Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik: "Müğənnilər gəlirlərinə uyğun vergi ödəmirlər"

Nazirlik: "Müğənnilər gəlirlərinə uyğun vergi ödəmirlər"

Date: 11 November 2015 17:17

Vergilər Nazirliyi müğənnilərin vergiyə cəlb edilməsi ilə bağlı açıqlama yayıb.

Trend nazirliyə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində geniş məqalə dərc olunub. Məqalədə deyilir ki, Azərbaycanda da vergidən yayınan incəsənət xadimlərinin, şou-biznes nümayəndələrinin olması heç kəsə sirr deyil: "Mediada vaxtaşırı olaraq müğənnilərin xidmət qiymətləri elan edilir və "qiymət siyahıları"ndan reklam vasitəsi kimi istifadə olunur. Siyahılara nəzər yetirdikdə məlum olur ki, müğənnilər toy şənliklərində yüksək qonorar alırlar. Haqlı bir sual meydana çıxır: incəsənəti təmsil edən adamlar nə üçün ödədikləri vergilər haqqında heç nə danışmırlar? Halbuki, Avropa və Amerikanın əksər ölkələrində şou-biznes nümayəndələri dövlət büdcəsinə nə qədər vergi ödəməkləri ilə gündəmə gəlməyə üstünlük verirlər".

Qeyd olunur ki, əsas problem gəlirlərin düzgün rəsmiləşdirilməməsidir: "Görülən tədbirlərə baxmayaraq, şou-biznesi təmsil edən vergiödəyicilər arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi arzuolunan səviyyədə deyil. Cari ilin ötən doqquz ayının nəticələri təhlil olunarkən tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Əsas problem isə bu təbəqədən olan vergiödəyicilərin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan "Qeydiyyat kitabı"nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda "Qeydiyyat kitabı"nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi "kitab"a salınır".

Bildirilir ki, vergi öhdəliklərini yerinə yetirməyən şou-biznes nümayəndələrinin adları ictimaiyyətə açıqlanacaq: "Heç kimə sirr deyil ki, vergi xidməti də daxil olmaqla, bütün dövlət orqanları sənət adamlarına həmişə hörmət, diqqət və qayğı ilə yanaşıblar. Təəssüf ki, bu münasibətin qarşılığı, xüsusilə də vergilərin ödənilməsi sahəsində heç də adekvat deyil. Bahalı avtomobil və mülklərini göstərməklə özlərini reklam etdirən şou-biznes nümayəndələrinin il ərzində büdcəyə nə qədər vergi ödədiklərinə baxdıqda, bu, daha aşkar görünür. Halbuki, məsələn, toy sahibindən alınmış 1000 manata görə dövlət büdcəsinə cəmi 40 manat ödəmək onların hər birinin imkanı daxilindədir və bu, heç bir halda böyük vergi yükü hesab oluna bilməz".

Məqalədə deyilir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq, hazırda Vergilər Nazirliyi tərəfindən vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunur: "Vergilər Nazirliyi bir daha xatırladır ki, kimliyindən asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir və heç kəs öz üzərinə düşən öhdəliyə görə məsuliyyətdən azad edilmir. Təəssüflər olsun ki, hələ Azərbaycanda yüksək vergi mədəniyyətinin formalaşmasından danışmaq mümkün deyil və dövlət büdcəsinə vergi daxilolmalarının xeyli hissəsi vergi inzibatçılığı tədbirləri hesabına təmin olunur. Dünya təcrübəsi də güstərir ki, yüksək vergi mədəniyyətinin formalaşmasında tanınmış insanlar, o cümlədən incəsənət adamları, şou-biznes nümayəndələri çox böyük rol oynayırlar. Bizdə isə əksinə, bəzi tanınmışlara, o cümlədən şou-biznes nümayəndələrinə dəfələrlə izah etmək lazım gəlir ki, səngərdə Vətəni qoruyan, Dağlıq Qarabağı, digər işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etməyə hazırlaşan əsgərimizin maddi-texniki təchizatı da, təhsil və səhiyyəmi­zin vəziyyəti də, ölkəmizin şəhər və kəndlərinin, yollarımızın abadlaşdırılması və bütün sosial layihələrin həyata keçirilmə səviyyəsi də məhz büdcəyə vergi daxilolmalarından birbaşa asılıdır".

Milli.Az


Tags:  Nazirlik Müğənnilər gəlirlərinə uyğun vergi ödəmirlər


RƏYLƏR


Top news