Bakı, 4 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirənin keçirilməsində məqsəd payız-qış mövsümündə yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkilidir. Həmçinin bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələrin aparılması da müşavirənin əsas məqsədlərindən olub.
Tədbirdə Binəqədi Rayonu İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri açaraq rayonda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib, bu istiqamətdə təbliğat işinin aparılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə 2014-cü il və 2015-ci ilin doqquz ayı ərzində baş vermiş yanğınların müqayisəli statistikası iştirakçıların diqqətinə çatdırılıb. Habelə dəm qazı zəhərlənmələrinin baş verməməsi üçün bacaların işlək vəziyyətdə saxlanılması, eləcə də mənzillərdə qaz cihazlarından istifadə qaydalarına ciddi əməl edilməsinin vacibliyi qeyd olunub. FHN-in əməkdaşları, həmçinin “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələrlə çıxış edib, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışıblar.
Rayon enerji təchizatı və satışı idarəsinin, qaz istismar sahəsinin, rayon mənzil-kommunal təsərrüfat birliyinin və təcili tibbi yardım stansiyasının nümayəndələri də müvafiq olaraq “Rayonun enerji təchizatının mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzularında çıxışlar ediblər.
Müşavirədə səslənmiş çıxışlara münasibət bildirən FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın təhlükəsizliyinin təmin olunması üçün sakinlər arasında təbliğat və maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb. O, təqdimatında Binəqədi rayonunda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər barədə məlumat verib.
Tədbirdə yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.