Aytən Səfərova: "Qoyunun prodüsseri ilə danışıqlar aparırıq" (FOTO)

Aytən Səfərova: "Qoyunun prodüsseri ilə danışıqlar aparırıq" (FOTO)
10:51 29 Dekabr 2014
100 Digər
Ölkə mətbuatı
A- A+

İlin son günü - dekabrın 31-də ANS TV-nin "Salam, Azərbaycan" səhər proqramının bayram buraxılışı qeyri - standart olacaq. 31 dekabr səhər saat 07.00 - 10.00 arasında televiziya qarşısında əyləşənlər qoyun və atla "müsahibə"lərin şahidi olacaqlar. Həmin gün tamaşaçılar üçün hazırlanmış bu və ya digər sürprizlər haqqında layihənin rəhbəri və aparıcısı Aytən Səfərova ANS PRESS-ə danışıb.

- "Salam Azərbaycanda" hansı sürprizləri gözləyək?
-“Salam, Azərbaycan” ötənilki Yeni il buraxılışımızda olduğu kimi bu 31 dekabrda da standartan kənar Yeni il buraxılışımız olacaq. Bu dəfə bizim qoyunla müsahibəmiz olacaq. Yola salacağımız 2014-cü il at ili olduğundan onunla da sual-cavabımız olacaq. Şərait və vəziyyət imkan versə, ola bilsin hər ikisini studiyamıza dəvət etdik.

- Qoyunla müsahibə çətin olmaz?
- Qətiyyən! Qoyun bizə çox yaxın heyvandır. Çünki bizim əksəriyyətimizin masasının üstündə qoyun əti olacaq. Eyni zamanda qoyun ətinin "blatı" mal ətinə nisbətən yuxarıdır. Eyni zamanda qoyunun insanlara, tamaşaçılara müraciəti olacaq...

- Olacaq demişkən, Aytən xanım, qoyunla müsahibə götürəcəyinizdən belə əminliklə danışırsız, siz mənə deyin görüm, qoyun özü razıdırmı müsahibəyə?
- Biz hazırda qoyunun prodüsseri ilə danışıqlar aparırıq.

- Nə isə alınır?
- Çalışırıq... Müsahibə götürmək istədiyimiz görməmiş, sonradan pullanan qoyunlardandır. Bu bizə problem yaradır. Bizim cəmiyyətdə də belələri az deyil. Yəqin ki, ayın 31-nə qədər biz bu müsahibəni edəcəyik.

- Allah özü köməyiniz olsun. Eşitdim sürpriz reportajlar nəzərdə tutmusuz.
- Avtovağzaldan və dəmir yol vağzalından reportajlarımız olacaq. Camaatın əlbəyaxası kadrlarını canlı olaraq tamaşaçıya çatdıracağıq.

- Ənənəvi bayram bahalaşması fonunda yaranmış davaları nəzərdə tutursuz?
- Düz tapmısız. Biz hətta “Salam, Azərbaycan” komandası olaraq eyni zamanda 31 dekabradək Tarif Şurası ilə mərc gəlmişik. Mən demişəm nəqliyyatın qiyməti artacaq, digər əməkdaşımız benzinin qiymətini artacağını deyib. Təcrübə artacağını deyir, görək Tarif Şurası nə göstərəcək. Biz gözləyirik. Onsuz da hər il nəyi isə qaldırırlar, ilin sonunadək nəqliyyatda qiymət artımı qərarı olsa bunu təhlil edəcəyik. Qərar olmasa demişik ki, hamımız gedib nəzir verəcəyik.

- Digər rubrikalarda standartlardan necə çıxacaqsız?
- İlin siyasi, idman xəbərlərinin yekunları olacaq. İdman xəbərlərini məşhur bir idmançı təqdim edəcək. Keçən il idman rubrikamızı tanınmış boksçu Əli İsmayılov aparırdı. Aparırdı deyəndə, nə isə etməyə çalışırdı (gülür). Xəbərlər onu əməlli-başlı nakaut eləmişdi. Yadınızdadırsa keçən il Əli Mirəliyev şou-biznes xəbərlərini təqdim etmişdi. Bu dəfə çox fərqli olacaq, sürpriz olacaq. O rubrikanı çox tanınmış, sevilən bir sənətçi aparıcaq. Qalan hər şey yerindədir, mən də öz yerimdəyəm. Bu arada sözsüz ki, ulduz falı olacaq. Çalışacağıq 31 dekabrda səhər tezdən insanları problemlərdən bir az uzaqlaşdıraq.

- Röya hava proqnozu vermək üçün yenə dama çıxacaq?
- Əslində hava proqnozunu başqası deyəcəkdi. Röya məhz “Salam, Azərbaycan” layihəsi sayəsində populyarlaşdı. Bundan əvvəl o hava proqnozunu sadəcə aparırdı və heç kəs də tanımırdı. Mən istəyirəm ki, bizim komandada çalışan hər bir müxbir, hər bir əməkdaş tanınsın.

- “Salam, Azərbaycan” ümumiyyətlə qeyri-standart xəbərləri qeyri-standart şəkildə təqdim edir. Yeni il buraxılışınızın daha da qeyri-standart olacağına şübhəm yoxdur.
- Biz öz tamaşaçımızı formalaşdırmağa çalışırıq. Bizə vay-şüvən, kimsə arvadını boşadı, kiminsə 5 arvadı var, altıncısı ilə gəzir xəbərləri lazım deyil. Yəni o verilişlərin tamaşaçısı bizim tamaşaçımız ola bilməz. Bizdə bir qədər fərqli tamaşaçı auditoriyası var və biz öz tamaşaçılarımızı sevirik, hörmət edirik. Onlar bizim üçün qeyri-standart tamaşaçılar kateqoriyasındandır və əlbətdə ki, biz də çalışırıq ki, o tamaşaçının bizdən gözlədiyini verək.

- Yeni ildə arzularınız?
- Kollektivim adından yeni ildə hamıya uğurlar arzulayıram. Heç olmasa qoyun ilində nə isə baş verəndə qoyun kimi reaksiya verməməyi arzulayıram. Bizim cəmiyyətin problem odur ki, bir şey baş verəndə, elə içi mən qarışıq, “əşşi” deyirik. Həmin o “əşşilər” problemlərin həllinə mane olur. Özümüzə “əşşisiz” bir il arzulayıram və hər kəsin yaxşı bir qoyun kababı almağa imkan olsun inşallah!




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=46&nid=316628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR