Bakı, 22 oktyabr, AZƏRTAC
Orta əsr Ağsu şəhər Arxeoloji turizm kompleksində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə tələbə və gənc mütəxəssislər üçün II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu Məktəbi öz işinə başlayıb. Təlimlərdə ilk olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə, magistr və müəllim heyəti iştirak edib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr əvvəlcə Ağsu arxeoloji ekspedisiyasının 2013-2015-ci illərdə tədqiq etdiyi Şıxməzid orta əsr abidəsi və Mehrəvan şəhəri ərazisində olublar. Onlar abidələrin arxeoloji tədqiqatlardan sonra mühafizəsinin çətinləşməsi və təbii amillərin təsirindən aşınmasını izləyiblər.
Tələbələrə, həmçinin yerli və xarici alimlər tərəfindən dərslər keçirilib. Təlimdə iştirak edənlər bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və digər mövzular ətrafında fikir və təcrübə mübadiləsi aparıblar.
Sonda kursun iştirakçılarına beynəlxalq sertifikatlar verilib.