SSRİ-nin 4 nömrəli əfsanəsi: “Qarabağ” və “Qəbələ”ni izləyirik” - MÜSAHİBƏ

SSRİ-nin 4 nömrəli əfsanəsi: “Qarabağ” və “Qəbələ”ni izləyirik” - MÜSAHİBƏ
17:49 11 Noyabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

SSRİ yığmasının və Kiyev “Dinamo”sunun sabiq müdafiəçisi, hazırda Ukraynanın U-19 millisini çalışdıran Oleq Kuznetsovun apasport.az saytına müsahibəsi

 

- Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda Azərbaycan yığmasına 4:0 hesabı ilə qalib gəldiniz. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Nəticəyə əsasən oyundan razıyıq. İlk görüşü meydan sahiblərinə qarşı keçirəcəyimizdən, çətin olacağını bilirdik. Birinci hissədə bir az çətin oldu. Amma istəyimizə çatdıq. Hesab oyuna görə olmadı. Çünki Azərbaycan millisinin çox olmasa da, yaxşı imkanları var idi. Turnir hələ yeni başlayıb, qarşıda hələ iki matçımız var. Onlar daha çətin ola bilər.

 

- Azərbaycan millisinin çıxışını necə dəyərləndirirsiniz?

- Komandanızı ilk dəfə idi görürdüm. Bu üzdən nəsə deməyə çətinlik çəkirəm. Bizim üçün bir az çətin idi. Çünki rəqib haqda heç bir məlumata malik deyildik. Nə turnirlərdə, nə yoxlama oyunlarında matçlarını izləmişdik. Ümumilikdə, Azərbaycan yığması heç də zəif deyil. Onları dərindən təhlil etmək üçün daha çox oyunlarına baxmaq lazımdı.

 

- Yığmamızın baş məşqçisi Nazim Süleymanovla hələ SSRİ vaxtından rəqib olmusunuz. Həmin dövrləri xatırlayırsınızmı?

- Bir neçə dəfə qarşılaşmışıq. Lakin üstündən çox vaxt keçib. Bu üzdən həmin görüşləri yaxşı xatırlaya bilmirəm.

 

- Matçdan sonra və ya əvvəl həmkarınızla həmin vaxtlarla bağlı söhbət etdinizmi?

- Onunla qısa söhbətimiz oldu. Ancaq daha çox müasir dövrdən danışdıq. Keçmişi heç xatırlamadıq.

 

- Artıq bir neçə gündü ölkəmizdəsiniz. Uzun müddət olmadığınız Bakı haqda ilk təəssüratlarınız necədi?

- Bakı çox dəyişib. Burda sonuncu dəfə ötən əsrin 80-ci illərində olmuşdum. 1988 və ya 1989-cu il idi. Bu müddətdə şəhər çox dəyişilib. Yeni tikililər diqqətimi cəlb etdi. İnsanlar isə olduğu kimi, mehriban qalıb. Hələlik yalnız ölkəniz haqda yalnız müsbət təəssüratlarım var.

 

- Burdakı stadionlar və idman qurğuları haqda fikirlərinizi bildirərdiniz...

- Bu barədə də yalnız xoş fikirlər deyə bilərəm. Ancaq bir məqam ürəyimcə deyil ki, süni örtüklü meydançada oynayırıq. Ukraynada hətta sərt hava şəraitində də təbii ot örtüyündə çıxış edirik. Süni meydançalarda isə yalnız 14-15 yaşına qədər uşaqlar məşq edirlər.

 

- Bakıda sonuncu dəfə ötən əsrin 80-ci illərində olduğunuzu söylədiniz. Amma Ukrayna millisində Oleq Bloxinin köməkçisi olduğunuz vaxt 2006-cı ildə yığmalarımız arasında iki oyun keçirilib. Onlardan da biri Bakıda baş tutmuşdu...

- Yanılmıramsa, Bakıdakı oyun 0:0 hesabı ilə başa çatmışdı. Ancaq üstündən 10 ilə yaxın müddət keçib, qarşılaşmanı yaxşı xatırlamıram. Mənə elə gəlir ki, həmin vaxt hansısa səbəbdən Bakıdakı qarşılaşmaya gəlməmişdim.

 

- Sonuncu dəfə Kiyev “Dinamo”sunun heyətində Bakıda gəldiyinizi söylədiniz. 80-ci illərdəki həmin görüşləri necə xatırlayırsınız?

- Açığı, yaxşı yadımda qalmayıb. Ümumiyyətlə, həmin illəri elə də yaxşı xatırlamıram.

 

- Həmin oyunlarla bağlı maraqlı bir fakt diqqətimizi çəkib. Siz adətən Bakıda keçirilən matçlarda meydançaya çıxırdınız. “Neftçi”nin Kiyev səfərlərində isə Valeri Lobanovski sizə ehtiyac görmürdü. Bu nə ilə bağlı idi?

- Oynamamağıma yalnız zədə və ya cəzalı olmağım səbəb ola bilərdi. Başqa səbəb görmürəm. Görünür, hadisələrin axarı elə olub ki, “Neftçi” ilə Kiyevdəki qarşılaşmaların çoxunu buraxmışam.

 

- Həmin dövrdə “Neftçi”nin heyətində oynayan hansı futbolçunu xatırlayırsınız?

- Daha çox İsgəndər Cavadov yadımdadı. Başqa kimi deyə bilərəm? İqor Ponomaryovu da xatırlayıram. Onunla yığmada yollarımız kəsişib. Mən millidə oynayanda, İqor olimpiya yığmasına cəlb olunurdu. Yığmalarda olarkən görüşürdük.

 

- SSRİ yığmasından söz düşmüşkən, aparıcı futbolçusu olduğunuz millidə Azərbaycan oyunçuların olmamağını nə ilə izah edərdiniz?

- Mənim millidə oynadığım 1984-1992-ci illərdə yığmaya Lobanovski rəhbərlik edirdi. O da daha çox kiyevlilərə üstünlük verirdi. Həmin illərdə təkcə “Neftçi” deyil, digər klublardan da yığmaya düşmək çətin olurdu. Hətta daha yüksək yerlər uğrunda mübarizə aparan “Spartak” və digərləri də eyni problemlə üzləşirdi. Sizin “Neftçi”yə gəlincə, SSRİ yığmasının tarixində bir neçə oyunçunuzun olduğunu bilirəm. Bunun səbəbini isə daha çox komandanın nəticələri ilə əlaqələndirərdim. Baş məşqçi ilk növbədə klubların nəticələrinə baxır. Əsasən daim ilk “üçlük”də olan komandalara üstünlük verilirdi. Həm də hər məşqçinin özünün daha çox diqqət ayırdığı komanda olur. Lobanovskinin dövründə bu, Kiyev “Dinamo”su idi, Konstantin Beskovun vaxtında “Spartak”, Eduard Malafeyevin dövründə isə Minsk “Dinamo”su yığmada üstünlük qazanmışdı.

 

- Bir müddət əvvəl sizin keçmiş komanda yoldaşınız Renat Dasayev Bakıda olanda, Vəli Qasımovu onun yanında gördük. Siz hansısa veteranla görüşmüsünüzmü?

- Hələlik yox. Xüsusi olaraq, gözlədiyim kimsə də yoxdu. Moskvaya gedəndə Dasayev Vaqis Xidyatullinlə görüşürük. Burda isə elə bir adam yoxdu. Yığmada oynamış futbolçunuz olsaydı, onunla görüşməyim xoş olardı.

 

- Amma ölkəmizdə həmyerliniz Roman Qriqorçuk çalışır. “Qəbələ”də uğurlu olan həmkarınızla görüşməmisiniz?

- Onun sayəsində Azərbaycan futbolu haqqında daha çox məlumatımız var. Əvvəl, ümumiyyətlə, futbolunuz haqda heç nə bilmirdik. Onun bura gəlişindən sonra “Qarabağ”, “Qəbələ” və digər komandalardan xəbərimiz var. Artıq onların nəticələrini izləyirik.

 

- Belə çıxır ki, “Qəbələ”nin çıxışlarını yaxından izləyirsiniz. Həmyerlinizin işini necə qiymətləndirirsiniz?

- Məncə,  komandaya yeni nə isə gətirib. “Qəbələ” Avropa Liqasında uğurlu çıxış edərək, qrup mərhələsinə yüksəlib. Ölkə çempionatında da ikinci pillədə qərarlaşır. Bu gedişlə gələn mövsüm də avrokuboklarda mübarizə aparacaq. Onun işini müsbət qiymətləndirirəm. Məşqçi üçün əsas olan nəticədi. Bildiyimə görə, o, komandanın “sükanı arxası”na keçəndə “Qəbələ” turnir cədvəlinin ortalarında qərarlaşırdı. Lakin onun gəlişindən sonra komanda yuxarı pillələrə yüksələ bilib.

 

- Onunla yollarınız kəsişibmi?

- Bu, hələ yeniyetmələrin futbolunda oynadığımız vaxtlara təsadüf edib. Bir komandada olmasaq da, eyni liqada çıxış edirdik. Sonradan isə mən karyeramı başa vuranda, Qriqorçuk hələ oynayırdı. Ancaq elə də yaxın münasibətimiz yoxdu.

 

- Son vaxtlar Qriqorçukun adı yığma ilə birgə çəkilir...

- Bu, artıq sizin qərarınızdı.

 

- Söhbət Azərbaycan yox, Ukrayna millisindən gedir...

- Nəsə deyə bilmərəm. Çünki hər şey Sloveniya ilə keçiriləcək pley-off oyunlarından asılıdı. Komandamız final mərhələsinə yüksəlsə, Mixail Fomenko postunda qalacaq. Əgər bacarmasa, onda necə olacağını bilmirəm. Çünki bizdə indi vəziyyət elədi ki, federasiyada prezidentlər dəyişir. Onların hər biri də gələndə öz məşqçisini gətirir.

 

- Necə düşünürsünüz, Qriqorçuk bu vəzifəyə təyin olunsa, yığmanıza nəsə verə bilərmi?

- Qriqorçuk yığmaya gəlsə, niyə də olmasın? O, təkcə “Qəbələ”də deyil, “Çernomorets”də də uğurlu fəaliyyət göstərib. Qriqorçuk Odessada işləyərkən orta səviyyəli futbolçulardan elə komanda qurmuşdu ki, onlar təkcə Ukraynada deyil, Avropada da yaxşı çıxış etmişdilər. Güclü mütəxəssisdi, təcrübəsi də var. Hətta Latviyada da çalışıb. Məncə, millidə işləməyə layiqdi.

 

- Bəs “Qəbələ”də çıxış edən ukraynalı futbolçuları tanıyırsınızmı?

- Aleksey Qayla hələ yığmadan tanışam. 2002-ci ildə Leonid Buryakın köməkçisi olduğum vaxt o, yığmaya cəlb olunurdu. Qay və Aleksey Antonov yığmada olduğum zaman komandaya çağırılıb. O qədər çox oyun keçirməsələr də, orda onlarla yaxından tanış olmuşam.

 

- Azərbaycan çempionatında hazırda fasilə yarandığından, ukraynalı futbolçular vətənlərinə yollansalar da, Qay Azərbaycandadı. Onunla görüşməmisiniz?

- Biz fərqli nəsillərin nümayəndələriyik. Bu üzdən görüşməyimiz gündəmdə deyil. Mən bura yığma ilə müəyyən vəzifənin öhdəsindən gəlmək üçün gəlmişəm. Gəzməyə çox vaxtım yoxdu.

 

- Qriqorçuka qədər futbolumuz haqda o qədər məlumata malik olmadığınızı dediniz. Halbuki digər həmyerliləriniz də ölkəmizdə çalışıb. Anatoli Konkov, həmçinin birlikdə çıxış etdiyiniz Anatoli Demyanenko, Sergey Yuran... Onların karyerasından xəbəriniz varmı?

- O dövr haqda məlumatım çox azdı. Əvvəl informasiyamız çox cüzi idi. İndi isə Qriqorçuk tez-tez Ukrayna mətbuatına müsahibələr verir, futbolunuz haqda daha çox bilgiyə malik oluruq.

 

- Ukraynalı futbolçu Pavel Paşayev artıq neçə aydı yığmamıza cəlb olunub. Sizcə, o, millimizi gücləndirə bilərmi?

- Yığmanıza o qədər bələd deyiləm. Ara-sıra oyunlarının fraqmentlərini görmüşəm. Sonuncu dəfə Rusiya ilə keçirdiyi matça baxmışam. Paşayev pis oyunçu deyil, “Dnepr”də də normal çıxış edib. Düşünürəm ki, yığmanıza fayda verəcək gücdədi. Bu haqda nəsə demək üçün həm yığmanızı, həm də çempionatınızı daha yaxşı izləmək lazımdı.

 

- Belə çıxır ki, daha çox məhz “Qəbələ”ni izləyirsiniz. Avropa Liqasında sona iki tur qalmış növbəti mərhələyə yüksəlmək üçün nəzəri şanslar qalıb. Sizcə, Qriqorçuk nəsə edə bilərmi?

- Demək olar ki, onların şansı yoxdu. Onların “Borussiya” (Dortmund) ilə Bakıdakı görüşünü izləmişəm. Matça çox yaxşı başladılar, ilk 15 dəqiqədə 2 dəfə qapıçı ilə təkbətək çıxdılar. Hesabı aça da bilərdilər. Lakin ilk qoldan sonra komanda artıq ruhdan düşmüşdü. Təbii ki, nəzəri şanslar qaldığından, sona qədər mübarizə aparacaqlar. Ancaq çətin ki, mərhələ adlaya bilsinlər. Amma bu, böyük bir təcrübədi. Son iki görüş də komandanın yalnız xeyrinə olacaq.

 

- Ölkəmizdə bir çox ukraynalı məşqçilər çalışıb. Gələcəkdə sizin də adınız onların siyahısında ola bilərmi?

- Məşqçi işi elədi ki, bu gün burdasan, sabah harda olacağını bilmirsən. Bir həftə sonra işsiz də qala bilərsən. Mənim dövrümün futbolçularının əksəriyyəti indi işsizdi. Təklif olsa, fikirləşməyə dəyər.

 

- Sabah AVRO-2016-nın pley-off mərhələsinə start verilir. Ukrayna yığması Sloveniya ilə iki görüş keçirəcək. Bu qarşılaşmalardan nə gözləyirsiniz?

- İki oyundan ibarət pley-off duelləri heç vaxt asan olmur. Sloveniya millisi də yaxşı komandadı. Əksər futbolçuları legioner kimi ölkə xaricində çıxış edir. Ukrayna yığmasının üzərində isə təzyiq var ki, hər dəfə pley-offda uduzur. Artıq 5-6 belə pley-off görmüşük. İlk görüşün Lvovda olması xeyrimizə deyil. Amma hər şey ola bilər. 3-4 qolla cütün taleyini burda həll etmək olar. Qalib gəlib final mərhələsinə yüksəlmək yığmamızın nüfuzu üçün həm faydalı, həm də Ukrayna üçün vacibdi. Çünki bir nəsil futbolçu heç bir böyük turnirdə iştirak etmədən karyerasını bitirmiş ola bilər. Final mərhələsinə vəsiqə bəzi futbolçularımızın Qərbə yolunu da aça bilər. Həm də məlum hadisələrdən sonra Ukrayna futbolunun səviyyəsi aşağı düşüb. Oyunlara da azarkeşlər əvvəlkindən az gəlir. Qələbə bütün bunları müsbət tərəfə dəyişə bilər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR