Vaqif Sultanlının "İlan əfsanəsi" Böyük Britaniyada

Vaqif Sultanlının "İlan əfsanəsi" Böyük Britaniyada
17:28 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Yazıçı Vaqif Sultanlının «İlan əfsanəsi» («The Legend of the Snake») adlı kitabı Böyük Britaniyada (London, 2015) nəşr olunub.

Trend-in məlumatına görə, müəllifin «İnsan dənizi» romanının, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitab Cavid Abbasovun tərcüməsi, tanınmış ingilis yazıçı və publisisti Michael Brannokun redaktəsi ilə nəşr edilib.

Xatırladaq ki, bu, V.Sultanlının dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman, povest və hekayələrdən ibarət olan «İnsan dənizi», «Ölüm yuxusu», «Tərs axın» və digər kitabları ABŞ, İngiltərə, Danimarka, Misir, Türkiyə, İran və başqa ölkələrdə nəşr olunmuş, habelə onun tərtibatında (Dr.İrəc İsmaeli ilə birlikdə) «Müasir Azərbaycan nəsri» (Modern Azerbaijanian Prose, Bloomington, 2012) və «Müasir Azərbaycan qadın nəsri» (Modern Azerbaijani Women’s Prose, Bloomington, 2014) antologiyaları Amerika oxucularına təqdim edilib.

V.Sultanlının «İlan əfsanəsi» kitabına daxil edilmiş «İnsan dənizi» romanında ölüm cəzasından qaçaraq yad şəhərdə gizlənmiş qəhrəmanın taleyi fonunda cəmiyyətin mənəviyyatına yoluxmuş özgələşmə, yaddaşsızlaşma problemi bədii həllini tapmışdır. Hadisə və əhvalatların ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanın süjet xəti real və şərti-metaforik üslubların qovuşuğunda gerçəkləşir.

Kitabda yer alan «Yarpaqsız budaqların yaşıl nəşməsi», «Kor düyün», «Qütb gecəsi», «Vətən», «Səhər dumanı», «Mağara», «İlğım», «Tərs axın» və başqa hekayələr orijinal, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə mənsub olduğu sosial mühitin əsirinə çevrilən insanların həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışib.

«İlan əfsanəsi» kitabına daxil edilən poman və hekayələri birləşdirən aparıcı təmayül onların ruhi-psixoloji ovqata söykənməsi, mövzu və ideya baxımından aktuallıq kəsb etməsi, cəmiyyətdə özünü büruzə verən sosial və mənəvi-əxlaqi problemlərə ciddi etiraz motivləri ilə seçilməsidir.

Kitabı sifariş yolu ilə www.amazon.com, www.waterstones.com, www.barnesandnoble.com www.lulu.com, www.books.google.com və başqa saytlardan əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2455170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR