Müğənni Aysel Əlizadə: “Arxanda həqiqətən güclü bir insan olmalıdır”

Müğənni Aysel Əlizadə: “Arxanda həqiqətən güclü bir insan olmalıdır”
18:39 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

“İki il yoxa çıxdım. Həmin dönəmdə məni əməlli-başlı geri itələdilər. Amma o iki ildə heç nə itirmədim, əksinə qazandım, o da təhsilim oldu. Həmin iki ildə canım, gözüm deyən insanlar tamamilə yoxa çıxdı”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişində qonaq olan gənc müğənni Aysel Əlizadə deyib.

 

O, səhnədən uzaq qaldığı müddətdə ailəsinin ona çox dəstək olduğunu açıqlayıb: “Kiməsə dərdimi danışmağı, paylaşmağı sevmirəm. Adətən, öz içimdə çəkirəm. Elə bir zəmanədir ki, heç kim dərdini açıb demək istəmir. Çünki dəstək olmaq əvəzinə, üzünə gülüb, dərdini lağa qoyurlar. Buna görə heç kimlə dərdləşmək mümkün deyil. Səhnədən uzaq qaldığım zamanda özüm-özümü motivasiya etdim və ən önəmlisi, həmin müddətdə tamaşaçılardan dəstək gördüm. Gənc olmağıma baxmayaraq, mənim sənətimə tələbat oldu. Bu mənə güc verdi. Həm də insanın özündən çox şey asılıdır. Çətin zamanlarımda yanımda anam və bacım oldu. Hərdən anamla dalaşıram, deyirəm ki, “sən mənim psixologiyamı hələ də anlaya bilməmisən. Amma ailə heç zaman pis yola yönəltməz”.

 

Gənc müğənni deyib ki, müasir dövrdə həm ailə qurmaq baxımından, həm də elə tamaşaçıların münasibəti baxımından sənətdə olmaq çox çətindir: “Mən sənətlə ailə arasında seçim etməli olsam, ailəni seçərəm. Seçimimə baxmayaraq mütləq incəsənətin içində olmalıyam. Düzdür, arenadan çəkiləcəyəm, amma bu və ya digər şəkildə bu sahədə qalmaq istəyirəm. Gələcəyi düşünərək ilk addımı Mədəniyyət və Turizm Nazirliyindən atdım. Ailə mənim üçün çox önəmlidir. Dünyada müğənnilərə olan hörmət Azərbaycanda yoxdur. Bu da bizi incidir. Həvəsimiz ölür və ailəyə meylli oluruq. Ailə qursam, yaxşıdır. Elə hallar baş verir ki, düşünürsən ki, hansı insanların əhatəsində imişəm? Amma tamaşaçı sevgisi gördüyün zaman, buna o qədər də əhəmiyyət vermirsən. Məsələn, Röyanı sevirlər, amma nə oldu? Başladılar baltalamağa. İnsanı peşman edirlər. Beyonce, ya başqa müğənni gələndə mentalitet yada düşmür. Yaxud evdə övladları onların kliplərini izləyəndə problem olmadı. Amma biz elə geyinsək, hamı başlayır mentalitetdən, tərbiyədən, əxlaqdan danışmağa. Gedirsən, əziyyət çəkirsən fotosessiya edirsən, amma yazırlar ki, “burada qocaya oxşayırsan, burada beləsən, orada eləsən”. Vecinə olmasa da, ruhdan düşürsən. Əhli kef insanlar deyilik, bizim də ürəyimiz var”. 

 

Aysel Əlizadənin sözlərinə görə, bu gün müğənnilərin gözdən düşməsinin səbəblərindən biri də insanların onlara şübhə ilə yanaşmasıdır: “Bəzi türk müğənniləri adiləşiblər. Toylarımızda da iştirak edirlər. Onların bir məqsədi var - Azərbaycan toylarına girmək. Çünki bizimkilər onlara yaxşı pul verirlər. Amma öz müğənnilərimizə tərəddüdlə yanaşırlar. Biz bir-birimizin qədrini bilməliyik. Ümumiyyətlə, bu gün ortaya çıxmaq çətin məsələdir, bunun üçün arxanda həqiqətən, güclü bir insan olmalıdır”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR