Sumqayıt Dövlət Universitetində Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

Sumqayıt Dövlət Universitetində Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
17:18 11 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 11 noyabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov dövlətimizin başçısı İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olub. Onun geniş və səmərəli bədii yaradıcılıq yolu, elmi, pedaqoji fəaliyyəti müasir Azərbaycan ziyalılığının salnaməsində silinməz iz buraxıb.
Filologiya fakültəsinin dekan əvəzi, dosent Avtandil Ağbabalı qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayır.
Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı, universitetin qocaman müəllimi, professor Həsən Sadıqov və professor Aslan Bayramov Bəxtiyar Vahabzadə ilə bağlı xoş xatirələrini dilə gətiriblər.
Filologiya fakültəsinin II kurs tələbəsi Vüsal Şəbizadə “Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda çap olunmuş məqaləsində Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyindən söhbət açıb.
Yubiley tədbirində tələbələrin ifasında şairin şeirlərindən və poemalarından parçalar səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_Dovlet_Universitetinde_Bextiyar_Vahabzadenin_xatiresi_anilib-901068

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR