"Restoranlara nəzarət artdıqca qiymətləri qaldırırlar"

"Restoranlara nəzarət artdıqca qiymətləri qaldırırlar"
21:14 28 Dekabr 2014
159 Sosial
Ölkə mətbuatı
A- A+

"Qadın böyük qüvvədir və onun bu cur formalaşmasında əks cinsin rolu böyükdür". Bunu APA TV-nin “Üç dama” verilişinin qonağı Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib. Onun sözlərinə görə qadına əl qaldırmaq olar. Amma :

 

“Mənə deyirlər ki, qadına əl qaldırmısan. Deyirəm, bəli, qadını görən kimi iki əlimi də qaldırıram və təslim oluram. Çünki anam qadındır. Nənələrim, xalalarım, bacılarım, yoldaşım, qızım və nəvəm da qadındır. Ətrafımda hər zaman qadın olub. Və hesab edirəm ki, məndə yaxşı nə varsa müəllimlərin və qadınların hesabına olub. Ona görə də qadınlardan qorxmaq lazım deyil. Allah Adəmi cansız materiadan yaratdı. Ona ruh verəndən sonra, bioloji materiadan qadını yaratdı. Ona görə də dünyaya uşaq gətirmə hüququnu qadına verdi. Dünyada bir milyon kişi, 3-4 qadın qalarsa, həyat dayanar. Amma əksinə olsa yaşamaq da mümkün olar. Bu həyat yolunda kişinin rolu ikinci plandadır. Bunu qəbul etmək lazımdır. Biz başa düşsək ki, Allah bizi qadını qorumaq və ona xidmət etmək üçün yaradıb, o zaman hər şey yerində olar. Kim özünü qadından güclü və böyük hesab edirsə, o, yanılır. Mən hər zaman tələbələrimə deyirəm ki, ağıllı, savadlı və güclü qadınla evlənin. Çünki, güclü qadının dünyaya gətirdiyi uşaq da özü kimi olacaq. Qədimdə analar uşaqlarına ox atmağı belə öyrədirlər. Kişi müharibədən qayıdıb gələndə, uşaqlar artıq hər şeyi bacarırdılar. Atası Qan Turallıya deyir ki, niyə evlənmirsən? O da cavab verir ki, elə bir qadın istəyirəm, mən yuxudan durmamış o artıq durmuş olsun. Mən düşmənə varmamış o varıb, baş kəsib gətirmiş olsun. Hər kəs igid xanım istəyir”.

 

 

Tahir Əmiraslanov uşaqlığını da yada salıb: “4 yaşımda iki ləqəbim var idi, "Cindər" və "Qara Tahir". Deyirdilər ki, guya çox bilmişəm. 5 yaşımdan artıq pul qazanırdım. Göyərti əkirdim və bazarda satırdım. Evdə imkan var idi. Amma mən öz hesablarımı özüm ödəməyə öyrənirdim. Böyüdükcə də anlayırdım ki, evdə kiçik bacı-qardaşım məndən nəyisə istəyəndə, pulu atamdan almamalıyam. İlk oxuduğum kitab “Molla Nəsrəddinin Lətifələri” olub. Ardınca Koroğlu dastanını oxumuşam. Bunları məktəbə gedənə qədər oxumuşam. Sonra artıq o biri kitablarla tanış oldum. Kulinar olmağa hazırlaşmırdım. 7-ci sinifdə ilk dəfə şeir yazdım. amma ilk dəfə 3-cü sinifdə vurulmuşam. 14 yaşımda Nikolay Levinin kitabını oxudum və anladım ki, dünyanın bütün gücü-qüvvəsi mənim içimdədir. Və mən dünyanı necə görürəmsə, o, məhz elədir. Bax o zaman hər şey dəyişdi və bu mənə kömək oldu ki, mən bütün uşaqlıq arzularımı həyata keçirdim. Uşaq vaxtı Bakını görməyi xəyal edirdim. Orta məktəbdə olimpiada keçirilirdi. Mən də iştirak etdim. Məktəbdə, həmçinin rayonda birinci yer respublikada isə ikinci yer qazandım. O zaman məni Bakıya pulsuz gətirib-aparırdılar. Onda mən anladım ki, beyinlə hər şeyi əldə etmək olar”.

 

 

Kulinar bu gün qəbul etdiyimiz yeməklərdən də söz açıb. O qeyd edib ki, hər kəsin sevdiyi yemək evdə ailəsinin bişirdiyi olmalıdır: “Mən çalışıram adam yeməyi yeyim. Adam yeməyi hər birimizin sevdiyi daddır. Nənəmizin, anamızın əlinin dadı. Çünki bizim dad duyumumuz onunla tutulub. Evdə o ənənə varsa, siz öz dadınızı yalnız o evdə hiss edəcəksiniz. Və uşaqlıqda nə yemişiksə, böyüyüncə də onu istəyirik. Ən sevdiyim yeməklər kətə, camış qatığıdır. İndi uşaqlar tort və fast-fuud yeyirlər. Ancaq biz sadə yeməklərlə böyümüşük və buna alışmışıq. Biz kənddə o qədər yuxa yeyirdik ki, kənd çörəyi böyük arzumuz idi. Onda biz rayon qatığından bezmişdik, amma indi yaxşısını kəndən sevinclə gözləyirik. İnsan bəzən içində olan dəyərləri o qədər də dəyərləndirmir. Məktəbdə sinifdəki qızlar gözünə heç gözəl dəymir. Ancaq əsgərliyə gedib-gələndən sonra baxırsan ki, elə ən gözəl qızlar sənin sinfindəkilərmiş. İnsan hər zaman yaxşı şeyləri kənarda axtarmağa başlayır. Bu ənənə mətbəximizə də keçib. Biz Avropa mətbəxinə üz tuturuq. Başqa ölkələrə gedib bir müddət digər xalqların mətbəxini dadıb, öz yeməyin üçün darıxırsan amma”.

 

Qonağımız ermənilərin Azərbaycanın milli mədəni irsini mənimsəmək istəyinə, onların lavaş çörəyimizi öz adlarına çıxmaq cəhdinə də toxunub: “ Dünyanın iki böyük təşkilatı bizim sahə ilə məşğuldur. Biri Dünya Kulinariya Təşkilatları Birliyidir ki, 90 ildə ən yüksək mükafatı cəmi 96 adama verib. Və İslam dünyasından o mükafatı tək mən almışam. Orada Prezidenti dəyişdirməyə gücümüz də çatır. Digər təşkilat isə YUNESKONUN tərkibində olan Haqq Yaradıcılıq Təşkilatının Ənənəvi Qida Komitəsidir. Yəni milli mətbəxlə məşğul olan komitə. Ora da Azərbaycan sədrlik edir, yəni mən. Biz ora birinci üzv olmuşuq. Ermənistan bu təşkilatların heç birinə buraxılmır. Dünyada keçirilən konqreslərə, konfransalara, cempionatlara, olimpiadalara Ermənistan buraxılmır. Onlar üç dəfə dəvət olunublar mən rədd etmişəm. Onlara da izah ediblər ki, Azərbaycan icazə vermir. Torpağın mənimsənməsi də mətbəxdən başladı. Məndə, heç Ermənilərin özündə olmayan mətbəxlə bağlı ilk erməni mənbələri var. Erməni mətbəxinin haradan qaynaqlandığını, necə yarandığını çox gözəl bilirəm.

 

Biz bilirdik ki, onlar bizim lavaşı mənimsəyiblər və bunun üstündə iş də gedirdi. Mədəniyyət Nazirliyinin tapşırığı ilə hazırlanıb nazirliyə təqdim olunmuşdu. Bu məsələnin mədəniyyətdəki yeri, dil anlamından açılışı, onun hazırlananda istifadə olunduğu alətlər, ocaq, təndir və s., hər biri izah olundu. Lavaşı olan ölkənin mütləq o cür digər nazik çörəkləri, un məmulatları olmalıdır. Bizdən fərqli olaraq ermənilərdə o yoxdur. Eləcə də təndirin bizdə neçə növü var, ermənistanda isə bir növdür. Baxın, Azərbaycanda borş bişirilir, amma bu bizim tarixi irsimiz deyil. Eləcə də ermənistanda lavaş bişirilir, ancaq bu, onların tarixi irsi deyil. Bu sahədə işlər gedir. Dövlət öz işini görür və heç bir narahatçılığa ehtiyac yoxdur”.

 

Kulinariya Mərkəzinin baş direktoru ölkədə fəaliyyət göstərən restoranlara nəzarət məsələsindən də danışıb: “Mənim nizamnaməmdə nəzarət sözü yoxdur. Mən Gəncədə işləyəndə 23 restorana rəhbərlik edirdim və o restoranların hər birini təxminən 20 təşkilat yoxlayırdı. Mən nəzarətin deyil, köməyin tərəfindəyəm. Əgər kimsə bizə müraciət edirsə, biz onun ofisiantını, aşpazını hazırlaya bilirik. Restoranın yaxşı olması üçün kömək edirik. Mövcud qaydalar var, amma nə qədər riayət edilməsi artıq başqa məsələdir. Təəssüf ki, bizim cəmiyyət xörək bişirənlə aşpazı hələ ayıra bilmir. Mən restoranların çoxuna getmirəm, gedəndə də peşman oluram. Heç getməyi məsləhət də görmürəm”.

 

 

Tahir Əmiraslanov xanımının bişirdiyi yeməklərə münasibətini də bizimlə bölüşüb. "Həyat yoldaşımın arxasınca düşüb yalvaranda ona demişdim ki, sənin əlindən zəhər də yesəm, xoş olacaq. Əvvəllər düzlü edirdi, söz verdiyim üçün yeyirdim. Sonra özü də təəccüblənirdi ki, bunu necə yedin. Deyirdim bəyəndim, amma zəhmət olmasa gələn dəfə duza bir az da yemək qat. Yeməkdən ötrü xanımın xətrinə dəymək olarmı heç? Demək istəyirəm ki, mən öz işimi evə aparmıram. Ev bütünlüklə qadının ixtiyarında olmalıdır. Evdə nəvələrimlə oynamaq mətbəxə girməkdən daha maraqlıdır. Həm də mənim üçün yemək bişirmək artıq marağını itirib”.

 

 

Qonağımız qeyd edib ki, toyxanalarda israfçılığın qarşısını almaq üçün iqtisadi metodlardan istifadə olunmalıdır: “Belə məsələlər cəza üsulları ilə tənzimlənməməlidir. Əgər sahibkar görsə ki, az xərclədikcə çox qazanır, onda hər şey yoluna düşəcək. 5 il müddətinə Azərbaycanda bütün restoranları bizə versinlər. Hər şey biz dediyimiz kimi olsun və mən 5 ildən sonra tam fərqli, çox gözəl adət-ənənə olacaq, qiymətlər düşəcək, restoran sahibləri, işçilər daha çox pul qazanacaq, dövlətin büdcəsinə daha çox pul yığılacaq və müştərilər daha çox razı olacaqlar. Sadəcə sistemi qurmaq lazımdır”.

 

Kulinar deyib ki, bu günə qədər həyatda nə istəyibsə, hamısını gerçəkləşdirə bilib: "Dövlətdən nə ev, nə pul, nə də ad istəməmişəm. Mən hər gün oxuyuram, iş görürəm. Nələrisə edə bilmişəm. Düzdür, maliyyə çox olsaydı, daha çox iş görmək olardı. Mən heç vaxt bəhanə axtarmamışam. Həmişə imkan çərçivəsindən 10 dəfə artıq işləmişəm.

 

 

Söhbətin sonunda Tahir Əmiraslanov ali təhsilə necə yiyələnməsindən də söz açıb: “Bu təsadüfən oldu. Cavanlıqda hər kəs özünü hamıdan ağıllı hesab edir. Mən də elə bilirdim ki, hamıdan ağıllıyam. Ona görə də evdən qaçıb getdim. İstəyirdim hər kəsə sübut edim ki, kimsəsiz və uzaq yerdə tək başına nələrsə etmək olar. Getdim Rusiyaya, kirayə ev tutdum, tikintidə işlədim. Orada ən böyük müsabiqə keçirilən sahəni seçdim, teatr. Qatıldım və ən çox qorxduğum rus dili idi, amma keçdim. Çünki kənddə böyümüşdüm. Bu dildə ilk öyrəndiyim söyüş olmuşdu. Özü də onda elə bilirdim ki, bu yaxşı sözdür. Sonra isə dili öyrəndim. İmtahandan keçib universitetə qəbul olundum. O zaman rus dilində şeirlər də yazırdım. Baxmayaraq ki, o dilin qrammatikasını bilmirdim, amma 1996-cı ildə Rusiyanın 7 ən yaxşı jurnalistindən biri hesab olundum. Bəxtim həm də ona görə gətirdi ki, mənim yaxşı müəllimlərim olub. O zaman SSRİ üçün hazırlanan bütün kitabların müəllifi mənim müəllimlərim idi. Mənim üçün bu, çox böyük şans idi. İlk dəfə Ermitaja girəndə divarda çılpaq qadın şəklinə baxmağa utanırdım. Elə bilirdim ona baxdığımı heç kim görməməlidir. Sant-Peterburqda həm də məni tərbiyə etdilər, ədəb-ərkan öyrətdilər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR