Azərbaycan Dövlət İqtisad Universitetində “Elm günləri”nə başlanılıb

Azərbaycan Dövlət İqtisad Universitetində “Elm günləri”nə başlanılıb
18:18 11 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC 
Noyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Dünya Elm Gününə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm günləri”nə başlanılıb.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov “Elm günləri”nin universitetdə elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə atılan addımlardan biri olduğunu diqqətə çatdırıb. Tədbirin, həmçinin AMEA-nın 70 illik yubileyinə həsr edildiyini vurğulayan rektor bildirib ki, bu münasibətlə ADİU-nun gənc tədqiqatçıları və tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacaq, qaliblər mükafatlandırılacaqlar.
Ə.Muradov ötən dövr ərzində ADİU–da elmi tədqiqat infrastrukturunun yaradılması istiqamətində atılan addımlardan danışıb. Qeyd edilib ki, universitetdə bir neçə elmi tədqiqat laboratoriyası yaradılıb. İndi həmin laboratoriyalarda məhsuldar işləyə biləcək tədqiqatçıları seçirik.
ADİU-da elmi fəaliyyətin stimullaşdırılması yönündə atılan addımlardan söz açan rektor ölkə ali təhsil müəssisələri arasında ilk dəfə differensial əməkhaqqı sisteminə keçiddən danışıb. Onun sözlərinə görə, yeni sistem şərait yaradır ki, müəllimlərin elmi tədqiqatlarına uyğun olaraq, əməkhaqqılarına əlavələr edilsin. Sistemə əsasən müəllimlərin məvacibi iki dəfə artırıla bilər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan söz açıb.
AMEA-nın tarixinə qısa nəzər salan İ.Həbibbəyli akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında böyük rol oynayıb. Hansı ölkədə elm yüksək səviyyədə inkişaf edibsə orada dövlətçilik də, cəmiyyət həyatının digər sahələri də həmişə öndə olub. Elmin öyrənilməsində müəllimlərin rolu əvəzsizdir.
Sonra ADİU-nun İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu direktorunun müavini, professor Rövşən Quliyevin “Elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, “Elm günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. İxtisas kafedralarında tematik “dəyirmi masa”lar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Iqtisad_Universitetinde_Elm_gunlerine_baslanilib-901096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR