Putin istefa verə bilər (FOTO)

Putin istefa verə bilər (FOTO)
22:51 28 Dekabr 2014
144 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən tanınmış siyasətçilərindən biri olan Sergey Baburin yenidənqurma dövrünün populyar simalarındandır.

1990-cı ildən etibarən Rusiyanın siyasi elitasında özünəməxsus yeri və rolu olan, uzun müddət Dövlət Duması sədrinin müavini vəzifəsində çalışan S.Baburin virtualaz.org saytının müxbirinin suallarını cavablandırıb.

-Bu gün Rusiyada nə baş verir?

-Rusiya iqtisadiyyatının indiki ağlamalı vəziyyəti dövlətin 20 il ərzində yürütdüyü antixalq siyasətinin birbaşa nəticəsidir. Oliqarxik iqtisadiyyat, sosial layihələrin rədd edilməsi, inflyasiya - bütün bunlar Rusiya iqtisadiyyatı üçün ağır nəticələr verib. Bunlar Rusiya iqtisadi sisteminin, Medvedyev hökumətinin və başda Nabiullina olmaqla Mərkəzi Bank rəhbərliyinin iflasa uğradığını da sübuta yetirir. Yeri gəlmişkən, Putin mətbuat konfransında dedi ki, Rusiyadakı inflyasiyaya görə təkcə Nabiullina məsuliyyət daşımır. Əgər prezident ilin sonuna qədər inqilabi kadr dəyişiklikləri etsə, buna təəccüblənmərəm. Bundan əlavə, mən belə hesab edirəm ki, əgər Putin baş nazir Medvedyevi və Nabiullinanı yaxın vaxtlarda işdən çıxarmasa, onda öz istefası barədə düşünməli olacaq.

-Bu böhran nədən başladı? Krımdan?

-Krımın məsələyə dəxli yoxdur. Bu böhran Rusiyanın üstünə çoxdan gəlirdi. Hələ Krımdan və neftin ucuzlaşmasından da əvvəl Rusiyada yük daşımalarının həcmi 50 faiz azalmışdı. Bu, nəyi göstərir? Öncə onu göstərir ki, Rusiyada iqtisadi proseslər sanksiyalarsız və Krımsız da zəifləmişdi. Rusiyada təşəkkül tapan oliqarxik kapitalizm uzun müddətdir dəyişmir. Bəzi oliqarxlar getsə də yerinə təzələri gəlib. Mahiyyət dəyişməyib yəni. İqtisadi böhran böyük ölçüdə oliqarxlar tərəfindən yetişdirilib. Onlar pulları Rusiyadan sürətlə çıxarırdılar. Üstəlik, neftdən böyük pullar əldə edən hökumət ölkəni neft iynəsindən qurtara bilmədi.

-Putinin istefasını da istisna etmədiniz. Nəyə əsasən belə deyirsiniz?

-Bir maraqlı detalı deyim. Medvedyevin adamları son vaxtlar Moskvada yaman fəallaşıb. Medvedyevin mütləq həll etməli olduğu məsələ aydındır. Ya Putin komandasını dəyişməlidir, ya da Medvedyevin komandası Putini devirəcək. Burada üçüncü yol yoxdur. Bu vəziyyət nə qədər belə davam etsə, Putinin öz prezidentlik müddətini uğurla başa vurmaq şansları da bir o qədər azalacaq.

-Putin mətbuat konfransında Qərbi ittiham edib dedi ki, qərblilər rus ayısını zəncirə vurmağa çalışırlar. Bu fikirlə razısınızmı?

-Qərbin Russiyanı cəzalandırmaq istəməsinə şübhə yoxdur. Amma Obamanın iradları mənə çatmır. Putin bütün addımlarını nəyə görə ABŞ-la razılaşdırmalıdır axı?! Rusiya 52-ci ştatdır bəyəm?! Rusiya öz maraqlarını əsas götürərək siyasət yürüdür. ABŞ-ın tətbiq etdiyi sanksiyaların heç bir beynəlxalq qüvvəsi yoxdur. Sanksiyaları yalnız BMT tətbiq edə bilər. ABŞ qaydaları pozur.

Amerikalılar hələ Qorbaçov dövründən Rusiyanın onların maraqlarına xidmət etməsinə vərdiş ediblər. Putin isə sadəcə müstəqil olduğunu göstərən kimi sanksiyalar başladı. Allaha şükür ki, Rusiya indi öz maraqlarına uyğun olan beynəlxalq münasibətlər sisteminə qayıdır.

-Amma Rusiya belə siyasətlə təkcə düşmən qazanmır, həm də müttəfiqlərini itirir. Hətta Lukaşenko da Rusiyadan üz döndərdi...

-Yox, Lukaşenko üz döndərməyib. Lukaşenko sadəcə öz ölkəsini Rusiyadan yox, Medvedyevin liberal hökumətindən uzaqlaşdırmaq istəyir. O, Nabiullinanın rublun başına açdığı oyndan uzaq qalmağa çalışır. Düzdür, mən Lukaşenkonun çılğınlığına arada təəssüflənirəm. Amma başa düşürəm ki, o, Belarusu Rusiyada baş alıb gedən dərəbəylikdən qorumalıdır.

-Rusiya ilə Ukrayna arasında böyük müharibə ehtimalı nə dərəcədə realdır?

-Qərb bu iki ölkəni çoxdan bəri müharibəyə təhrik etsə də məncə, müharibə olmayacaq. Müharibə nə rus, nə də Ukrayna xalqının maraqlarına uyğun deyil. Ərəb və cənubi slavyan sivilizasiyalarını darmadağın edən Qərb indi də Şərqi Avropaya girişib. Biz Qərbin fitvasına gedib bir-birimizi qıra bilmərik. Əgər Ukrayna hakimiyyəti Donbasa müharibə üçün girsə, onda Donetsk və Luqansk Xalq respublikalarının tanınması məsələsi ciddi şəkildə qolyulacaq.

-Sizcə, bu geosiyasi savaşdan kim qalib çıxacaq?

-Kim daha ağıllı olsa - o. Məncə, əgər Putin hökuməti dəyişsə, onun bu savaşdan qalib çıxmaq şansları daha böyük olacaq.

-Bəs Medvedyevdən sonra hökumətə kim rəhbərlik edə bilər?

-Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey İvanov. Yaxud Sergey Stepaşin və ya Sergey Qlazyev. Onlar Rusiya iqtisadiyyatını böhrandan çıxarmağa qadir adamlardır.

-Bəs Rusiyada inqilabı mümkün sayırsınızmı?

-Təəssüf ki, rus xalqını artıq uzun illərdir inqilaba sürükləyirlər. Xalq buna inadla müqavimət göstərir. Amma sonsuza qədər müqavimət göstərmək də mümkün deyil.

-Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

-Qərb bütün postsovet məkanındakı vəziyyəti qarışdırmaqda, suyu bulandırmaqda davam edəcək. Əmin olun ki, Qarabağa dair istənilən qərar Qərb tərəfindən süngü ilə qarşılanacaq. Qarabağ məsələsi Qərbə Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi çox lazımdır. ABŞ-ın Azərbaycanı Rusiyadan qoparmaq istiqamətində hansısa nəticəyə nail olması da real məsələdir. Bununla belə ümidimi itirmirəm. Əminəm ki, iki ölkə arasındakı mehriban qonşuluq siyasəti qorunub saxlanacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR