Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-i Dünya Şəhərlər Günüdür. AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, BMT-nin baş katibi Pan Gi Mun bu münasibətlə dünyada sürətli urbanizasiya prosesləri getdiyini xatırladıb və yaşayış məntəqələrinin davamlı inkişafına yeni yanaşmalara tapmağa çağırıb.
Bu il Dünya Şəhər Günü “elə layihələşdirək ki, insanlar birlikdə yaşasınlar” şüarı altında keçirilir. Söhbət ekoloji cəhətdən etibarlı, sosial baxımdan inteqrasiya edilmiş və firavan yaşayış məntəqələri salınmasından gedir.
BMT-nin baş katibi deyib: “Şəhərlərin keyfiyyətli layihələşdirilməsi iqlim dəyişiklikləri ilə bağlı problemlərin bir qisminin aradan qaldırılmasına kömək edə bilər. Yaxşı layihə qərarları fəlakətlərin nəticələrini yumşaltmağa imkan verir. Belə qərarların köməyi ilə şəhərlərimizin təhlükəsizlik dərəcəsi artırmaq, onları daha təmiz və inteqrasiyalı, bu şəhərlərdə yaşayış şəraitini isə daha bərabər etmək olar”.
Baş katib vurğulayıb ki, şəhərlərin düzgün planlaşdırılması xidmətlərdən, iş yerlərindən və imkanlardan eyni dərəcədə yararlanmağı təmin edir.
Pan Gi Mun xatırladıb ki, sürətli urbanizasiya problemlərinin həllinə yanaşmalar 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində yaxın vaxtlarda qəbul edilmiş gündəlikdə mühüm yer tutur. Həmin sənədin 17 bəndinin biri “şəhərlərin və digər yaşayış məntəqələrinin təhlükəsiz, etibarlı və davamlı olmasını təmin etmək” məsələsinə həsr edilib.
Baş katib vurğulayıb ki, 2016-cı ilin oktyabr ayında Ekvadorun Kito şəhərində BMT-nin mənzil və şəhərlərin davamlı inkişafı məsələsinə həsr edilmiş konfransı (III Habibat) keçiriləcək. Həmin tədbirin iştirakçıları şəhərlərin inkişafı sahəsində gündəlikdə duran yeni məsələləri müzakirə edəcəklər.
Gözlənildiyinə görə, 2050-ci ilə qədər planetimizin əhalisinin 70 faizi şəhərli olacaq.
Dünyada bu sürətli urbanizasiya bəşəriyyətin gələcəyinə çox böyük təsir göstərir. 2014-cü ildə şəhər əhalisinin sayı 3,9 milyarda çatıb. 2050-ci ildə bu göstəricinin 6,3 milyard olacağı gözlənilir.
Son illərdə dünyada meqapolislərin, yəni əhalisinin sayı 10 milyon nəfərdən çox olan iri şəhər arlomerasiyalarının sayı artmaqdadır. Lakin hələlik belə böyük şəhərlərdə yaşayan insanların nisbi sayı o qədər də çox deyil. Hazırda dünya əhalisinin 10 faizi meqapolislərdə yaşayır. Dünyada əhalisi ən sıx olan şəhər aqlomerasiyası Tokiodur. Burada 37,2 milyon nəfər yaşayır. Sonrakı yerləri Dehli, (22,7 milyon), Mexiko və Nyu-Yiork (hərəsində 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) şəhərləri tutur.