni hökuməti bəzi özəlləşdirmə layihələrinə yenidən baxacaqlarını açıqlayıb.

Bu haqda seçkilərdə qalib gələn Syriza partiyasının qurduğu kabinetin ətraf mühit və energetika naziri Panayotis Lafazanis bəyan edib. “Röyter” agentliyinin yaydığı məlumatda deyilir ki, Lafazanis Yunanıstanın dövlət qaz təchizatı şirkəti DEPA-nın səhmlərinin üçdə ikisinin satışından tamamilə imtina etdiklərini açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Yunanıstan hökuməti ölkənin nəhəng məbləğdə xarici borclarını azaltmaq və defolt təhlükəsindən xilas olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində DEPA şirkətini satışa çıxarmışdı. Bu şirkətin satışına dair tenderdə əvvəlcə Rusiyanın “Qazprom” şirkəti əsas iddiaçı idi, Azərbaycan Dövlət Neft Şirkəiti də DEPA-nın səhmlərini almağa iddia edirdi. Lakin daha sonra SOCAR bu niyyətindən imtina edib Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini almağa qərar verdi. Yunan hökuməti isə DEPA-nın satışına dair yeni tender elan etdi, SOCAR 2013-cü ildə DESFA şirkətinin səhmlərinin üçdə ikisini 400 milyon avroya almaq barədə sövdələşmə bağladı.

Ancaq sərt qənaət tədbirlərini ləğv edəcəklərinə dair vədlər verib seçkiləri udan populist solçuların hökuməti Yunanıstanın strateji əhəmiyyətli enerji aktivlərinin satışından imtina edir. Keçmiş kommunist, 63 yaşlı Lafazanis deyib ki, yeni hökumət DEPA şirkətini heç bir halda satmayacaq. “Biz heç bir halda qaz təchizatı şirkəti DEPA-nı özəlləşdirməyəcəyik və onu heç bir maraqlı tərəfə satmayacağıq”-nazir bildirib.

Bununla belə Lafazanis DESFA şirkətinin səhmlərinin üçdə ikisinin SOCAR-a 400 milyon avroya satılmasına dair bağlanmış müqavilə haqda daha yumşaq tonda danışıb. Nazir deyib ki, hökumət bu layihəyə dair ancaq Avropa Komissiyasının rəyindən sonra qərar verəcək. Avropa Komissiyası hazırda DESFA şirkətinin SOCAR-a satışının antiinhisar haqda ittifaqın normalarına nə dərəcədə cavab verdiyini araşdırır və qərarını yaxın iki ayda verməlidir.

Bundan əvvəl Avropa Komissiyası bu sövdələşməyə dair ilkin rəyini açıqlayaraq onun antiinhisar haqda normalara zidd ola biləcəyini bəyan etmişdi. “Biz Avropa İttifaqının rəqabət üzrə komissiyasının qərarını gözləyirik və bu qərar açıqlanandan sonra öz adddımlarımızı atacağıq”-Lafazanis bildirib.

Qeyd edək ki, SOCAR DESFA şirkətinə dair sövdələşmənin ləğv edilməsi riskindən narahat olmadığını, bu layihənin daha çox Yunanıstana gərəkli olduğunu elan etmişdi. Azərbaycan şirkəti planlaşdırır ki, TANAP və daha sonra TAP kəməri ilə Yunanıstana nəql olunacaq qazın bir hissəsini DESFA şirkətinin balansında olan kəmərlər sistemi ilə paylasın.
Mənbə
Virtualaz.org



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=322977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR