“Vergi Məcəlləsi”ndə dəyişikliklə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

12:42 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:40 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclası keçirilib.

 

APA-Economics”in məlumatına görə, iclasda “Vergi Məcəlləsi”ndə dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub.

 

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Vergi Məcəlləsi”nin tətbiqi ildən-ilə büdcəyə daha çox maliyyə vəsaitinin daxil olmasına imkan verir, bu da nəzərdə tutulan işlərin həyata keçirilməsinə şərait yaradır.

 

Vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə dəyişikliklər barədə məlumat verir. O, bildirib ki, ən mühüm dəyişiklik yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsini gəlir vergisindən azaddır.

 

“Əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azaddır. Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”, - deyə N. Əmirov bildirib.

 

Millət vəkili Vahid Əhmədov sözügedən dəyişikliyi bir il sonra müzakirə etməyi təklif edib.

 

Komitənin sədrinin müavini Çingiz Əsədullayev isə Vahid Əhmədovun təklifinin əksinə olaraq ümumiyyətlə güzəştlərin ləğvini daha məqbul hesab edir. Millət vəkilinin fikrincə, əmanətlərin illik gəlirinin 500-dək olan hissəsinin vergidən azad olunması banklar üçün müəyyən problemlər yaradacaq: “Əgər bu dəyişiklik qalarsa, banklar proqram təminatını yeniləməli olacaq”.

 

Sonda qanun layihəsi Milli Məclisin Plenar iclasında müzakirə olunmaq üçün tövsiyə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR