Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Ölkə başçısı öz çıxışında fəaliyyətimiz üçün elmi prioritetləri müəyyənləşdirdi

Ölkə başçısı öz çıxışında fəaliyyətimiz üçün elmi prioritetləri müəyyənləşdirdi

Date: 11 November 2015 18:05

Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Müasir dövrdə inkişafın əsasında elm və təhsilin rolunu və elmi-texniki tərəqqinin əhəmiyyətini ciddi bir faktor kimi qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin və elmi işçilərin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Fundamental elm ümumbəşəri xarakter daşısa da, elmi tədqiqatların prioritet (öncül və ya üstün) istiqamətlərini müəyyən edərkən Azərbaycan alimləri milli maraqları ön plana çəkirlər. Ölkə alimlərinin son illər əldə etdikləri qiymətli elmi nəticələrin sayı artmaqda, dünya elminə verdiyi töhfələrin isə əhəmiyyəti yüksəlməkdədir. İldən-ilə elm insanları Azərbaycanın siyasi-iqtisadi və mədəni həyatında mühüm mövqelər qazanmaqdadırlar.

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən modernləşmə kursu alimlər qarşısında elmin daha da vüsətlə inkişaf etdirilməsi və müasir reallıqları elmi əsaslarla dərindən tədqiq etmək və alınan nəticələri tətbiq və təbliğ etmək kimi mühüm vəzifələr qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin elmin inkişafına və elm xadimlərinə olan xüsusi diqqət və qayğısı siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin şəxsiyyəti, alim və siyasətçi səriştəsi və beynəlxalq aləmdəki günbəgün artan nüfuzu Azərbaycanın elm potensialının fövqündə dayanaraq, onun inkişaf yoluna işıq salır. O, alimə həmişə yüksək qiymət verir. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanmasıdır.

Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividentlərə bağlamır, həm də resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi və yürüdülən sistemli siyasət elmin, texnologiyanın və təhsilin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tələblərinə cavab verən çevik islahatlar aparmağa, bu sahədə uğurlar qazanmağa imkan yaratmışdır.

Ölkədə elmin inkişafını xalqın firavan gələcəyini təmin edən əsas amillərdən biri hesab edən Prezident İlham Əliyevin 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda proqram xarakterli çıxışı elmin inkişafı üzrə strateji hədəfləri və prioritetləri müəyyənləşdirmişdir.

Ölkə başçısı 70 ildə Akademiyanın böyük və uğurlu yol keçdiyini, ölkəmizin intellektual potensialının möhkəmlənməsinə və kadr hazırlığı işinə çox dəyərli töhfələr verdiyini, ölkəmizin ümumi inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirdiyini vurğulayıb.

O, ölkəmizin gələcəyinin elmi potensialın səviyyəsi ilə bilavasitə bağlı olduğunu qeyd edərək deyib ki, Azərbaycan alimləri gələcəkdə də ölkəmizin hərtərəfli inkişafında daha fəal rol oynamalıdırlar. Prezident Azərbaycanda inkişafın elmin səviyyəsi ilə də bağlı olduğunu, dövrümüzün yeni texnologiyalar əsri olduğunu xüsusi qeyd edib.

Azərbaycanda elmin inkişafı bu gün dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni, milli təhlükəsizlik və digər sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan təbiət, texnika, dəqiq, ictimai və humanitar elmlərin, fənlərarası problemlərlə əlaqəli araşdırmaların inkişafı, fundamental və tətbiqi elmlər üzrə tədqiqatların genişləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir, maddi-texniki baza gücləndirilir. Bu məsələlərin həllində cənab İlham Əliyev tərəfindən yaradılmış Elmin İnkişafı Fondunun müsabiqələr yolu ilə maliyyələşdirdiyi qrant layihələrinin də xüsusi rolu və əhəmiyyəti vardır.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Prezident İlham Əliyev elmin inkişafı üzrə milli strategiya və dövlət proqramının icrasından danışarkən qeyd edib: "... Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir...."

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini daim diqqət mərkəzində saxlayaraq icra edən Elmin İnkişafı Fondu yerli və beynəlxalq qrant müsabiqələri təşkil edərək keçirməklə elmin müxtəlif istiqamətləri üzrə ən müasir texnologiyaların Azərbaycana gətirilməsinə və tətbiqinə öz xüsusi töhfəsini verir. Fondun böyük maliyyə həcmli pilot və maddi-texniki təminat xarakterli qrant layihələri, kompleks və multidissiplinar elmi-tədqiqat layihələri çərçivəsində ən modern cihaz və qurğular, elektron və digər avadanlıqlar, İKT avadanlıqları, həmçinin komplektləşdirmə məmulatları, reagentlər və s. Fond tərəfindən alınaraq layihələr üzrə istifadə üçün alimlərə verilir, eyni zamanda bu cihazlar və s. ilə işləmək üçün kadr hazırlığı işi də həyata keçirilir, alim və mütəxəssislər xarici ölkələrə ixtisasartırmaya və təcrübəkeçməyə göndərilirlər. Bu imkan verir ki, ölkə başçısı dediyi kimi, alimlərimiz indi və gələcəkdə öz işlərini müasir texnologiyalar əsasında daha səmərə ilə qura bilsinlər. Fond tərəfindən alınaraq istifadəyə verilmiş cihaz və avadanlıqlar əsasında artıq bir sıra elmi-tədqiqat institutlarında və universitetlərdə fizika, geologiya, tibb, kimya və s. elm sahələrində ən müasir innovasiya mərkəzləri və laboratoriyalar yaradılıb və kollektiv istifadəyə verilib. Qeyd etmək lazımdır ki, Fond bir qayda olaraq elmi cihaz, avadanlıq, qurğular istehsal edən aparıcı şirkətlərin (Avropa, Yaponiya, Amerika və s.) məhsullarına üstünlük verilir. Bu iş, cənab Prezidentin tapşırıqları nəzərə alınmaqla gələcəkdə də daha böyük vüsətlə davam etdiriləcək.

Elmin İnkişafı Fondu ölkə başçısının tövsiyələrini əldə rəhbər tutaraq, beynəlxalq əməkdaşlığı daha da dərinləşdirmək, xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi-praktik tədbirlər keçirilməsi sahəsində mövcud fəaliyyətini daha da intensivləşdirəcəkdir. Fond kadr potensialının hazırlanması işində daha da fəal olacaqdır.

Elm və təhsil - bilik, müasirlik, savad, gələcəyə açılmış qapılar deməkdir. Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin inkişafında və ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür.

Son illərdə dövlət səviyyəsində görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda elm və təhsil sahəsində böyük nailiyyətlərə imza atılacaqdır. Hər bir alim, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar elm və təhsil qarşısında duran, xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yubiley yığıncağında dediyi kimi "...mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni, elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir..."

Cənab İlham Əliyevin şəxsiyyəti, alim və siyasətçi səriştəsi və beynəlxalq aləmdəki günbəgün artan nüfuzu Azərbaycanın elm potensialının fövqündə dayanaraq, onun inkişaf yoluna işıq salır, alimə həmişə yüksək qiymət verir.

Elmin İnkişafı Fondu növbəti qrant müsabiqələrini təşkil edərək keçirərkən cənab İlham Əliyevin yubiley yığıncağındakı proqram çıxışında qarşıya qoyulan vəzifə və tapşırıqları, tövsiyə və ideyaları öz fəaliyyətində rəhbər tutacaq, ölkədə elmin inkişafının prioritet istiqamətləri olaraq qəbul edəcəkdir. Bunların sırasında kosmik və müdafiə məsələləri üzrə tədqiqatlar, kənd təsərrüfatı üzrə araşdırmalar, iqtisadi təhlükəsizlik, iqtisadiyyatın yeni modeli, sənaye parkları, ərzaq təhlükəsizliyi və demoqrafik vəziyyətlə bağlı tədqiqatlar, multikulturalizm, dini dəyərlər, dilçilik, tarix, humanitar tədqiqatlar xüsusilə önəmli olacaqdır.

Azərbaycanda elm və təhsilin sürətli inkişaf tempi imkan verəcəkdir ki, cənab İlham Əliyevin dediyi kimi, tez bir zamanda Azərbaycan ixtira olunan elmi nailiyyətlərin istifadəçisi yox, müəllifinə çevrilsin, Azərbaycan regionun elmi mərkəzi statusu qazansın.

Bu yolda Elmin İnkişafı Fondunun ən ülvi məqsədi və vəzifəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin modernləşmə kursuna sadiq qalmaqla Azərbaycan xalqının rifahına və tərəqqisinə, dövlətin möhkəmləndirilməsinə, ölkədə elmin inkişafına, elmin yüksək xətlə inkişaf strategiyasının müəyyənləşdirilməsinə, elmin flaqmanı olan Azərbaycan alimlərinin elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə və Azərbaycanda elm sahəsində dünya miqyaslı elmi nəticələrin alınmasının reallaşdırılmasına və bu nəticələrin öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət etməkdir. Bunlar isə öz əksini Elmin İnkişafı Fondunun fəaliyyətini və məramlarını tam şəkildə əks etdirə biləcək aşağıdakı devizində tapmışdır: "Elm - inkişaf, rifah və gələcək naminə!"

Elçin Babayev

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru 

Trend


Tags:  Ölkə başçısı öz çıxışında fəaliyyətimiz elmi prioritetləri müəyyənləşdirdi


RƏYLƏR


Top news